İlham Əliyev bu qurumu ləğv etdi - 3 sərəncam

17:19 28-11-2019 80

 

Prezident İlham Əliyev Şamaxı rayonunun Bakı–Şamaxı–Yevlax (115 km)–Qonaqkənd–Həmyəli– İkinci Çaylı–İkinci Cabanı–Cabanı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ssərəncamın mətnini təqdim edir:

1. Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (115 km)–Qonaqkənd–Həmyəli–İkinci Çaylı–İkinci Cabanı–Cabanı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,1 milyon (on bir milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şamaxı rayonunda xidmət infrastrukturunun texniki təminatının gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Şamaxı rayonunda məişət tullantılarının daşınması və utilizasiyası, yolların təmizlənməsi, ictimai nəqliyyat xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi üçün texnika və avadanlıq alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 7,0 (yeddi) milyon manatı Şamaxı Rayon İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilsin və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı bir ay müddətində:

2.1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının qanunlarında və digər qanunvericilik aktlarında zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. müvafiq təhvil-təslim işlərinin həyata keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.