DƏYİŞƏN AZƏRBAYCAN… – Olmaz deyirdilər, olurmuş!

15:37 01-11-2019 90

Uzun illər ali hakimiyyət öz içindəki qüdrətli, “odda yanmaz, suda batmaz” qüvvələrdən, məmurlardan asılı olmaqda ittiham edilib.

Uzun illər bu qüvvələrin ölkənin elmdən, təhsildən tutmuş iqtisadiyyata, biznesə, icra strukturlarına qədər hər bir sahədə şaxələnərək, kök saldığı bildirilib.

Uzun illər korrupsiyanın, məmur özbaşınalığının, regionçuluğun, qohumbazlığın, kobud gücə, məddahlığa söykənən siyasi ritorikanın cəmləşdiyi təfəkkürün əsas “istehsalçısı” məhz bu qüvvələr sayılıb.

Uzun illər özlərini ağıllı sayanlar, məlumatlı, siyasi cəhətdən bilikli göstərənlər həmin qüvvələri və onların başında duranları “bunlar ölənədək vəzifədə qalacaqlar”, “heç nə düzələn deyil”, “nə qədər ki, filan ölkə var, filankəsə heç kim bata bilməyəcək” və s. kimi təqdim edərək, cəmiyyəti ümidsizliyə düçar ediblər.

Uzun illər kütlə psixologiyasına, insanların emosional durumuna, narazılığına stavka edənlər isə belə fikir formalaşdırmağa çalışıblar ki, bu vəziyyəti yalnız inqilab düzəldə bilər –Ukraynada oldu, Gürcüstanda oldu, Ermənistanda belə oldu, bizdə niyə olmasın?!

Ancaq son dönəmdə baş verənlər göstərir ki, inqilaba doğrudan da ehtiyac olub və var. Ancaq “qaş düzəldən yerdə göz çıxaran”, kütlələrin meydana axışdığı, qardaş qanı tökülən, əldə olunan az-çox nailiyyətləri də məhv edən, iqtisadiyyatı çökdürən, nəticədə sadəcə kimlərdənsə heyf çıxıb “of” deməkdən başqa heç bir ciddi müsbət nəticə verməyəcək, ölkəni geri atan inqilablara, təlatümlərə yox, idarəçilikdəki təfəkkürdə, işə yanaşmada baş verməli olan inqilaba ehtiyac var. Bunun adına islahat da demək olar.

Sağlam, soyuqqanlı, emosiyalardan və nifrətdən uzaq düşüncə deyir ki, Azərbaycanda məhz aşağıların yox, yuxarıların başladacağı və uğurla bitirəcəyi inqilaba, islahata ehtiyac olub. O islahata ki, ölkədə iqtisadi azadlığa, sosial ədalətə, rəqabət mühitinə və digər azadlıqlara geniş yol açmalıdır.

Bu gün müşahidə etdiyimiz mənzərə göstərir ki, Azərbaycanda məhz belə bir islahatın, dəyişikliyin başladığından danışmaq olar.

001

Bu gün müşahidə etdiyimiz mənzərə göstərir ki, bir vaxtlar “bunlar düzələn deyil” dediyimiz istiqamətlərdə - vergidə, gömrükdə və bürokratik əngəllər, korrupsiya qalalarına çevrilən digər bir çox sahələrdə ciddi dönüş yaradılması mümkün imiş.

Bu gün müşahidə etdiyimiz mənzərə göstərir ki, yavaş-yavaş, bir qədər könülsüz də olsa bu ölkəyə istefa mədəniyyəti ayaq açmağa, gəlməyə başlayıb. Doğrudur, vəzifəsilə vidalaşanların heç də tam əksəriyyətinin bunu könüllü etdiyini düşünmək sadəlövhlük olardı.Ancaq onların arasında abırına sığınanlar, reallığı anlayanlar da olmamış deyil…

Doğrudur, bu ölkənin hələ “əl gəzdirilməli” olan məhkəmə, ədliyyə sitemi, icra hakimiyyəti strukturları, əmlak, yol polisi və digər sahələri var. Hələ də büdcəni talayan, tender adı ilə milyonları qəsb edən işbaz məmurları, bərbad bank sektoru, məmur-oliqarxların at oynatdığı biznes mühiti var bu ölkənin.

Ancaq əsas məsələ başlamaqdır. Türklər “başlamak başarmakdır” deyirlər. Bəs son dövrdə atılan addımlar başlanğıc sayıla bilərmi? Əgər müəyyən sahələrdə korrupsiya, özbaşınalıq, məmurların harın davranışları yığışdırılıbsa, niyə də bu, başlanğıc sayılmasın? Yetər ki, tam səmimi olaraq xalqa xidmət niyyəti güdülsün, ardıcıllıq və qətiyyət göstərilsin….

Doğrudan da bu ölkənin kəndlərdə övladını məktəbə göndərməyə pul tapmayan valideynindən tutmuş, şəhərdə həyatının ən gözəl günlərini kirayələrdə keçirməli olan və imkansızlıq ucbatından hər an dağılmaq təhlükəsilə üz-üzə qalan gənc ailələrinə qədər, bütün sosial təbəqələrinin güzəranına təsir edəcək islahatlara ehtiyacı var.

Və məhz gerçək islahatlar küçələrə çıxmağa, döyüb-döyülməyə, zorakılığa, söyüşə, təhqirə və millətimizə yaraşmayan, baxdıqca ürəyimizi ağrıdan mənzərələrin yaranmasına yol açan mühitə və bu mühitin yaranmasında maraqlı olan elə həmin qara niyyətli qüvvələrə ən doğru cavab olar…

“AzPolitika.info”