AVRO-2020: TÜRKİYƏ MİLLİSİ BAKIYA GƏLƏCƏK - "Ölüm qrupu" da məlum oldu

17:43 02-12-2019 90

Rumıniyanın paytaxtı Buxarestdə 2020-ci il Avropa çempionatının püşkatma mərasimi keçirilib. Bədii hissənin ardından aparıcılar səhnəyə çıxıblar. AVRO-2020-nin rəsmi saundrekini ifa edəcək Martin Qarriks təqdim olunub. Ardından çempionata ev sahibliyi edəcək şəhərlər və nüfuzlu yarışa vəsiqə qazanmış komandalarla bağlı təqdimat videosu nümayiş etdirilib.

Rikardu Karvalyu və Joau Mariu AVRO-2020-nin qalibinə verilən Anri Delone kubokunu səhnəyə gətiriblər. Sonra püşkün çəkilməsinə başlanılıb. 

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

A qrupunun oyunlarına İtaliyanın paytaxtı Roma ilə yanaşı, Bakı şəhəri də ev sahibliyi edəcək. 

Püşkün nəticələrinə görə, gələn yay qardaş Türkiyə millisi oyunlarını Bakıda keçirəcək. Türkiyə ilə yanaşı, Uels və  İsveçrə də Bakıya gələcək.

AVRO-2020-də Bakıda keçiriləcək oyunların təqvimi müəyyənləşib.

"Report"un məlumatına görə, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyulun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq.

Bundan başqa 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

Qeyd edək ki, AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Püşkatma nəticəsində "ölüm qrupu! da məlum olub. F qrupunda ən güclülər yer alıb. 

 Püşkün nəticələri belə olub:

A qrupu: Türkiyə,İtaliya, Uels,  İsveçrə.

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Hollandiya, Ukrayna, Avstriya, A və ya D Liqasının qalibi

D qrupu: İngiltərə, Xorvatiya, C Liqasının qalibi, Çexiya

E qrupu: İspaniya, İsveç, Polşa, B Liqasının qalibi

F qrupu: D Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya