Azərbaycan parlamenti yeni Ombudsman seçdi

15:29 29-11-2019 75
Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı məlum olub.
 
Məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.
 
Məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılıb. Səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Belə ki, iclasda iştirak edən deputatlardan 104 nəfər onun Ombudsman olmasının lehinə səs verib. Milletinsesi.info Ombudsmanın qısa tərcümeyi-halını təqdim edir:

Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə doğulub. O, Bakı Dövlət Universitetini bitirib. Daha sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib (Beynəlxalq münasibətlər). İxtisasca hüquqşünasdır.

S.Əliyeva 2000-ci ildən Konstitusiya Məhkəməsində çalışır. Daha əvvəl müfəttiş-kargüzar, böyük mütəxəssis, Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin köməkçisi vəzifələrində çalışıb.

S.Əliyeva hüquq üzrə fəlsəfə doktorudur. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

3-cü dərəcəli Dövlət müşaviridir. Hazırda Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifəsini tutur. İki övladı var.

Qeyd edək ki, bu vəzifəyə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülmüşdü. 

Xatırladaq ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

 
Qeyd edək ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyini irəli sürülmüşdü. Namizədlər Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.
 
Səbinə Əliyeva deputat Siyavuş Novruzovun həyat yoldaşıdır.