Azərbaycanda İİV-ə yoluxanların sayı çoxalıb?

15:46 02-12-2019 85

2019-cu ilin 11 ayı ərzində İİV-ə yoluxma halları faktı 592 nəfərdir. Onlardan 563-ü (95 faiz) Azərbaycan vətəndaşı, 29 nəfəri (5 faiz) əcnəbidir.

milletinsesi.info-ın məlumatına görə, bunu 1 dekabr - Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, qeydiyyata alınmış 563 Azərbaycan vətəndaşının 371-i kişi, 192-i qadındır:

“Bu ilin 1 dekabrına qədər Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 69,4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır.

Bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir. İndiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər olub. İİV infeksiyasından ölmüş vətəndaşların sayı 1045 nəfərdir”.

“2019-cu ilin 11 ayının sonuna RQMM tərəfindən qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,8 faizində heteroseksual, 3 faizində homoseksual kontakt nəticəsində, 1,6 faizində anadan uşağa keçməklə, 0,02  faizində donor qanının köçürülməsi nəticəsində baş verib. 6,6 faizində yoluxma yolu müəyyən edilməkdədir”, - deyə N.Zülfüqarov qeyd edib. 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə rəhbəri Hande Harmancı bildirib ki, 2019-cu ilin iyun ayına olan məlumata əsasən, hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37,9 milyon nəfərdir:

“Onlardan yalnız 24,5 milyonu antiretovirus (ART) müalicə ilə əhatə olunub. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədilə bu xəstəliklə yaşayan hamilə qadınların 82 faizi ART-yə cəlb edilib.

1997- ci illə müqayisədə, İİV-ə yeni yoluxma halları 40 faiz azalıb və 2018-ci ildə onların sayı 1,7 milyon nəfər olub. Şərqi Avropa və Mərkəzi Asiya regionunda yeni yoluxanların 95 faizi risk qrupuna mənsub olan şəxslər və onların cinsi partnyorlarıdır. Təqribən 8,1 milyon insan isə bu xəstəliyə yoluxduğu haqda məlumatsızdır”. 

H.Harmancı qeyd edib ki, 2004-cü illə müqayisədə, bu xəstəlikdən ölənlərin sayı 56 faiz azalıb və 2018-ci ildə 770 min nəfər təşkil edib:

“Epidemiya başlandığı andan 2018-ci ilin sonuna kimi isə ümumilikdə 32 milyon insan vəfat edib. İİV-ə yoluxmanın, əsasən, narkotiklərdən istifadə zamanı keçdiyi qeyd edilsə də, bu gün insanlar bu xəstəliyə daha çox transseksual yollardan yoluxurlar”.

Azərbaycanda ümumilikdə 2019-cu ilin dekabrın 1-nə qədər İİV-lə yaşayan insanların 85 faizə qədəri antiretrovirus terapiya ilə təmin olunub. 

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Natiq Zülfüqarovun sözlərinə görə, 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5741 İİV-lə yaşayan insan cəlb olunub:

“Onların 761 nəfəri bu ilin 11 ayı ərzində müalicəyə başlayıb. 2018-ci ildən etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV infeksiyasının müalicəsində “Test-Treat” strategiyası tətbiq olunur. İİV-ə yoluxması təsdiq olunmuş hər bir vətəndaş qeydiyyata götürüldüyü gündən etibarən ARV dərmanlar ilə təmin olunur”. 

N.Zülfüqarov qeyd edib ki, İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədilə ölkə ərazisində 50 stasionar və 12 mobil könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir.

Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova deyib ki,  Avropa regionunda olduğu kimi Azərbaycanda da İİV-ə yoluxma halları qadınlara nisbətən kişilər arasında daha çox müşahidə edilir.

Onun sözlərinə görə, qərbdə QİÇS halları azalır, amma şərqdə azalma halları olmasa da, yoluxmada sabitləşmə müşahidə edilir:

“İİV-in gecikmiş diaqnostikası problem olaraq qalır. 2020-ci il üçün nəzərdə tutulmuş “90-90-90” hədəfinə nail ola bilmirik. Bu hədəfə görə, İİV-li insanların müalicəyə cəlb olunma göstəricisi 90 faizə, diaqnozun qoyulması 90 faizə, virusun insanlar arasında azalma göstəricisi 90 faizə çatmalı idi”. 

Mütəxəssis qeyd edib ki, hazırda virus yükünün azalması təxminən 73 faizə çatıb: “Çalışmalıyıq ki, birgə əməkdaşlıqla Azərbaycanda da bu hədəflərə nail olaq”.

C.Süleymanova qeyd edib ki, bu ilin sonuna kimi ÜST tərəfindən İİV-in müayinəsi  ilə bağlı yeni tövsiyələrin təsdiqi gözlənilir. Bu tövsiyələr ilin axrına kimi təsdiq olunarsa, gələn ildən Səhiyyə Nazirliyi və QİÇS mərkəzi ilə birgə yeni müayinə protokolları hazırlanacaq.

Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bildirib ki, İİV virusunun cinsi yolla keçmə halı getdikcə artır.

Onun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün maarifləndirmə tədbirlərini artırmaq lazımdır: “Biz bu barədə utanıb danışmasaq, virusun cinsi yolla yayılma halları daha da artacaq. Cavanların cinsi həyatı aktivdir, ancaq nə qədər məlumatlıdırlar? 

Bir müddət öncə üç gənc tələbə seks biznesilə məşğul olan qadının yanına gedib və o üç nəfərdən biri yoluxub. Təəssüf ki, kitab oxuyan gənclərimiz belə bu barədə məlumatsızdır. Yoluxmanın qarşısını almaq çox sadədir. Ancaq mən çox təəssüflənirəm ki, onlar bu barədə məlumatlanmaq istəmirlər”, - deyə direktor qeyd edib.