“Lerikin İcra Hakimiyyətinə məxsus olan hotel peşkəş edilib” - LERİK SAKİNİNDƏN PREZİDENTƏ MÜRACİƏT

17:10 04-11-2019 160

İlham İbadov: “Axı, həmin hotel leriklilərin vəsaiti hesabına tikilib...”

 

Lerik rayon sakini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, sabiq dövlət qulluqçusu İbadov İlham Mürvət oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə açıq məktub ünvanlayan müəllifin yazını olduğu kimi dərc edirik:

Çox hörmətli cənab Prezident!

Mən Lerik rayonun sabiq icra başçısı Babaəli Məmiş oğlu Ağayevlə Lerik rayonunda tikilmiş və Lerik rayon İcra Hakimiyyətinə məxsus olan hotellə bağlı söhbətlərim şəxsən olub. Babaəli Məmiş oğlu Ağayev mənim xahişimi qəbul etdi, məsələ ilə bağlı mənə xeyli açıqlamalar verdi. O, bildirdi ki, “Lerik rayonuna ikinci dəfə icra başçısı təyin olunanda həmin hoteli tikmək qərarına gəldim. Bakıdan və ölkənin digər bölgələrdən qonaqlarımız olurdu. Onları yerləşdirməkdə çətinliklər çəkirdik. Odur, rayonun büdcəsi hesabına İcra Hakimiyyəti aparatı üçün hotel tikdirmək qərarına gəldim. Aidiyyəti təşkilatları bir yerə topladım, vəsait ayrıldı, tikintini vaxtında başa çatdırdıq”.

Mən Babaəli müəllimdən soruşdum ki, həmin hoteli kimsə sata və ya özəlləşdirə bilərmi? O, mənə cavabında dedi: “Xeyr, heç vaxt belə bir məsələ mümkün olan iş deyil. Hotel Lerik rayon İcra Hakimiyyəti aparatına məxsusdur. Onun satılıb özəlləşdirilməsi tamamilə qanunsuzdur”. Bu, iki dəfə Lerik rayonunda rəhbər vəzifədə işləmiş, daha dəqiq desək, sovetlər dönəmində Lerik rayon Partiya Komitəsinin birinci katibi və müstəqillik dövründə isə Lerik rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş şəxsiyyətin dedikləri idi.

Qayıdaq məsələnin mahiyyətinə. Mən özüm də Lerik rayon İcra Hakimiyyəti aparatında məsul vəzifələrdə işləmişəm. Lerik rayon İcra Hakimiyyəti başçısının ən ucqar ərazisi olan Osyodərə ərazisində icra nümayəndəsi, Lerik rayon İcra Hakimiyyəti aparatında isə hüquq şöbəsində hüquqşünas vəzifələrində bir neçə il çalışmışam.

Mənim özümün də işlədiyim müddətdə Bakıdan, respublikanın digər rayonlarından qonaqlarımız olurdu. Həmin qonaqlar İcra Hakimiyyəti aparatının ikimərtəbəli hotelində yerləşir və istirahət edirdilər.

Şəxsən iki çağırış Milli Məclisin deputatı olmuş, Lerikin hörmətli ziyalılarından sayılan Miri Qənbərov həmişə İcra Hakimiyyəti aparatının sözügedən hotelində qalardı. Miri müəllim çox vaxt vətəndaşları elə hotelin qarşısında açıq havada qəbul edərdi.

Miri müəllim yalnız əhaliyə kömək edər, rayonun daxili işlərinə heç vaxt qoşulmazdı. Bu hoteli tikdirən Babaəli Ağayevə də həmişə öz minnətdarlığını bildirərdi. O, deyərdi ki, “çox sakit bir guşə seçilib, halal olsun Babaəli müəllimə”.

Son vaxtlar Lerik rayon İcra Hakimiyyətinə məxsus olan o hotel qanunsuz olaraq kimlərəsə peşkəş edilib. Məndə olan məlumata görə, həmin hoteli özəlləşdirən vətəndaş onu bir qədər təmir etdikdən sonra artıq 120 min dollara satışa çıxarıb. İndi sual olunur: Cənab Prezident, Lerik rayon İcra Hakimiyyətinə məxsus olan hoteli kim və hansı məqsədlə bu günə qoyub? Bəs sabah Lerik rayonuna bir qonaq gələrsə, o, harada yerləşəcək?

Sizdən xahiş edirəm ki, baş vermiş bu qanunsuz hərəkət haqqında tədbir görəsiniz. Axı, həmin hotel leriklilərin vəsaiti hesabına tikilib. Hotel leriklilərə məxsusdur. Tədbir görməyinizi xahiş edirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.