Yaşamaq üçün yalan

19:13 02-12-2019 65

Əgər həqiqəti deyə bilmirsinizsə - susun, yalan danışmaqla iş aşmaz

 Deyirlər, yalanın ömrü 40 gün olur. Amma, məmləkətimizdə yalan ölməzlik statusu qazanıb. Ona bu statusu isə bizim məmurlarımız verib.

İslam dini qiyamətin əlamətləri arasında yalan danışmağı da xüsusi qeyd edərək bildirir ki, qiyamət yaxınlaşdığı zaman düz söz danışan tapmaq mümkün olmayacaq. Mən bu gün qiyamətin əlamətlərini sadalamaq və onları şərh etmək fikrində deyiləm. Baxmayaraq ki, onların böyük əksəriyyəti artıq, dünyada mövcuddur. Lakin yalan elə bir bəladır ki, ona öyrəşən, onun adətkarı olan insanı, cəmiyyəti bu bəladan qorumaq çox çətin olur.

Müasir Azərbaycan cəmiyyətində də, bu gün ali mənsəb sahibi olan məmurlardan tutmuş, adi vətəndaşlara qədər düz danışan bir insan tapmaq çox çətin və müşkül məsələyə çevrilib.

Mənim kimi adi bir jurnalistin yalan danışması, hər hansı bir yoxlanılmayan, dəqiqləşdirilməyən informasiyanı dövriyyəyə buraxması, bəlkə də anlaşılandır və  cəmiyyət üçün elə də ciddi bir diskomfort yaratmır. Ali mənsəb sahibi olan məmurların, deputatların yalan danışması isə ümumilikdə dövlətin imicinə ciddi zərbə vurur, insanların dövlətə inamını sarsıdır, sosial gərginlik yaradır. Bu kimi halların qarşısının alınmasının yeganə yolu, ölkədə baş verənlər barədə xalqa doğru-dürüst məlumat verməkdir.

Bu da məlum həqiqətdir ki, Azərbaycan xalqı dövlət üçün hər hansı bir təhlükə yarandığı zaman, həmişə onun yanında olub və onun siyasətini dəstəkləyib. Prezident İlham Əliyev də bütün çıxışlarında qeyd edir ki, Azərbaycan dövlətinin əsas dəstəkçisi Azərbacan xalqıdır. Belə olduğu təqdirdə xalqa yalan danışmaq, onu aldatmaq nəyə lazımdır? Və nə üçün bu yalanlar hesabına sərvət qazanan məmurlar çetesi hər zaman cəzadan kənarda qalır? Cəzasızlıq mühitindən ruhlanan və bəzi havadarlarına güvənərək fəaliyyət göstərən (daha doğrusu, quldurluq və talançılıqla məşğul olan) bu məmurlar çetesi, daha irəli gedərək, təkcə vətəndaşları deyil, dövlət rəhbərliyini və hətta, Prezidenti belə, aldatmış olurlar. Prezidentin son çıxışları və apardığı kadr islahatları da bunu təsdiq edir.

Yuxarıda da qeyd etdim ki, son zamanlar ölkədə düz danışan adam tapmaq çox müşkül məsələdir. Eyni zamanda olkəmizdə bu yalan marafonunun öz qalibləri, pəhləvanlari və nisbətən zəifləri də var. Qaliblər arasında  "Azərişıq", "Azəriqaz", "Azərsu" və "Azəristilik təchizat" təmsilçiləri birincilər sırasındadır. Bu qurumların rəhbər və təmsilçiləri hər il qışqabağı bol-bol bəyanatlarla çıxış edirlər ki, təmsil etdikləri qurumlar qışa tam hazırdır. Əslində isə bütün ilboyu heç bir iş görmür və ancaq yalan danışırlar. Yaydıqları yalan məlumatlarda isə elə rayon və kənd adları çəkirlər ki, jurnalistlərin həmin faktları yoxlamaq imkanları olmasın.

Mənim yaşadığım Abşeron rayonunun Masazır kəndində son beş ildə bu qurumların hər hansı birinin hansısa fəaliyyətini görməmişəm və bu barədə dövri mətbuatda yetərincə yazılar yazmışam. Həmin qurumların mətbuat xidmətinin rəhbərləri ilə də çoxsaylı əlaqə yaradaraq, bir həmkar kimi yarıtmaz fəaliyyətləri barədə məlumat vermişəm. Hamısı boş və hədər yerə. Çünki xəmiri yalandan yoğrulan bu qurumlar, sadəcə "kommunal xərclər" adı ilə xalqı talamaqdan başqa heç bir iş görmürlər. Onlardan soruşuram, siz insanlara hansı xidmətləri göstərirsiniz ki, onlardan xidmət haqqı da tələb edirsiniz? Mən anlayıram ki, istifadə etdiyin xidmətin haqqını ödəmək lazımdır və insanlar bu qanuna əməl edir. Bəs göstərilməyə, yaxud çox yararsız halda göstərilən xidmətə görə, ən yüksək həddə haqqın ödənilməsini tələb etmək nə dərəcədə məntiqlidir? Vətəndaş 2-3 gün pulu gecikdirən kimi, qapısına yekə bir bildiriş yapışdırırlar ki, "işığınız xəbərdarlıqsız kəsiləcək". Bəs, heç bir xəbərdarlıq olmadan günlərlə kəsilən işığa, qaza, suya görə məsuliyyəti kim daşıyır, bu halda vətəndaş hara müraciət etməli, yaxud kimin qapısına bildiriş yapışdırmalıdır ki, "işığımı bir də kəssəniz, sizi dar ağacından asacağam?".

Əlqərəz, necə deyərlər, sən yazdığını yaz, dediyini de, gör həmin xidmət sahələrinin "xozeyin"ləri nə deyir.

Sənin qarşına "gördükləri" işlər barədə o qədər rəqəm qoyacaqlar ki, nəinki adi jurnalist, hətta mahir iqtisadçı ekspertlər də çaşıb qalacaqlar. "Bumaqa vsyo poterpit"-ruslar belə deyir, yəni kağız hər şeyə dözər. Sənin etirazın, qeyd etdiyin faktlar isə elə yerində də qalacaq. Çünki onların yalan ritorikasında onlara yer yoxdur.

Bəzən məndə belə bir təsəvvür yaranır ki, Abşeron rayonunun, ümumiyyətlə Azərbaycana heç bir aidiyyəti yoxdur və ölkəmizin "iqtisadi inkişafında" heç bir rolu olmadığı üçün (çünki bu rayonun rəhbərliyi ancaq torpaq alveri ilə məşğuldur) ona bu qədər biganə münasibət bəslənilir.

Məni belə düşünməyə valar edən əsas məsələ ölkəmizin müstəqilliyinə, əldə etdiyi iqtisadi uğurlara baxmayaraq, bu rayonun kənd və qəsəbələrində insanların adi kommunal xidmətlərdən belə, məhrum olmalarıdır. Belə çıxır ki, Abşeron rayonunda yaşayan insanlar bütün sosial problemlərini-yol, kanalizasiya, su, işıq, qaz özləri həll etməlidirlər. Yuxarıda adlarını sadaladığım qurumların isə buna heç bir aidiyyəti yoxdur.

Bu günlərdə dövlət başçımızın sərəncamı ilə Xırdalan şəhərində yolların təmiri üçün 3, 5 milyon manat vəsait ayrılıb. Göründüyü kimi, burada da ancaq Xırdalan şəhərindən söhbət gedir. Deməli, digər kənd və qəsəbələr daha çooooox gözləməli olacaqlar. Beləliklə də, qarşıdan gələn qışda da Abşeron rayonunun kəndlərində bacadan çıxan tüstünü görmək mümkün olacaq. İnsanlar qışı yola vermək üçün odun və təzək tədarük edirlər, çünki nə "Azəriqaz"ın, nə də "Azərişıq"ın uydurduğu yalanlara inanıb, soyuqdan donmaq istəmirlər. Allah köməkləri olsun!

Və sonda, "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri, hörmətli Tanrıverdi Mustafayevin son açıqlamasına münasibət bildirmək istəyirəm. Tanrıverdi müəllim öz açıqlamasında qeyd edir ki; "respublikanın fasiləsiz və keyfiyyətli enerji təchizatı işləri yekunlaşır" Mənim, hörmətli Tanrıverdi müəllimə bir sualım var, Siz respublikamızın deyəndə, Abşeron rayonunun Masazır kəndini oraya daxil edirsinizmi? Biz hər il Sizin qışa hazırlıq barədə nağıllarınızı dinləyirik, oxuyuruq, amma heç nə dəyişmir.

"24 il işıqsız qalan Astara rayonunun Sekaşan kəndi yenidən elektrik enerjisi ilə təmin olundu". Olundu-olunmadı bilmirəm, bu qalır Sizin öhdənizdə. Çünki bunu Siz deyirsiniz.

Abşeron rayonunun Masazır kəndində isə insanlar illərdir normal enerji təminatını gözləyirlər. Ancaq və lakin...

Tanrıverdi müəllim, bəlkə Masazır kəndinin "Azərişıq"a aidiyyəti yoxdur? Bu halda üzr istəyirəm! Yox, Sizin təmsil etdiyiniz quruma aiddirsə, bu məsələyə bir aydınlıq gətirin ki,  nə üçün Masazır kəndinin insanları normal elektrik enerjisi ala bilmirlər? Kəndə verilən elektrik enerjisinin keyfiyyət səviyyəsi o həddədir ki, adi məişət avadanlıqlarından belə, istifadə etmək mümkün deyil.

Bir həmkar kimi, səmimi şəkildə, heç bir qərəz güdmədən diqqətinizə çatdırmaq  istəyirəm ki, yalan danışmaq bir dolanışıq yolu olsa belə, Allahu-təalanın da bəyənmədiyi bir əməldir və biz də müsəlmanıq.

 Yusif Seyid