Ramiz Zeynalov da istefa ərizəsi yazacaq? DYP şefinin 25 illik imperiyasına son qoyulur

17:03 01-11-2019 145

Ölkədə Cənab Prezidentin həyata keçirdiyi son kadr islahatları, icra aparatının daha effektiv məhsuldar işləməsi üçün münbit şərait yaradır. Ölkədə birbaşa olaraq vətəndaşlarla ünsiyyətdə olan qurumların, xüsusilə də sosial sahəyə təsir edən qurumların fəaliyyəti daha da təkminləşdirilir.

Azərbaycanda əhalinin ən çox islahat gözlədiyi sahələrdən biri də Yol Polisi sistemidir. Yol Polislərinin hər gün vətəndaşlarla təmasda olduğu, xüsusilə də, vətəndaş polis ünsiyyətindən narazılıqların mövcud olduğu sahələrdən biri də bu sahədir.

Dövlət qurumlarının işində effektiv idarəçiliyə nail olmaq məqsədilə həyata keçirilən islahatların müsbət nəticələri göz önündədir. Həmin islahatlar dalğasının bundan sonra da davam edəcəyi və konkret olaraq ictimai rəydə heç bir pozitiv çalarla xatırlanmayan Dövlət Yol Polisi strukturunu da əhatə edəcəyi gözlənilir.

Xatırladaq ki, artıq ləğv edilmiş Nəqliyyat Nazirliyindən sonra kütləvi ictimai narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsidir. Son illər sosial şəbəkələrdə və mediada yol polisi haqqında biabırçı video çarxların yayılması, ictimai rəydə qurumun heç bir nüfuzunun qalmaması DYP-də ciddi islahatları qaçılmaz edir.

Son zamanlar islahatların daha da dərinləşdiyi bir zamanda durduğu yerdə sayan sahələrdən biri də Yol Polisi sistemidir.

Gundeminfo.az bildirir ki, illərdir ki, təqaüd yaşının çatmasına baxmayaraq kreslosunun hələ də qorumağı bacarmış Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov üçün də yolun sonu görülməkdədir. Xatırladaq ki, 67 yaşlı BDYPİ rəisi 26 ilə yaxındır ki, bu sahəyə rəhbərliyi həyata keçirir.

Zəruri arayışı: Bu il BDYPİ rəisinin daxili işlər orqanlarında fəaliyyətə başlamasının 43 ili tamam olur. Belə ki, 1976-cı ildə bu sistemə qəbul edilən Zeynalovun öncə Azərbaycan SSR Daxili İşlər Nazirliyində inspektor, ardınca isə Cinayət Axtarışı İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, şöbə rəisi, Baş Nəqliyyat Polis İdarəsi rəisinin əməliyyat üzrə müavini, həmin idarənin rəisi, 1994-cü ildə isə Azərbaycan Respublikası DİN Xüsusi İnspeksiyasının rəisi vəzifələrində çalışıb. Zeynalov həmin il məhz bu vəzifədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi postuna gətirilib və günümüzə qədər də bu vəzifədə qalmağı bacarıb.

Redaksiyamıza daxil olan son məlumatlarda isə bildirilir ki, Ramiz Zeynalov üçün karyerasının “payızı” başlayıb. Yaxın günlərdə isə Zeynalovun da istefaya göndəriləcəyi gözlənilir. Amma bu istefa digər təqüdə göndərilmələrdən fərqlənə bilər.

Mənbə Gundeminfo.az