Dünya güc qarşısında acizdir

18:44 11-10-2019 45

Şahnaz Salehqızı
[email protected]

Güclülər zəifləri istismar edir

Dünya şirini, acısı ilə haram və fani, heç kimə qalmayan dünyadır. "Yaşamaqdan doydum" deyən insana rast gələn hələ yoxdur. İllərin, ayların, günlərin, saatların  sürətlə ötməsinə baxmayaraq, heç nə dəyişməyib, necə varsa, eləcə də qalır. Hər an dəyişən və özü ilə bərabər dünyanı da dəyişdirən yeganə qüvvə insandır. İnsan bəşəriyyətin həm əşrəfi, zinəti, düzən verəni, həm də başının bəlası, dünya nemətlərinin hərisi, eyş-işrət düşgünü, fani dünyanın bəlkə də, ən təhlükəli düşmənidir. İnsan eyni zamanda, Allahın yaratdığı varlıqlar arasında ən yüksək şüura malik güclü varlıqdır. Lakin şüursuz, dərk etmək, düşünmək qabiliyyəti olmayan məxluqların dünyada etmədiyi ən pis, mürtəce hərəkəti belə, çox asanlıqla edən də, məhz insandır!

Allah insanın cənnətə düşməsi üçün nə lazımdırsa, hamısını peyğəmbərlər və onlara verdiyi kitablar vasitəsilə aydın şəkildə göstərib. Buna baxmayaraq, insan şüurlu olduğu halda, Allahın haram buyurduğu hərəkətləri çəkinmədən edir, buyurmadığı yeməkləri yeyir, zina, oğurluq, rüşvət, sələm, qeybət, yalan və digər bu kimi insanı cəhənnəmə aparan pis əməllər edir. İnsan nəfsinin və şəhvətinin quluna çevrilib, nə yazıq ki, bu yolla əbədi olaraq cəhənnəmi seçir.

Allah insana yüksək yaradıcılıq qabiliyyəti verməklə yanaşı, onu ağır imtahana, sınağa çəkib. Bu qabiliyyət hesabına insan bomboş dünyanı özü üçün gözəl, yaraşıqlı, rahat yaşayış məskəninə çevirib. Yer üzündə böyük meqapolislər salıb, çox sayda insan məskunlaşdırıb, yeraltı və yerüstü sərvətləri üzə çıxarıb, müxtəlif təyinatlı nəqliyyatlar icad edib. Bu günsə kosmosda həyat axtarır, digər planetlərdə yaşayışın mümkün olub- olmadığını öyrənmək üçün tədqiqat aparır.

Eyni zamanda, insan dünyanı bir neçə dəqiqə ərzində məhv etmək gücünə malik olan dəhşətli kütləvi qırğın silahları icad edib. Hazırda insanlığı, dünyanı məhv etmək üçün kifayət qədər bioloji, kimyəvi, atom, hidrogen nüvə silahlarının ən yeni növlərini yaradıb insan. Bir sözlə, insan öz həmcinsi  üzərində hökmranlıq edərək, digərlərini istismara məruz qoymaq naminə bəşəriyyətin modern silah və metodlarından istifadə edir.

İnsanın zülm və istismara can atması heç də yaxşı əlamət, Allahın bəyəndiyi iş deyil. Allah insanı insanın dostu, yoldaşı, qardaşı kimi görmək istədiyi halda, onların bir-birinə xeyir yox, ziyan verməsini qəbul etmir və lənətləyir.

Hazırkı dünyamız çox yanlış inkişaf yolu ilə gedir. Allah tərəfindən bərabər, azad yaradılmış insanların imkanlı qisminin imkansızlar üzərində ağalığa can atması, onları istismar edib, həyatını məhv etməyə cəhd etməsi Allahın və insanlığın istəyinə uyğun deyil və qəbul edilmir.

Dünya düzəni, düzülüşü güc əsasında qurulub. ABŞ, Avropa, Çin və Rusiya dünyanın güc mərkəzləridir. Bu güc mərkəzləri dünyanın digər dövlətlərini öz ətrafına cəlb etmək uğrunda yorulmadan mübarizə aparır. Dünyanın güc mərkəzləri sayılan dövlətlərin hər biri qanunun aliliyi, insan haqları və demokratiyadan silah kimi istifadə edərək, digərlərini bu prinsipləri pozmaqda suçlayır. Bu yolla rəqibini zəif salıb, onu sıradan çıxarır, iqtisadi qüdrətinə şərik olmağa çalışır.

İstənilən dövlətin daxilində gedən siyasi proseslərdə də onlar arasında gedən rəqabətdə oxşar hadisələr baş verir. Kimin güclü olduğu isə hakimiyyətlə müxalifət arasında xalqın dəstəyi uğrunda gedən gərgin mübarizə nəticəsində müəyyən olunur.

Azərbaycan dünyanın inkişaf etməkdə olan dövlətləri sırasında yer alsa da, hələ də ərazi bütövlüyünü təmin edə bilmir. Çünki ölkəmiz yuxarıda saydığım güc mərkəzlərindən yalnız Rusiyaya yaxın olsa da, Rusiya Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında maraqlı deyil. Rusiya açıq şəkildə ərazilərimizin ermənilər tərəfindən işğal olunmasına daim yardım edir. Rusiya hazırda müharibə mühitini dondurub həm Azərbaycanı, həm də Ermənistanı özündən asılı vəziyyətdə saxlayır. Hər iki dövlətə köhnə silahlarını satır, Azərbaycanın müstəqil siyasi, iqtisadi inkişafına, dünyaya inteqrasiyasına ciddi əngəllər yaradır.  Ermənistanın ərazisindən, coğrafi mövqeyindən hərbi məqsədlər üçün istifadə edir.

Rusiyanın güc mərkəzi kimi daha da güclənməsi hazırda region dövlətlərə sərf etmir, əksinə, Rusiya gücləndikcə, region ölkələrə ciddi problemlər yaradır. Postsovet məkanında olan dövlətlərin hər biri hazırda Rusiyanın təcavüzünə məruz qalır, hətta ərazilərini itirmək təhlükəsilə üzləşib. Ukrayna, Gürcüstan, Moldova Rusiyanın birbaşa hərbi müdaxiləsi nəticəsində, Azərbaycan isə dolayısı ilə ərazilərinin bir hissəsini itirib. Bu ölkələr hazırda işğal olunmuş ərazisini geri almaq uğrunda mübarizə aparır.

Əziz oxucu, yəqin ki, təhlildən aydın görürsən və mənimlə razılaşırsan ki, dünya insanlığa, mənəviyyata, humanizmə yox, gücə təslim olub, güc qarşısında acizdir. Buna görə də həyatda insan kimi normal yaşamaq üçün güclü və mübariz olmaq hər kəsin devizinə çevrilib. Gücün mənbəyi isə Allahdır, haqq-ədalətdir! Allahın buyurduğu kimi yaşamaq güclü olmağın yeganə yoludur. Allahın islam dini vasitəsilə müəyyən etdiyi həyat və insanlıq meyarlarını kənara qoyub, haram yolla vəhşi güc qazanan istənilən şəxs, yaxud, siyasi qüvvə, dövlət faciəvi sonluğa məhkumdur!

Allah hər birimizi, dinimizi, dövlətimizi vəhşi güc qazanmaq üçün hər cür eybəcərliyə əl atan, xalqı normal yaşamaq imkanından məhrum etməyə çalışan məmurların xətasından qorusun, millətimizin iradəsinə, dövlətimizin gücünə güc qatsın!