Sahibkarlar Bakı şəhər Ticarət və Xidmət Departamentinin rəhbərindən şikayət edir

15:02 03-12-2019 210

Prezidentin sonuncu xəbərdarlığını eşitmək istəməyən departament rəhbəri kimdir?

  Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov sahibkarlara qarşı adət etdiyi üslubdan əl çəkə bilmir.

Cəmi bir ay öncə Azərbaycan Prezidenti İlham Əliyev yeni təyinat alan iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən qeyd etmişdi ki, bəzi dövlət məmurları, yerli icra orqanları sahibkarlara maneələr yaradırlar. Prezident ciddi şəkildə bildirdi ki, sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin.

"Xüsusilə bölgələrdə sahibkar bir balaca iş qurursa, gəlirlər zəli kimi yapışırlar onun bədəninə, sorurlar onun qanını. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcək”.

Azərbaycan Prezidenti İlham Əliyevin bu fikirləri sahibkarlarda böyük inam yaratsa da, bəzi məmurlar görünür, hələ də Prezidentin bu xəbərdarlığından lazımi nəticə çıxarmırlar və çirkin əməllərdən əl çəkmirlər.

Bakı şəhərində çalışan sahibkarlardan bir qrupu redaksiyamıza müraciət edib. Sahibkarlar şikayətlərində bildirir ki, iş adamlarına qarşı amansız olan qurumlar sadəcə, bölgələrdə deyil, Bakı şəhərində də mövcuddur və onlar hər keçən gün daha çox "iştahlanırlar":

Həmişə olduğu kimi, belə qurumların başında yenə də təəssüf ki,  Bakı Şəhər Ticarət və Xidmət Departamenti dayanır. İki ay əvvəl bu qurumdan və şəxsən onun direktoru İntiqam Məmmədovun sahibkarlardan qanunsuz pul tələb etməsindən şikayət etmişdik və şikayətimiz mətbuatda dərc olunmuşdur. Ümid edirdik ki, bu şikayətdən sonra qurumun rəsmiləri ölkədə gedən islahatlardan, ölkə başçısı cənab Prezident İlham Əliyevin sonuncu xəbərdarlığından sonra bir az da olsa, nəticə çıxaracaqlar, lakin gözlədiyimizin tam əksinə olaraq, departament rəhbəri vəziyyəti daha da gərginləşdirdi, ölkə rəhbərinin islahatlarına departamentin direktoru İntiqam Məmmədov fərqli yanaşaraq, departament daxilində özünəməxsus "islahat" aparıb və departamentə yeni-sahibkarlardan daha qəddar, daha amansız üsulla pul tələb edən əməkdaşlar işə cəlb edib. Şikayətdə qeyd olunur ki, bir müddət sakit dayanan departament işçiləri yenidən kiçik sahibkarlıq subyektlərinə qarşı "genişmiqyaslı hücuma" keçiblər. Məlumata görə, kiçik sahibkarlar departamentin bu qanunsuz əməllərindən ölkə başçısına müraciət hazırlayıb və yaxın günlərdə cənab Prezidentə və vitse-Prezidentə göndərəcəklər.

Xatırladaq ki,  Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin adı bir ildir ki, sahibkarlara maneə törədən əsas qurumlardan biri kimi, ölkədə ad çıxarıb. Lakin sahibkarların dəfələrlə etdiyi müraciətə baxmayaraq, Bakı Şəhər meri cənab Eldar Əzizov, nədənsə, Departament rəhbərinin çirkin əməlinə hüquqi qiymət verə bilmir. 2018-ci ilin oktyabr ayından bu qurumun rəhbərliyinə gətirilən İntiqam Məmmədovun gəlişindən sonra isə, bu qurumda sahibkarlardan əsassız haqq tələbetmə halları daha da artıb və sahibkarların incidilməsi adi hala çevrilib».

Sahibkarlar şikayət məktubunda qeyd edir ki, vaxtilə Miqrasiya xidmətində çalışan polkovnik İntiqam Məmmədov, həm də bizneslə məşğul olur və vəzifə səlahiyyətlərini, sadəcə olaraq, şəxsi biznes şəbəkəsini genişləndirmək, sahibkarlardan qanunsuz pul tələb etmək üzərində qurub.

Qeyd edək ki, İntiqam Məmmədov Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi olduğu vaxtdan Miqrasiya idarəsinin rəisi Firudin Nəbiyevin biznesini (onlar həm də kirvədir) idarə edib və onunla şərikdir. Onların əsas biznes şəbəkəsinə Binəqədi rayonunda yerləşən üçmərtəbəli «Ata» supermarketi, «Elay» şadlıq evi (Bayılda), «Ata» market (Montində), Novxanıda restoran və Nabranda «Orxan» İstirahət Mərkəzi, «Fashion Club» gözəllik salonu və Otel (Teymur Əliyev küçəsində), Xudatda fermer təsərrüfatı (500 ha) və çoxsaylı kafelər, dayanacaqlar, yeni tikilən binalar (Masazırda) və yanacaqdoldurma məntəqəsi daxildir.

Göründüyü kimi, İntiqam Məmmədov bir ildir ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktorudur, amma bu bir il ərzində o, rəhbərlik etdiyi qurumda islahatlar aparmaq əvəzinə, dövlət qurumunu şəxsi biznesi kimi idarə edir və cənab Prezident qeyd etdiyi kimi, sahibkarların qanını soraraq, onları incitməyə davam edir.

Prezidentin sonuncu xəbərdarlığını eşitmək istəməyən Departament rəhbəri İntiqam Məmmədov, görünür, adət etdiyi çirkin üslubdan əl çəkə bilməyəcək.

Ümid edirik ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı cənab Eldar Əzizov və aidiyyatı dövlət qurumları Bakı şəhər Ticarət və Xidmət Departamentinin rəhbəri İntiqam Məmmədovun sahibkarlardan çirkin yolla pul tələbetmə metoduna ölkə Prezidentinin tələblərinə əsasən son qoyacaqlar.

 Sahibkarların şikayətini hazırladı:

Mahir