Azərbaycan Albaniyaya humanitar yardım göstərdi

19:38 29-11-2019 60

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq noyabrın 26-da Albaniyada baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Albaniyaya 500 min avro məbləğində humanitar yardım göstərilib.

XİN-dən Axar.az-a verilən məlumatda bildirilib ki, hadisə yerində fəaliyyət göstərən humanitar təşkilatların yaydığı məlumata əsasən, paytaxt Tirana və ikinci böyük şəhər olan Durres arasındakı ərazidə baş vermiş təbii fəlakət nəticəsində çox sayda yaşayış və məişət binaları dağılıb, ölkənin yol, kommunikasiya və digər sahələrindəki infrastruktur xətlərinə ciddi ziyan dəyib, çox sayda insan yaralanıb, 50-yə yaxın şəxs isə həyatını itirib.

Yaranmış vəziyyətlə bağlı Almaniya, İsveçrə, Fransa, Monteneqro, Serbiya, Türkiyə, Yunanıstan və Xorvatiya axtarış-xilasetmə qrupu, Bolqarıstan və Şimali Makedoniya maliyyə yardımı, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan, Finlandiya və Çex Respublikası isə bu ölkəyə humanitar yardım göndəribər.

Xatırladaq ki, baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılarla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya dərin hüznlə başsağlığı verib.