Düşmənlərə işləyən kimdir: rüşvətxor məmurlar, yoxsa radikal müxalifət?

20:12 25-11-2019 170

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 

  Hər iki zümrənin fəaliyyəti dövlətin əleyhinədir

  

Ölkəmizin düşməni çox, dostu azdır, düşmənləri iki qrupa ayırmaq olar, daxili və xarici düşmənlər, bunların ən təhlükəlisi isə daxili düşməndir. Ataların "evin oğrusunu tapmaq çətindir" deyimi təsadüfdən yaranmayıb. Təcrübə göstərir ki, oğruya evin içindən informasiya, istiqamət verən olmasa, görmədən, bilmədən, evin xəzinəsinin yerini oğru özü müəyyən edə bilməz.

Ölkəni evlə müqaisə etmək məncə, uyğun müqayisədir. Əgər ölkənin daxili sirrini düşmənə gizli və açıq formada verən olmasa, düşmən ölkəmizin zəif yerini, qüsur və nöqsanını haradan öyrənə bilər?

Azərbaycan dövlətinin düşmənlərinin ən təhlükəlisinin daxili düşmən olduğunu yuxarıda qeyd etdik. Buraya hakimiyyətin tərkibinə xarici düşmənlərin köməyilə sızanlar, dövlətə və xalqa zidd fəaliyyətlərilə düşmənə tutarqa verən radikal müxalifət və dövlət vəzifəsi tutub, şəxsi qazanc əldə etmək məqsədilə fəaliyyətini rüşvət və korrupsiya üzərində quran, dövləti xalqın, beynəlxalq ictimaiyyətin qarşısında nüfuzdan salan, sarsıdan, xalqı dövlətdən narazı salan ünsürlər daxildir.

Ölkəmizin inkişafına daxildən ciddi zərbə vuran qeyd etdiyimiz bu qruplara qarşı mübarizə aparmaq o qədər də sadə və asan deyil. Əgər dövləti mühafizə edən dövlət orqanları ilə bərabər, xalq da bu çoxçeşidli daxili düşmənlərə qarşı birgə mübarizəyə qoşulmasa, dövləti qoruyub saxlamaq çox çətindir.

Ona görə də ölkədə dövlət-xalq münasibətləri dövlətin qorunmasında və inkişafında böyük əhəmiyyətə malikdir. Azərbaycan dövlətini mühafizə edən, dövlətin sürətli inkişafını təmin edən ən böyük güc mənbəyi, məhz dövlət-xalq münasibətinin yüksək səviyyədə olmasıdır.

Azərbaycanın daxili düşmənləri barədə yuxarıda apardığımız xırda təsnifatdan belə nəticə çıxarmaq olar ki, fəaliyyətləri ilə düşmənə "xidmət edən" daxili qüvvələrin hər biri dövlət üçün təhlükə mənbəyidir və bunların hər birinin özünəməxsus xüsusiyyətləri var. Məsələn, hazırda radikal müxalifətin fəaliyyəti Azərbaycana ciddi zərbə vurmağa xidmət edir. Ölkəmizə qarşı yalan, böhtan kampaniyası aparan, lüzumsuz aksiya keçirib ölkədə sabitliyi pozmağa cəhd edən radikal müxalifət hər vasitə ilə dövlətimizin qatı və barışmaz düşməni, ərazimizin 20 faizini işğal edib, torpaqlarımızda ikinci erməni dövləti yaratmağa çalışan Ermənistanın separatçı rejiminə dəstək verir. Hakimiyyəti şantaj edərək, Ermənistanı müdafiə edən beynəlxalq düşmənlərin əlinə fakt verərək, "məzlum erməni xalqını öz xalqına qarşı qəddarlıq edən rejimin rəhbərliyinə etibar etmək olmaz" kimi cəfəng ideyaya, məhz radikal, dağıdıcı müxalifət yardım edir.

Hazırda radikal müxalifətin güclənməsinə xidmət edən, bu yolla ölkədə mövcud olan sabitliyi pozmağa çalışan, ölkədə qarışıqlıq, xaos yaradıb, iyrənc məqsədinə çatmaq istəyən, zamanla hakimiyyətdən uzaqlaşdırılan və buna görə də hakimiyyətdən qisas almaq üçün gizli müxalifət mövqeyinə keçən kifayət qədər imkanlı adamlar var. Onlar ölkədə xeyli çoxdur və böyük maddi imkana malikdirlər.

Azərbaycan Prezidentinin həyata keçirməyə başladığı kadr islahatları, yaşlı, məhsuldar çalışmaq imkanı azalan məmurların cavan, enerjili, yeni təfəkkürə malik kadrlarla əvəz olunmasına tək radikal müxalifətin yox, həm də hakimiyyətin daxilində xərçəng kimi dövlət strukturlarını zəbt edən klanlar ciddi müqavimət göstərirlər. Bu halın ölkə Prezidenti tərəfindən açıq vurğulanması və həmin qüvvələrin ifşa olunması bundan sonra da mütləq ardıcıl davam etməlidir. Hakimiyyət daxilində islahatlara müqavimət göstərən qüvvələrlə radikal müxalifətin maraqları üst-üstə düşür və bu da aksiyaların təşkil edilməsinə stimul yaradır. İmkanlı məmurlardan maddi yardım alan və xarici havadarlarının sifarişini yerinə yetirmək fürsəti qazanan radikallar, bu imkanlardan maksimum fayda əldə etməyə çalışır. Mitinqlərin şüarı yenə köhnədir; hakimiyyətdən Qarabağın azad olunması üçün müharibəyə başlanması, əhalinin sosial rifahının yaxşılaşdırılması, rüşvətxorluğun və korrupsiyanın qarşısının alınması, uşaq pulunun verilməsi və s. tələb olunur.

Qarabağın və işğalda olan 7 rayonun müharibə vasitəsilə azad olunması tələbi hər kəs üçün cəlbedici görünsə də, Rusiya və beynəlxalq güclərin Azərbaycanın müharibəyə başlayacağı təqdirdə hansı sərt mövqe tutacaqlarını qabaqcadan müəyyən etmək çətin deyil; bu hərəkət ciddi etirazla qarşılanacaq və hətta ölkəyə qarşı sanksiyalar tətbiq etmək çağırışları səslənəcək. Yəni müharibə variantında ölkəmiz heç kimdən dəstək ala bilməyəcək və çətin duruma düşmə ehtimalı artacaq. Ölkədə ciddi böhran və mənfi proseslər güclənəcək, Rusiya yaralanmış şir kimi qisas almağa cəhd edəcək...

Görəsən, işğalda olan torpaqları müharibə  yolu ilə geri almağı hakimiyyətdən israrla tələb edən radikallar qeyd etdiyim və etmədiyim amilləri qəsdən nəzərə almırlar, yoxsa hakimiyyəti bu tələblərlə aciz duruma salıb, özlərilə hesablaşmağa məcbur etmək istəyirlər? Təhlilin nəticəsi göstərir ki, radikal qüvvələr sualın ikinci hissəsində səslənən fikrə daha çox uyğun gəlir yəni dağıdıcı müxalifət kütləvi aksiyaları gücləndirməklə hakimiyyəti özü ilə hesablaşmağa məcbur etmək niyyətindədir. Hakimiyyətin radikal müxalifətə münasibətini uzun müddət müşahidə edən hər kəs radikal müxalifətin hakimiyyəti özü ilə hesablaşmağa məcbur edəcəyi ideyasına isə, əsla inanmır. Çünki indiyə qədər yaranan ən kritik məqamda belə, hakimiyyət müxalifətin tələbinin heç birini qəbul etməyib. Bundan sonra da qəbul edəcəyini ehtimal etmək çətindir. Səbəb xalqın müxalifətə dəstək verməkdən çəkinməsi, etibar etməməsi, müxalifətin hakimiyyətə qarşı keçirdiyi etiraz aksiyalarına qoşulmamasıdır.

Ölkədə hökm sürən hazırkı gərgin durum hakimiyyətlə müxalifətin kütləvi aksiyaların keçirilməsinə fərqli münasibətin nəticəsində bir qədər dramatik xarakter ala bilər. Dramatik vəziyyətlə üzləşməmək, beynəlxalq təzyiqlərə məruz qalmamaq üçün güc strukturlarından istifadə etmədən, hakimiyyətin manevr etmək imkanı var və hakimiyyətin bu imkandan istifadə etməsi hazırkı məqamda daha zəruridir.