Prezidentin apardığı islahatlar xalqı ruhlandırır

18:36 04-12-2019 65

Lakin yeni yaranan komandaya inamsızlıq var

Ölkə Prezidenti çox ciddi, hətta inqilab adlandırılacaq qədər qəti, dönməz islahatlara start verib. Ölkənin bütün strukturlarında dərin kadr dəyişiklikləri gedir. Prezident Administrasiyasında struktur dəyişdi, Nazirlər Kabineti yeniləndi, parlament buraxıldı, bir neçə dövlət strukturu birləşdirildi, icra başçılarının dəyişdirilməsi prosesi isə davam edir. Ölkədə yeni dönəmin başlandığını hər kəs müşahidə edir. Bu prosesdə yeni təyin olunan kadrların əksəriyyəti cəmiyyət tərəfindən tanınmasa da, islahatı gerçəkləşdirən Prezidentə böyük ümid bəslənir. Xalq uzun illər dövlət kürsüsündə lövbər salmış rüşvətxor-korrupsioner məmurların kütləvi şəkildə vəzifədən uzaqlaşdırılmasını alqışlayır. Cənab Prezidentin cəsarətli və qətiyyətli addımları insanları həm ruhlandırır, həm də qorxudur. İnsanlar Prezidentin apardığı islahatlardan ona görə ruhlanır ki, 25-26 ildir xalqa zülm etmiş, onu rüşvət və korrupsiya makinasında əzmiş komandanı yola salır. Qorxurlar ona görə ki, islahat nəticəsində vəzifəyə gətirilən, əksəriyyəti gənclərdən ibarət olan kadrların hər biri yola salınan rüşvətxor və korrupsioner məmurların ölkədə yaratdıqları çirkli, rüşvət və korrupsiya bataqlığının mövcud olduğu mühitdə işləyib, yetişiblər.

Yeni təyin olunan kadrların əksəriyyətinin tərcümeyi - halında xaricdə təhsil almaq, bir neçə xarici dili bilmək, yüksək dərəcəli mütəxəssis olmaq kimi keyfiyyətlər önə çəkilir, xüsusi qeyd edilir. Olsun, çox yaxşı. Əlbəttə, hər bir kadr üçün xaricdə təhsil almaq, gənc olmaq, bir neçə xarici dil bilmək müsbət keyfiyyətdir. Amma gəlin, etiraf edək ki, sadaladığımız yaxşı və vacib keyfiyyətlər gənc kadrların dövlət vəzifəsini tutub, xalqa və dövlətə ləyaqətlə xidmət etməsinə zəmanət vermir. Burada xalqı maraqlandıran əsas məsələ odur ki, vəzifəyə təyin olunan şəxs, kim olur- olsun, dövlət vəzifəsi tutan hər kəs indiyədək xalqı və dövləti zəlil qoymuş rüşvətxorluq, korrupsiya, qohumbazlıq, yerlibazlıq və digər mənfi hallara qarşı barışmaz olsun, bu iyrənc hallara son qoysun!

Cənab Prezident islahatlara 2018-ci ilin əvvəlindən başlayıb və bir neçə naziri yenilərilə, gənclərlə əvəz edib. Bu nazirlər artıq 2 ildir ki, vəzifədə çalışırlar və xalq onların fəaliyyəti haqqında o qədər də müsbət fikirdə deyil, onların fəaliyyətinə qiymət vermək üçün ölkə mətbuatını nəzərdən keçirmək və ictimai rəyə diqqət yetirmək kifayətdir.

Yeni təyin olunmuş gənc nazirlərdən biri də təhsil naziri Ceyhun Bayramovdur. Gəlin, ölkə təhsilində hökm sürən rüşvətxorluğa və korrupsiyaya xalqın gözü ilə baxaq. Ölkənin körpələr evində, uşaq bağçalarında, orta və ali təhsil müəssisələrində baş verən qanunsuzluqla - rüşvət, korrupsiya, qohumbazlıq, yerlibazlıq, dostbazlıq və digər mənfi hallar təhsil sistemini tam iflic vəziyyətinə salıb. Bakı şəhərində fəaliyyət göstərən bütün uşaq bağçalarında, orta və ali təhsil ocaqlarında müşahidə edilən durum hər bir insanı qəzəbləndirir.

Ölkə Prezidenti bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində Təhsil Nazirliyinə dəfələrlə göstəriş verib, amma nazir təhsil sistemini mənfi ünsürlərdən təmizləmək əvəzinə, yerlibazlıq edir, vəzifəyə təyin etdiyi hər 10 nəfərdən 5-i öz yerliləridir.

Cənab Prezident ölkədə peşə təhsilinin inkşaf etdirilməsini, yeni müasir peşələrə ehtiyac yarandığını dəfələrlə qeyd edib və bu sahədə dönüş yaratmağı nazirlikdən tələb edib. Dövlət Peşə Təhsili Agentliyi yaradılıb. Bu Agentlik sözün tam mənasında dəllal bazarına çevrilib. Agentliyə direktor vəzifəsinə Famil Mustafayev təyin edildi, o AAK-a rəhbər təyin olunduqdan sonra isə, yerini nazirlikdə şöbə müdiri vəzifəsində çalışan Pərviz Yusifova verdi. Pərviz Yusifov Agentliyə direktor təyin edildiyi gündən peşə liseylərində kadr təyinatı, xüsusən direktorların vəzifəyə təyin edilməsində rüşvətxorluq çiçəklənmə dövrünü yaşayır. Bu sahədə xüsusi fəallıq göstərən direktorun müavini vəzifəsini daşıyan Amil müəllim, yaranmış vəziyyətdən istifadə edərək, istədiyi çirkin oyunu oynayır. Məsələn, Amil müəllimin vasitəçiliyi ilə Sumqayıt 10 saylı Peşə Liseyinə yeni direktor əvəzi təyin olunmuş xanım haqqında gedən xoşagəlməz söhbətlər, hadisələr polis orqanları tərəfindən araşdırılır.

Misal gətirdiyim bu hadisə Təhsil Nazirliyində baş verən minlərlə xoşagəlməz hadisələrdən yalnız biridir. Ölkənin bütün peşə sistemində dəhşətli cinayət hadisələri baş alıb gedir. Respublika Prokurorluğu və DİN-in iki gün əvvəl birgə yaydıqları məlumatda Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinovun məktəbin digər işçiləri vasitəsilə peşə məktəbində təhsil alan şagirdlərin “Kapitalbank" ASC tərəfindən təqdim edilmiş plastik kartlarından istifadə etməklə, 2017-2019-cu illər ərzində onların aylıq təqaüdlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Şahnaz Salehqızı