HAKİMİYYƏTİN PARLAMENT SEÇİMİ – Yeni Milli Məclis kimlərdən və necə formalaşdırılacaq?

15:39 02-12-2019 65

Növbədənkənar parlament seçikilərinin gündəmə gəlməsi ölkədə siyasi canlanma yaradıb. İctimaiyyətdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu barədə qərarı ətrafında ciddi müzakirələr gedir.

Prosesin gedişində son illərdə nümayiş olunmayan pozitiv notları da seyr etmək mümkündür. Cəmiyyətdə tanınan çoxlu sayda simalar seçkilərdə iştirak etmək niyyətini ifadə ediblər. Müxalifət partiyaları da hökuməti sərt tənqid etsələr də, ciddi müzakirə içərisindədirlər. Çünki ortada həm yeni fürsətlər, həm də ənənəvi yenilmək qorxusu var.

Maraqlıdır ki, ötən seçkilərdə heç bir effekti olmayan boykot taktikası barədə mövqelərə rast gəlinmir. Hələlik bu istiqamətdə müzakirələr başa çatdırılıb qərarlar verilməsə də, hakimiyyətin yaratdığı yeni situasiya müəyyən qədər cəlbedici görünür.

Hakim partiyanın yeni seçkilərlə bağlı qərarı, şübhəsiz ki, siyasi hakimiyyətin qərarıdır və YAP da yekdilliklə onun icrasına dəstək verib. Hakimiyyətə yeni parlament lazımdır, amma bu yeniliyin iqtidar rəhbərliyində necə təsəvvür edildiyi məlum deyil.

Hələlik yalnız YAP-ın icra kativi Əli Əhmədovun “vətənpərvər gənclərdən ibarət parlament formalaşdıracağıq” fikri hökumətin planlarına bir qədər işıq salır. Ehtimal ki, hakim partiyanın siyahısında hazırki parlamentin yaşlı üzvləri, bərbad çıxışları ilə cəmiyyətdə neqativ münasibət formalaşdıran, habelə, “vurulmuş” məmur oliqarxiyasına bağlı olan şəxslər olmayacaq. Əlbəttə, bu o anlama gəlmir ki, YAP hazırki deputat korpusunu tamamilə yeniləyəcək.

Vitrinə diqqət yetirdikdə bir çox tanınmış partiya üzvlərinin yenidən mandat yarışında dəstəklənəcəyi şübhəsizdir. Bəs yeni şəxslər kim olacaq? Hakimiyyət, ümumiyyətlə parlament kimi mühüm dövlət təsisatını necə şəkilləndirmək istəyir? Hazırki tərkib siyasi komandaya problemlər yaradırsa, hökumətin qurmaq istədiyi konfiqurasiyada necə parlament görəcəyik?

 

 

Siyasi reallıqlar ondan xəbər verir ki, hakimiyyətin cəmiyyətdə yaxşı reputasiyası olan, etibar qazanmış bir parlamentə ehtiyacı var. Onu formalaşdırmaq üçün ilk növbədə cəmiyyətdə nəticələri qəbul olunan, legitimliyi şübhə doğurmayan seçkilər keçirilməlidir. Hakim partiyanın kadr potensialı, maliyyə imkanları, arxasında olan inzibati güc ona rəqiblərdən daha yaxşı imkanlar yaradır. Yoxsa, ən parlaq namizədi belə ənənəvi üsullarla mandatla təmin etmək, bəribaşdan bu niyyətin uğurunu kölgələyəcək.

Normal qaydada seçilmiş parlament cəmiyyətlə hakimiyyət arasında qopmuş bəzi telləri birləşdirə, sosial çətinliklərin, əhalini narazı salan problemlərin operativ həllinə nail olmaqda yardımçı ola bilər. Bundan başqa, ölkənin sosial-iqtisadi, ictimai-siyasi inkişafını stimullaşdıracaq təkliflərin, qanun layihələrinin hazırlanaraq hökumətə və ictimai müzakirələrə təqdim olunması olduqca pozitiv ab-hava yarada bilər.

Habelə, Azərbaycanın beynəlxalq imcinin yaxşılaşması, beynəlxalq təşkilatlarla dialoq mühitinin bərba olunması da ölkədə normal parlament institutunun yaradılmasını zəruri edir. Bu gün hakimiyyətə qarşı bu səpkidə kifayət qədər xarici basqılar var. Cənubi Qafqazada Ermənistanın nisbətən normal parlament seçkiləri keçirməsi, Gürcüstanın artıq Qərb dəyərlərinin bərqərar olduğu ölkəyə çevrilməsi Azərbaycana başqa şans qoymur. Ölkənin milli maraqları tələb edir ki, siyasi inkişafı stimullaşdıran addımlar atılsın, Azərbaycan bu rəqabətdən geri qalmasın. Necə ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn Paşinyan komandası Qarabağ məsələsində bu faktordan istifadə etməyə çalışır.

Yeni parlamentin siyasi baxımdan rəngarəngliyi də çox önəmlidir. Bu, Azərbaycanda ayaq altına atılımış siyasi mədəniyyəti bərpa edə, küçə mübarizəsinin əhəmiyyətini azalda, beləliklə, ölkədə normal siyasi müstəvinin formalaşmasına gətirib çıxara bilər. Hakimiyyət bu siyasi atmosferdən çəkinməməlidir, qeyd etdiyimiz kimi, bütün hallarda bu prosesin ən hazırlıqlı tərəfi odur.

Son bir ildə vüsət alan islahatlar kursunun əsas qayəsi cəmiyyətdən dəstək almaq, xalqın rifahını yaxşılaşdırmaqla, siyasi hakimiyyətə inamı, etimadı möhkəmləndirməkdir. Bu yolda iqtidarın ən vacib fiqurlarının qurban verilməsi lazım bilinirsə, onun məntiqi davamı normal parlamentin formalaşdırılmasıdır. Çünki mühüm təsisatın yaxşı vəziyyətə gətirilməsi hakimiyyətə ən böyük dividentləri gətirə bilər və hədəflərinə daha tez çatar.

Bunun əksi nə vəd edir? Bunu cəmiyyət illərlə yaşayır və məyusluqla izləyir. Ənənəvi kursun davam etdirilməsi problemərin bir az dərinləşməsinə səbəb olacaq.

Mənbə AzPolitika.info