“Akula Əbülfəz” vətəndaşın evini əlindən almaq istəyir - "Deyir, hara gedirsən get, buranın prezidenti də, hökuməti də mənəm”

15:49 02-12-2019 80

Ölkədə yaranmış hüquqi boşluqadan istifadə edən bəzi insanlar çox asanlıqla başqasının haqqını yeyir, hətta kiminsə evini belə, ələ keçirməyə cəhd edirlər. Açığı, belə halları eşidəndə nə qədər eybəcər bir mühitimizin olduğuna təəssüf etməmək olmur. Belə təəssüfedici hallardan biri də redaksiyamıza gələn Nəsirov Fərmayıl İsgəndər oğlunun başına gələnlərdir.

 

“Balaxanı Bələdiyyəsinin işçisi Qulam ölçdü, verdi”

 

Tovuz rayonu, Qaraxanlı kənd sakini Fərmayıl Nəsirov əri ölmüş, yetim övladı olan qızına Balaxanı Bələdiyyəsindən ev aldıqdan sonra baş verənləri belə nəql etdi: “Mən evi 2015-ci ildə almışam. Evin sahəsini Balaxanı Bələdiyyəsinin işçisi Qulam ölçdü, verdi. Məndən pulu aldılar, sonra sərəncamı verdilər. Bunlar sərəncamı 2004-cü ilə yazıblar. Həmin vaxt dedim ki, axı, bu, qeyri-qanunidir. Deyir, bu, dövlətin idarəsidir, biz dövlətin işçiləriyik”.

 

 “Bələdiyyə işçiləri evi mənə göstərdi”

 

“Bələdiyyənin balansında ev olmur. Siz bələdiyədən necə ev alıbsınız” sualına F. Nəsirov belə cavab verdi: “Mən bilmirəm, bələdiyyə işçiləri evi mənə göstərdi, dedilər ki, ev Müşfiqindir. Müşfiq evi sənə satır, pulu da ona ver. Bələdiyyə ev yiyəsi kimi Müşfiqi çağırdı, dedi evinə müştəri çıxıb. Ev də 4 divar idi, evin bircə damı var idi, otaqlar yox idi. Evi alandan sonra otaqların arasını özüm kəsdim, təmir etdim. Ev ümumi torpaq sahəsi ilə birgə 6,3 sotdu. Bir mərtəbəli evdi”.

 

““Akula Əbülfəz” deyir, öləcəm, öldürəcəm, amma sənin əlindən evi alacam””

 

F.Nəsirovun sözlərinə görə, o, evi tam təmir edəndən sonra evi başqa adama satıblar: “Ancaq evi Müşfiq satmayıb, bələdiyyə satıb. Çünki Müşfiqi ayrı bir ev məsələsinə görə dolaşdırdılar. O, həbsə girən kimi evi satıblar. Sən demə, bunlar bir qrup dəstədir. Xətai rayonda işləmiş köhnə QAİ işçisi “akula Əbülfəz” var. O, başına bir dəstə yığıb, köhnə polis işçilər, “uçaskovı”lardır. Birinin gəlini o birinin katibəsidir, birinin oğlu o birnin şoferidir. Bax, belə bir bandit dəstəsi yaradıblar. “Akula Əbülfəz” deyir, öləcəm, öldürəcəm, 1 milyon xərc çəkəcəm, amma sənin əlindən evi alacam. Deyir, sizi ümumiyyətlə, Azərbaycandan çıxardacam”.

“Balaxanıda olanların hamısının canını boğazına yığıb”

 

“Hazırda “akula Əbülfəz”in heç bir işi yoxdur. Sadəcə, böyük bir dələduz dəstədir, Balaxanıda olanların hamısının canını boğazına yığıb. Kənddən kimsə gəlib uşağına bir ev alan kimi bir-birinə zəng edirlər, tapışırlar. Onların bir köhnə işçisi var, 5 dəfə axtarışa veriblər, gürcüstanlı Telman Dövlətov. O, dizinin üstünə sərəncamı yazır, verir. O, maklerliklə məşğul olurdu. İndi axtarışdadır deyə, Gürcüstana qaçıb, gedib”,-deyə şikayətçi əlavə etdi.

 

““Akula Əbülfəz” deyir, “mənə sənədi bəldiyyələrin böyüyü verib, sən kimsən?”

 

“Onun səlahiyyəti yoxdursa, necə sərəncam verir” sualını isə F. Nəsirov belə cavablandırdı: “Elə mən də onu deyirəm, saxta sərəncam verirlər, dələduz dəstədirlər. Gedib deyirsən ki, mən pul verib, ev almışam, mənim qızımın evini niyə satmısınız? “Akula Əbülfəz” deyir, “mənə sənədi bəldiyyələrin böyüyü verib, sən kimsən? Evdən çıxacaqsan, səni nəsillikcə Azərbayandan çıxardacam”. Adamları çoxdur.  O, buna, bu, ona zəng edir. Belə bir hoqqa qururlar, dələduz dəstədirlər”.

 

“Mən Azərbaycandan köçüb, hara gedim?”

 

F. Nəsirov qeyd etdi ki, məsələ ilə bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət edib: “Məhkəmələrin də hamsı onlardan qorxur. Gəlib məhkəmədə bir qiyamət qoparır ki. Belə baxırsan ki, bu, kimdir, nəçidir. Yəni adi keçmiş QAİ işçisidir, amma heç kəsi vecinə də almır. Deyir, mən prezidenti də vecimə almıram. İstefada olan, işdən qovulanlar hamısı yığılıb bir dəstə yaradıblar. Mənə deyir, mən hüquqşünasam, buranı tərk edin, sizi aparıb “Bandotdel”ə dolduracağıq, orada məhv edəcəyik. Mən neynəyim, Azərbaycandan köçüb, hara gedim? Belə də həyasızlıq, insafsızlıq olar? Yetim uşaqla qalan ərsiz qadına hamı kömək edir ki, yazıqdır, seyid övladıdır, heç olmasa adına bir söz çıxmasın, bir daxma alsın. Heç nə demirəm, mənə dəyən ziyanı ödəsinlər, çıxım gedim”.

 

“Sabunçu rayonunun məhkəmə icraçısı Amil Əmirov dedi ki, Əbülfəz mənə pul verib, almışam, yemişəm”

 

F. Nəsirov bildirdi ki, Usta Prməmməd küçəsində yerləşən 3 nömrəli evi 2015-ci ilin mart ayında 20 min manata alıb: “Bundan sonra evə köçdüm, təmir elədim. 3 il evdə yaşadıq. 3 ildən sonra bizim başımıza bu oyunu gətirməyə başladılar. Ali Məhkəmənin qətnaməsi ola-ola ki, mən çıxsam da, mənim yoldaşım, qızım və nəvəm oradan çıxmamalıdır, amma bizim hamımızı evdən çıxartdılar. Sabunçu rayonun məhkəmə icraçısı Amil Əmirov var, gəldi evin qapısının qıfılını dəyişdi, açarı da mənə göstərib dedi ki, Əbülfəz mənə pul verib, almışam, yemişəm, yaxşı eləmişəm, əlimin içindən gəlib. Mən ondan Baş İcra İdarəsinə şikayət elədim. Orada dedilər ki, “ağsaqqal, sənin işin düzələcək, o qələt eləyir”. Nə vaxt düzələcək? Gəlib balamın qapısını bağladılar, əşyaları da içəridə qaldı. Biz gedəndən sonra veşimizi çölə töküblər, çöldən də oğurlanan oğurlandı. 102-yə zəng edirəm, o da bizə “12-ci bölməyə zəng edin”, deyir. Sən demə, hamısı bunlara işləyir. Qalmışam çıxılmaz vəziyyətdə, bilmirəm, nə edim. Yetim-yesirin də qismətini yeyərlər? Elə insanların başına Allah göydən daş salmalıdır. “Akula Əbülfəz” deyir, hara gedirsən get, buranın prezidenti də, hökuməti də mənəm”.

 F. Nəsirov onu da diqqətə çatdırdı ki, həmin evin ərazisi köhnə “Vahid Bank”ın ərazisidir: “Heç bunların satmağa ixtiyarı da yox imiş. Bunların o torpaq sahəsinə sərəncam verməyə heç haqqı çatmır. Ancaq mənə, məndən sonra da başqaına satıblar”.

 

Şamo EMİN, Hurriyyet.org

 

Redaksiyadan: Mövzunu gündəmdə saxlayacağıq. Yazıda adı qeyd olunan şəxslərin münasibətini dərc etməyə hazırıq.