İlham Əliyevə təbriklər davam edir

19:21 25-11-2019 70

15:09

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident.

Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə şəxsən öz adımdan və sədri olduğum Fides – Macar Vətəndaş İttifaqı Partiyası adından Sizi səmimi qəlbdən təbrik edirəm. Yeni Azərbaycan Partiyası 1992-ci ildən bəri Azərbaycanın demokratik transformasiyasında və ölkənin inkişafında aparıcı rol oynayıb.

Məmnuniyyətlə bildirirəm ki, ölkələrimiz və partiyalarımız arasında xalqlarımızın mənafeyinə xidmət edən münasibətlər Sizin dəstəyiniz və dostluğunuz sayəsində indi həmişəkindən daha güclüdür. Biz, həmçinin Yeni Azərbaycan Partiyasının ölkənin Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi yönündə səylərini dəstəkləyirik. Sizi əmin edirəm ki, qarşıdakı illərdə də Avropa Qonşuluq Siyasətinin inkişafı Macarıstanın prioriteti olaraq qalacaqdır. Həmçinin ümid edirəm ki, qarşılıqlı maraq doğuran məsələlərdə partiyalararası əlaqələrimizi daha da dərinləşdirəcəyik.

Son onilliklərdə Yeni Azərbaycan Partiyası Azərbaycanın və onun xalqının maraqlarına uğurla xidmət edib. Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və gələcək işlərinizdə yeni uğurlar arzulayıram”.

***

İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Türkiyə Respublikası, İstanbul şəhəri, professor Dr. Xalid Ərəndən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edərkən Zati-alinizin dərin məzmunlu açılış nitqi ilə başlayan tədbirə qatılmaqdan məmnunluq duyduğumu ifadə etmək istəyirəm.

Azərbaycan dövlətinin multikulturalizmə nə qədər əhəmiyyət verdiyi bir daha nümayiş olundu. Azərbaycan rəhbərinin tolerantlıq, müxtəlif mədəniyyətlər, din və məzhəblərlə bağlı çox geniş baxışa sahib olduğu bir daha müşahidə edildi.

Xüsusilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi bu Sammitə xüsusi məna verdi.

Şeyx həzrətlərinin dünya dini liderlərinin böyük hörmətini qazandığı bu toplantıda bir daha göründü. Xüsusilə belə beynəlxalq tədbirlərdə Azərbaycan xalqının Qarabağ məsələsində haqlı mövqeyinin bütün dünyaya çatdırılması da çox faydalıdır.

Fürsətdən istifadə edərək belə bir mühüm tədbirə himayədarlıq etdiyiniz üçün Zati-alinizə ən dərin ehtiramımı bildirir, Sizə və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə uğurlar, cansağlığı və uzun ömür arzulayıram”.

***

Yaponiyanın İşikava Prefekturasındakı Daijoji məbədinin Soto Zen Buddizm məktəbinin baş kahini Azuma Ryuşin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubun ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Dünya dini liderlərinin Sammitində ikinci dəfə iştirak etmək üçün ölkənizə dəvətinizə görə təşəkkür edirəm. Bu görüşün bizim üçün çox mühüm olduğuna əminəm. Mən Yaponiya qəzetlərinə bu görüş barədə məlumatları göndərəcək və nəticələri sizinlə paylaşacağam.

Dünyada bir ilk olan bu konfransın gələcək inkişafı üçün dua edirəm”.

***

Hindistanın “Yaşamaq sənəti” beynəlxalq təşkilatının təsisçisi Sri-Sri Ravi Şankar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Zati-aliləri.

Fərqli inanclardan olan liderləri vahid platformada bir araya gətirmək təşəbbüsünüz təqdirəlayiqdir.

Dünya dini liderlərinin II Bakı Sammitinin uğurlu təşkilinə görə Sizi təbrik edir və gələcək fəaliyyətinizlə bağlı ən xoş arzularımı çatdırıram.

***

Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akeş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri.

Mən noyabrın 14-15-də Bakı şəhərində keçirilən Dünya dini liderlərinin II Sammitində Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentini təmsil etmək şərəfinə nail olmuşam.

Siz birinci xanım Mehriban Əliyeva və qızınız Leyla Əliyeva ilə birlikdə tədbirin açılış mərasimində iştirak etməyinizlə ona öz himayə və dəstəyinizi vermiş oldunuz. Siz, həmçinin Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarını rəsmi ziyafətə dəvət edərək, xanımınız və qızınızla birlikdə həmin tədbirdə iştirak etdiniz.

Siz həmin Sammitin keçirilməsi ilə ölkənizin görkəmli xadimi Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illik yubileyini qeyd etmək kimi daha bir məqsədə nail oldunuz.

Zati-aliləri, hər hansı ölkənin gücü və sərvətlərini bir neçə məqsədlər üçün istifadə etmək olar. Bakı Sammitinə gəldikdə isə, tədbirin təşkilatçıları öz yüksək bacarıq və əzmkarlıqları ilə, eləcə də mühüm resurslardan istifadə etməklə qarşıya müxtəlif dinləri təmsil edən dini liderlər və xadimlər arasında anlaşma, qarşılıqlı hörmət və dostluğun təşviq olunması kimi nəcib məqsəd qoymuşdular. Tədbir zamanı iştirakçılar arasında mövcud olan xoş mühit Sizin rəhbərliyiniz sayəsində ölkənizdə müxtəlif dini icmalar arasında yaradılmış sabit və harmonik münasibətləri nümayiş etdirir.

Bu xeyirxah fəaliyyətinizə görə Zati-alinizə dərin təşəkkürümü və səmimi minnətdarlığımı bildirirəm.

Uca Tanrı Sizi, ailənizi, ölkənizi qorusun və bol ruzi-bərəkət bəxş etsin”.

***

İraq Üləmaları Cəmiyyətinin sədri, İraq Baş Nazirinin dini məsələlər üzrə müşaviri Dr. Xalid Əbdülvahhab Əl-Mulla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm Prezident.

Zati-alinizin rəhbərliyi ilə təşkil olunmuş və açılışına təşrif buyurduğunuz Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etmək şərəfinə nail oldum. Bu Sammit müasir dövrümüzdə İslam dünyasında ən əhəmiyyətli tədbirlərdən biri hesab olunur. Zirvə Görüşü bəşəriyyətə xidmət edən, İslam dininin təməl prinsiplərinin qorunmasına daim səy göstərən, bəşəriyyəti düzgün məcrasından çıxarmağa, nəcib hədəflərindən yayındırıb məhv etməyə çalışanlara və dini təhrif edənlərə qarşı mübarizə aparan mömin şəxslərin iştirakı ilə fərqlənirdi.

Bakı Bəyannaməsi İslam dünyasının mövcud vəziyyətinin, Zati-alinizin dinin bəşəri roluna verdiyi önəm və rəğbəti əks etdirir. Uca Allah Sizə daim uğurlar bəxş etsin. Arzu edirəm ki, bu və digər tədbirlərdə söylədiyiniz fikirlərin davamı olaraq aramızda dinin bəşəriyyətə xidmətini təşviq edən birgə əməkdaşlıq, qarşılıqlı əlaqələr daha da möhkəmlənsin.

Zati-aliləri, Sammitdə iştirak etdiyinizə, göstərdiyiniz qonaqpərvərliyə, Sizdən, xalqınızdan və təşkilatçılardan gördüyümüz xoş münasibətə görə təşəkkür edirik. Sizinlə bir daha görüşmək şərəfinə nail olmağımı arzulayıram. Ümid edirəm ki, Bakı Bəyannaməsinin prinsiplərinə və dəyərlərinə sadiq qalacağıq.

Uca Allah Sizi və Azərbaycanı qorusun”.

***

Əlcəzair Xalq Demokratik Respublikası Ali İslam Şurasının sədri Buabdullah Qulamullah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm Prezident.

Zati-alinizin rəhbərliyi ilə keçirilmiş Dünya dini liderlərinin II Bakı Sammitinin açılış mərasimində iştirak etməkdən böyük şərəf duydum. Həmçinin mənim üçün şərəf idi ki, bəşəriyyətə xidmət etdiklərinə inanan sadiq insanların iştirak etdiyi tədbirdə Əlcəzair Xalq Demokratik Respublikası adından çıxış etdim. Bu insanlar dinin ötəri və batil dünyəvi məqsədlər naminə təhrif edilməsinə, müqəddəs olanı ləkələyənlərə, dinin ruhaniliyinə xələl gətirənlərə, onu bəşəriyyətə xidmət edən nəcib hədəflərindən uzaqlaşdıraraq özlərinin bəd niyyətlərinə yönəldənlərə etiraz edirlər.

Bakı Bəyannaməsi Sizin dinə və bəşəriyyətə xidmət yolunda istəyinizi və fəaliyyətinizi nümayiş etdirdi. Uca Allah da işlərinizin uğurla başa çatmasına yardımçı oldu.

Gözəl qonaqpərvərliyə görə Sizə və tədbirin təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. Sizinlə bir daha görüşüb Bakı Bəyannaməsinin ifadə etdiyi prinsiplərə və dəyərlərə sadiq qalaraq birgə işləməkdən şərəf duyardıq.

Uca Allah Sizə qüvvət versin və müstəqil Azərbaycan Respublikasının qüdrətini daha da artırsın”.

***

BMT Baş katibinin xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Əl-Mətuq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Zati-aliləri,

Bu il noyabrın 14-15-də Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin uğurlu təşkili münasibətilə Sizi təbrik etmək istərdim.

Mən, həmçinin Azərbaycan Respublikasının rəhbərliyinə öz səmimi minnətdarlığımı bildirirəm.

Fürsətdən istifadə edərək, beynəlxalq ictimaiyyəti Dünya dini liderlərinin II Bakı Sammitində bir araya gətirmək istiqamətində Sizin liderliyinizi və yorulmaz fəaliyyətinizi yüksək qiymətləndirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Çin Taoist Assosiasiyasının vitse-prezidenti Yuan Jihonq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli cənab Prezident.

Biz - Çin Taoist Assosiasiyasının vitse-prezidenti Yuan Zhihong və baş katibin müavini Liu Shitian bu il noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etdik. Mən Sammitin təşkilat komitəsinin səmimi qəbuluna görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sammit çox uğurla keçdi, multikultural ünsiyyət və müxtəlif dinlər arasında inteqrasiyanın təşviqində böyük irəliləyiş əldə olundu. Bu, ölkənizin dünyada sülhü qorumaq sahəsində məsuliyyətini əks etdirir.

Assosiasiyamız ölkənizlə daha da sıx əlaqə saxlamağa, iki ölkənin dini mədəniyyəti arasında ünsiyyət və əməkdaşlığı artırmağa, bütün bəşəriyyətin harmonik inkişafına birlikdə səy göstərməyə və töhfələr verməyə ümid bəsləyir.

Sonda Assosiasiyamızın Sizə olan dərin hörmət və minnətdarlığını qəbul etməyinizi xahiş edirik.

***

Ali müfti, Rusiya Federasiyası Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin sədri Şeyxülislam Talqat Səfa Tacuddin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

İcazə verin, Dünya dini liderlərinin II Bakı Sammitinin yüksək səviyyədə təşkil edilməsinə və məhsuldar keçirilməsinə, həmçinin Sammitin qonaqlarının və iştirakçılarının səmimi qəbuluna görə Rusiya Federasiyası Müsəlmanları Mərkəzi Ruhani İdarəsi adından və öz adımdan Sizə səmimi təşəkkürümü bildirim.

Azərbaycan Respublikasında İslam mənəvi irsinin əbədi dəyərlərinin layiqincə bərqərar olması, Azərbaycan xalqının bənzərsiz mədəniyyətinin inkişafı, Rusiya Federasiyası ilə dostluq əlaqələrinin möhkəmlənməsi və inkişafı üçün Sizin fədakar səyləriniz sayəsində hər cür şərait yaradılıb.

Sizə və bütün Azərbaycan xalqına səmimi ehtiramımı və xoş arzularımı bildirirəm.

Sizə xoş dualar edir və mehriban qonşular kimi əməkdaşlığımızın davam edəcəyinə ümid bəsləyirəm”.

***

İndoneziya Gənc Alimlərin İnkişafı Təşkilatının Mərkəzi Şurasının sədri Anggia Erma Rini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri, cənab Prezident.

Bu ilin noyabrın 14-15-də Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammitində bizimlə birlikdə iştirakınıza görə Sizə minnətdarlığımı bildirirəm. Bu, mənim indiyədək qatıldığım ən maraqlı Sammitlərdən biri idi. İkigünlük tədbir məndə dərin təəssürat və xoş duyğular oyatdı və burada səmimi qonaqpərvərliklə qarşılandım. Bakı mənim yaddaşımda heç vaxt unudulmayacaq gözəl bir şəhər kimi qaldı.

Tədbirin dünya ölkələrində müxtəlifliyə həsr olunmuş mövzusunu da yüksək qiymətləndirirəm. Şəxsən mən inanıram ki, İndoneziya tədbir zamanı müxtəlifliyi həqiqi mənada nümayiş etdirə bildi. Bu mövzu İndoneziyada yaşayan insanların həyat şəraitini tam şəkildə əks etdirir. Müxtəliflik Allahın bəşəriyyət üçün müəyyən etdiyi bir yoldur. İnsanlara qarşı dözümlülük nümayiş etdirmək icmalarımızın dini liderləri kimi bizim öhdəliyimizdir. Ümid edirəm ki, bu təşəbbüs sayəsində İndoneziya və Azərbaycan bir-birini tamamlaya bilərlər.

İndoneziya Gənc Alimlərin İnkişafı Təşkilatının Mərkəzi Şurası dünyanın müxtəlif ölkələrində yaşayan müsəlman qadınlarla əməkdaşlıq etməyə ümid bəsləyir. Təşkilatımız təkcə İndoneziyada deyil, həmçinin dünyada gənc müsəlman qadınların ən böyük təşkilatıdır. Onun əsas missiyası İndoneziyada qadınların hüquqlarını qorumaqdan, aləmlərə rəhmət olaraq göndərilmiş fikri inkişaf etdirməkdən və yaymaqdan ibarətdir.

İki ölkə arasındakı xoş və davamlı əməkdaşlığın gələcəkdə daha da möhkəmlənməsinə və güclənməsinə ümid edirəm.

Mənə göstərdiyiniz hörmətə və qonaqpərvərliyə görə Sizə bir daha təşəkkür edirəm", - təbrikdə qeyd edilir.

***
Mardin və Diyarbəkir Mitropoliti Filuksinos Saliba Özmen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Zati-aliləri.

Hörmətli Patriarxımız Mor İqnatius II Efrem Kerimi və Antakya Süryani Ortodoks Kilsəsini təmsil etmək üçün noyabrın 14-15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi münasibətilə Dünya dini liderlərinin Bakıda keçirilən II Sammitində iştirak etmək məndə böyük şərəf və məmnunluq doğurub.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan dövlətində yurddaşlar arasında qarşılıqlı hörmət, sevgi və tolerantlıq şəraitindən çox təsirləndiyimi ifadə etmək istəyirəm.

İnanıram ki, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə birlikdə fəaliyyətiniz mənəvi, mədəni və ictimai baxımdan dünyanın bir çox ölkələri üçün gözəl nümunədir.

Dini və etnik mənsubiyyət fərqi qoymadan plüralist bir düşüncə ilə insanlığa və ölkənizə xidmətlərinizdə Zati-alinizə Uca Allahdan güc və cansağlığı arzu edirəm", - təbrikdə deyilir.

***

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, Rusiya Müftilər Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü Müfti şeyx Ravil Qaynutdin Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təbrik məktubu göndərib.

"Hörmətli cənab Prezident!

Dünya dini liderlərinin İkinci Bakı Sammitinin gözəl təşkili və keçirilməsi münasibətilə Sizə çoxmilyonlu Rusiya müsəlmanları ümməti adından və şəxsən öz adımdan dərin ehtiramımı və təşəkkürümü bildirmək istəyirəm.

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri və Bakı Sammitinin iştirakçısı kimi qeyd etməliyəm ki, bu əlamətdar tədbir ən yüksək dünya standartları səviyyəsində keçirildi. Dünya dini liderləri, aparıcı ekspertlər, görkəmli alimlərlə görüşmək və konfessiyalararası və sivilizasiyalararası dialoqun ümdə problemlərini müzakirə etmək üçün yaradılmış nadir imkana görə də Sizə səmimi təşəkkürümü bildirirəm. Sammitdən aldığımız ən gözəl təəssüratlar Azərbaycana xas olan misilsiz qonaqpərvərlik və xoşniyyətlilik rəylərini daha da artırdı.

Cənab Prezident, Sizin rəhbərlik etdiyiniz bu illər ərzində ölkədə bərqərar olmuş dövlət-din əməkdaşlığının bütün xalq naminə xüsusi ab-hava yaratmasını sevinclə qeyd edirəm. Mənim İslamda din qardaşım və yaxın dostum Şeyxülislam Allahşükür Paşazadə bizim hər görüşümüzdə bunu qeyd edir və biz Sizin bütün xalqlar arasında sülh və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş əməlisaleh işlərinizi xatırlayaraq Sizə dua edirik.

Dünya dini liderlərinin II Bakı Sammiti Sizin Azərbaycanda tolerantlığı və multikulturalizmi inkişaf etdirmək mövqeyinizin dəyişmədiyini təsdiqlədi. Azərbaycan ümumbəşəri əhəmiyyət kəsb edən bu istiqamətlərdə inamla dünya liderinə çevrilir.

Cənab Prezident, icazə verin, dünya miqyaslı və dünya əhəmiyyətli tədbirin təşkilinə görə, Sizə və Sizin timsalınızda qonaqpərvər, əməksevər və çox tolerant Azərbaycan xalqına bir daha təşəkkür edim.

Sizə əmin-amanlıq, Allahın şəfqət və mərhəmətini diləyirəm. Amin", - təbrikdə qeyd edilir.