Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi kinoklubu icarəyə verib?

16:00 05-11-2019 245

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanov vəzifəsindən sui-istifadə edərək, qəzalı vəziyyətdə olan S.Vurğun adına kinoklubu şəxsi məqsədləri üçün ayrı-ayrı şəxslərə icarəyə verib.

Bu barədə Sabirabad rayon sakini Əliheydər Əliyev Axar.az-a ünvanladığı şikayət məktubunda qeyd edib. O bildirib ki, idarə rəisi hətta kinoklubun konstruksiyasını da dağıdıb:

“Sabirabadın mərkəzində yerləşən S.Vurğun adına kinoklub 60-cı illərdə tikildiyi üçün istismar müddətin başa vurub. Hələ o vaxtlar üstünün dəmir paneli düzgün qoyulmayıb və hazırda istismara tam yararsızdır. Həmçinin beton keyfiyyətini tam itirib, qəfil qopmalar olur və qəzalı vəziyyətdə olduğu üçün təhlükəlidir. Lakin buna baxmayaraq, hazırda binanın müxtəlif hissələrində 3 icarəçi fəaliyyət göstərir. Sözügedən obyektlərdən əlavə Əhməd Ramazanov qəzalı vəziyyətdə olan kinoklubun iki əsas divarını 4 yerdən dağıdaraq, yeni obyektlər tikdirir ki, onları da icarəyə versin”.

Məsələ ilə bağlı saytımıza danışan Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Ağalar Hümbətov bildirib ki, səslənən iddiaların heç bir əsası yoxdur.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov isə saytımıza bildirib ki, nazirlikdə sözügedən şikayətlə bağlı heç bir məlumat yoxdur.