Çin Honkonqda ağır məğlubiyyətə uğradı - Yerli seçkilərdə demokratlar qələbə qazanıb

19:28 25-11-2019 80

Honkonqda keçirilən yerli seçkilərdə demokratlar əvvəlkindən daha çox yer qazanıb. Seçkinin yekun nəticələri hələ elan edilməyib.

İlkin məlumatlara görə, noyabrın 24-ü Honkonqda baş tutan yerli seçkilərdə demokratik qüvvələr böyük uğura imza atıb. Seçici fəallığı rekord hədd çatıb – 71,2%. Demokratlar452 mandatdan 169-nu qazanıb. Çinyönlü qüvvələr 22 yer, müstəqil namizədlər isə daha 8 yer əldə edib. Eyni zamanda, daha 252 mandatın sahibi bəlli deyil. Honkonqda son bir neçə ay ərzində istirahət günləri ilk dəfə böyük nümayişlər və iğtişaşlar olmadan keçib. Seçki məntəqələrinin qarşısında uzun növbələr yaranıb. Bu barədə “DW” portalı xəbər verir. 

Ümumilikdə yerli seçkilərdə mindən çox namizəd iştirak edib. Ekspertlər səsvermənin simvolik xarakter daşıdığını qeyd edir, çünki şəhər şurası real siyasi gücə sahib deyil. Yerli şuranın deputatları qanun və ya vacib qərarlar qəbul edə bilmirlər. Onlar Honkonq hökumətinə məsləhət verir, konkret rayonlarda həyat şəraitinin yaxşılaşdırılması barədə təkliflər irəli sürürlər. Lakin yerli seçkilərin qalibləri 1200 nəfərlik seçki orqanında təmsil olunur. Həmin orqan hər 5 ildən bir hökumət başçısını seçir. Bu vaxta qədər həmişə rəsmi Pekinin dəstəklədiyi namizəd qələbə qazanıb. İyundan bəri Honkonqda etiraz aksiyaları davam edir. İştirakçılar əvvəl şübhəlilərin Çinə ekstradisiyasına imkan verən qanun layihəsinə qarşı çıxıblar. Sonradan etirazçılar demokratik islahatların keçirilməsini, ümumi seçki hüququnun tətbiq edilməsini və Honkonq administrasiyasının rəhbəri Kerri Lamın (Carrie Lam) istefa verməsini tələb etməyə başlayıblar. Bundan başqa, nümayişçilər əvvəlki aksiyalarda polisin zorakılığa yol verdiyi halların müstəqil araşdırılmasını tələb edirlər.

Xüsusi inzibati rayon olan Honkonq 1997-ci ildən Çinin tərkibinə daxil edilib. 2047-ci ilədək Honkonq geniş, xüsusi hüquqlarla təmin edilib. Onların arasında mətbuat, toplaşma və ifadə azadlığı var. Oktyabrda Honkonqun təhlükəsizlik məsələləri üzrə naziri Con Li (John Lee) ekstradisiya haqqında qanun layihəsini müzakirədən qaldırıb. Lakin buna baxmayaraq, etiraz aksiyaları davam edir.