“Hər bir günahkar məsuliyyətə cəlb edilməlidir” - Quqark qətliamının 31-ci ildönümü - VİDEO

15:35 27-11-2019 160

27 noyabr gecəsi Ermənistan-Azərbaycan münaqişəsinin ən dəhşətlı hadisələrindən biri - Quqark qətliamının 31-ci ildönümüdür.

1988-ci ilin noyabrında Ermənistan SSR-in Quqark rayonunun Vartanlı kəndinə hücum edən millətçilərin hədəfləri azərbaycanlılar idi.

Qətliam nəticəsində Kirovakandan (indi Vanadzor) gələn ekstremistlərlə atışmalar zamanı 20 yerli azərbaycanlı öldürülüb, qalanları isə güclü qar yağmasına baxmayaraq, qaçmağa məcbur olub.

Həmyerlilərinə - azərbaycanlılara kömək edən ermənilər vəhşicəsinə döyülüb. Eyni qətliam Kuybışev kəndində də törədilib.

SSRİ Baş Prokurorluğunun cinayət işi açmasına baxmayaraq, təşkilatçılar və qətliamı törədənlər hələ tapılmayıb. Ermənistan SSR-də və Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində səksəninci illərin sonu-doxsanıncı illərin əvvəllərində törədilmiş bu və bir çox başqa cinayətlərin təşkilatçıları və günahkarlarının şəxsiyyətləri hələ də müəyyən olunmayıb.

Azərbaycan Respublikasının Birinci Baş Prokuroru İsmət Qayıbov Ermənistanda anti-Azərbaycan qətliamlarına münasibətdə sovet ədalətinin etinasızlığını qınayıb. O, Azərbaycan Televiziyasına verdiyi müsahibədə cinayətkarların cəzasız qalması ilə bağlı statistikanı açıqlayıb.

“Quqark rayonunda 20 azərbaycanlı öldürülüb. Quqark rayonunun 40 min əhalisi var, Sumqayıtın 300 mindən çox əhalisi var. Quqark rayonunda kəndin dağıdılması Sumqayıtla müqayisə edilə bilməz. Mən Sumqayıtda 96 cinayətkarın həbs edilməsi üçün tədbir görəndən sonra onlar hamısı məhkəmə qərarı ilə fərqli hökmlərlə məhkum edildilər”, - deyə, o ilk növbədə Sumqayıt hadisəsində günahkarların hamısının cəzalandırıldığını xatırladıb.

“Eyni zamanda, Quqarkda, Kirovakanda, Leninakanda çoxsaylı qətllər, əlavə olaraq, Zvartnots hava limanında kütləvi iğtişaşlar, hərbi hissələrin əmlakının talan edilməsi, hərbi hissələrdəki anbarların qarət edilməsi, polis məntəqələrinə, “Ordu, Aviasiya və Donanmaya Könüllü Kömək Cəmiyyəti” ofislərinə, ümumiyyətlə, sadaladığım nəhəng, xüsusilə çox sayda silah oğurluğu və qətldə - cəmi dörd nəfər cinayət məsuliyyətinə cəlb edilib”, - deyə İsmət Qayıbov Ermənistan hakimiyyətinin ədalət məhkəməsini həyata keçirmək istəmədiyini vurğulayıb.

“Bu, küfrdür, bu barədə danışmaq mümkün deyil. Ümumiyyətlə, bu, bütün ölkə, o cümlədən, Ermənistan hüquq-mühafizə sistemi üçün utancvericidir. Bu, necə ola bilər? Biz cəzanın qaçılmazlığından, məsuliyyətin qaçılmazlığından danışırıq. Hər kəs öz günahına görə cavab verməlidir. Hər bir günahkar cinayət məsuliyyətinə cəlb edilməlidir”, - deyə Azərbaycanın birinci Baş prokuroru yekunlaşdırıb.

İsmət Qayıbov özü də, Azərbaycan ali hakimiyyətinin digər nümayəndələri, Rusiya və Qazaxıstan vətəndaşları ilə bərabər, cəzasız qalan bir cinayətin qurbanı oldu – onların 1991-ci il noyabrın 20-də, Martuniyə uçduqları helikopter Dağlıq Qarabağdakı Qarakənd üzərində səmada vuruldu. Bu hücum Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına ağır zərbə oldu, çünki münaqişəni fəal hərbi əməliyyatlara başlamazdan əvvəl həll etmək istəyən əsas sülhməramlılar öldürüldü.

Bununla bərabər, həmin gün SSRİ-nin mövcudluğunun son illərində Ermənistanda və Qarabağda baş verən cinayətlərin operativ araşdırılması və həll edilməsi perspektivi də öldü.