“Gömrük Komitəsi hansı yolla olursa olsun pul toplamağı düşünür” - Aslan İsmayılov Dövlət Gömrük Komitəsini sərt tənqid etdi

15:47 04-12-2019 175

Tanınmış hüquqşünas Aslan İsmayılov Dövlət Gömrük Komitəsini (DGK) tənqid atəşinə tutub. 

“Yeni Sabah.az” xəbər verir ki, Aslan İsmayılov xüsusilə Gürcüstan nömrəli avtomobillərlə bağlı DGK sədrinin qadağasına diqqət çəkib. O, bu qadağanı kobud qanun pozuntusu adlandırıb: “Yadınızdadırsa yazmışdım ki, Gömrük Komitəsi ancaq vətəndaşlardan hansı yolla olursa olsun pul toplamağı düşünür. Bunun da islahata heç bir aidiyyatı yoxdur. İslahatın əsas məqsədi vətəndaşların vəziyyətini yaxşılaşdırmaq, yığılmış narazılıqları aradan qaldırmaqdır.

Avtomobillərin gömrük rüsumları əcaib dərəcədə çox olduğundan insanlar məcburən avtomobillərini Gürcüstan nömrələri ilə sürür və 90 gündən bir ölkədən çıxıb qayıtmaq məcburiyyətində idilər. Bir müddət əvvəl isə Gömrük sədri Səfər Mehdiyev onun da qarşısını aldı. Artıq Gürcüstan nömrələri ilə avtomobillərin ölkədə il ərzində 90 gündən artıq qalma imkanı olmayacaq.

“Gömrük Komitəsi hansı yolla olursa olsun pul toplamağı düşünür” –

Birincisi bu kobud qanun pozuntusudur. Ona görə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə qərarının 4.3 bəndinə əsasən Xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 (doxsan) gün müddətinədək icazə verilir. Yəni Gürcüstan nömrə nişanlı maşınlar 90 gün müddətinə əməl etməklə yenidən ölkə ərazisinə eyni qaydada daxil ola bilərlər. Bir sözlə yenidən ölkə ərazisinə müvəqqəti olaraq daxil olmağın qadağan edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. DGK isə öz qərarında bu mətnə 1 il ərzində sözünü əlavə edib. Bu isə bir ayağı burda, bir ayağı Gürcüstanda olan Azərbaycanlıların ciddi narazılığına səbəb olub.

Bundan başqa, daxili avtomobil istehsalı, düz-əməlli ictimai nəqliyyat sistemi, vətəndaşların ciblərinə uyğun avtomobil kredit şərtləri olmayan bir ölkədə avtomobil dəyərinin 70-80 faizini gömrük rüsumuna ödəmək hansı məntiqə sığır?!”