Mazımçay Gömrüyündə “gözə görünməyən” biznes

15:35 08-01-2020 85

Balakən rayonundan Gürcüstan Respublikasına keçid etmək üçün Mazımçay Gömrük Keçid Mməntəqəsindən adlamaq lazımdır. Çoxları buranı “Balakən Gömrüyü” kimi tanıyır. Hələ bu yaxınlarda bir qrup jurnalist də orada təşkil olunmuş işlərlə tanış olmaq üçün səfər etmişdi.  

 

Geri dönənə kimi sevinc

 

İlk baxışdan hər şey yaxşı təşkil olunub. Keçənləri maksimum tez yola salmağa çalışırlar. Üzlərinə gülürlər, mehribanlıq göstərirlər. Və səndə o təəssürat yaranır ki, nə yaxşı, bizdə də belə bir yanaşma var. Lakin bu sevincin geri qayıdana kimi davam edir.

Həmin təmtəraqdan, şatafatdan əsər-əlamət qalmır. Sifətlər sallanır, əşyaların az qala göydə uçuşur, “vətəndaş” deyişləri hər kəlmədə dilə gətirilir, qanunun bütün “maddə”ləri sadalanır (onların düz və ya səhv olmasını isə bilən yoxdur), sifətlərdəki sərtlik isə bir ayrı aləm olur. Bir anlıq geri dönməyinə peşman olursan. Bu piyadalara aiddir.

 

Filfiloçu gömrükçülər

 

Avtomobillə sərhəddi geri qayıdanlar isə bir başqa mənzərəyə şahid olurlar. Maşın dayanan kimi, içəridə ailənin olub, olmaması nəzərə alınmır. Bir qrup gömrükçü az qala hücum çəkərək, maşının içinə soxulurlar.

Bu azmış kimi, maşının qapısından tutmuş, damına qədər hər yeri az qala didik-didik axtarılır. Elə zənn etməyin ki, gömrükçülər bu axtarışları ona görə aparırlar ki, qanunun tələbini yerinə gətirsinlər. Və ya onlar hansısa qadağan olunmuş mal, kitab və ya başqa bir şey axtarırlar.

Əksinə, gömrükçüləri maraqlandıran başqa şeydir. Həmin “şey” də odur ki, maşında sərnişinlər və sürücü nə qədər spirtli içki və ya siqaret keçirir. Ərzaq və digər bu kimi mallara maraq olsa da, bu o qədər əhəmiyyətli hesab olunmur. Çünki kolbasa, sosiskadan “çörək” çıxmır.

Avtomobil didik-didik edildikdən sonra tapılan (halbuki heç kim onları gizlətmir) spirtli içkilər xüsusi qənimət olaraq götürülür, sürücü xüsusi otağa dəvət olunur və orada “qanun” dilində danışıq başlanılır.

“Filan qanunun filan maddəsinə əsasən siz filan qədər spirtli içki və ya siqaret apara bilərsiniz. Lakin sizin yükün içərisindən normadan artıq siqaret və spirtli içki aşkarlandığından onlar müsadirə olunur, anbarda saxlanca verilir, protokol tərtib olunur”. Bu sözləri sadə vətəndaş eşitdikdə təbii ki, narahat olur. Çünki bir də bu “bəzəmə” əməliyyatının içində onlara xox da gəlinir ki, bəs, belə işlərə görə, adam məsuliyyətə də cəlb oluna bilər. Ona görə də, vətəndaş gətirdiyi siqaret və ya spirtli içkidən gömrükçülərin təklifi ilə imtina edir.

 

Bazara çıxarılan “müsadirə olunmuş” mallar

 

Əslində, burada məqsəd başqadır. Bunu öyrənmək üçün Mazımçay Gömrük Keçid Məntəqəsindən 50-cə km aralanmaq kifayətdir. Elə bir-iki nəfərdən soruşmaq bəs edir ki, gömrüyün bu oyunbazlığının sirri açılsın. Bununla bağlı, apardığımız qısa araşdırma da göstərdi ki, yanılmamışıq və gömrükçülərin “qanunçu don” geyinmələri sadəcə, göz boyamaq üçündür. Çünki gömrükdə saxlanılan malların səsi ən geci bir neçə gündən sonra Balakəndən tutmuş, Oğuza qədər bütün “qara bazar”dan, şadlıq evlərindən, çobanlardan gəlir. Bir qədər detallı izah edək.

Deməli, Mazımçay Gömrük Keçid Məntəqəsində “müsadirə” olunmuş mallar öncə anbarlara yığılır və sahibinin bu işin dalıyca düşüb, düşmədiyini müyyən etmək üçün bir həfətə gözlənilir. Səs çıxmadısa, həmin mallar rahat bir şəkildə gömrükdən çıxarılır və Balakəndən Oğuza qədər bütün tanış şadlıq evlərinə, əldə mal satanlara ötürülür. Hətta bu ərazilərdə çoxluq təşkil edən çobanların siqaret və araq ehtiyacları da məhz gömrükçülərin sayəsində qarşılanır.

Bu rayonlarda yaşayanların dediklərindən belə məlum olur ki, hər ay gömrükçülərin bu “əməliyyatları” onlara yüz minlərlə manat qazanc gətirir. Çünki maya dəyəri olmayan malları asanlıqla müştərilərinə çatdırıb, onlara müəyyən qiymət qoymaqla böyük pullar əldə edirlər.

 

Ehtiyat hissələri biznesi necə nəzarətə götürüldü?

 

Ancaq Mazımçay Gömrük Keçid Məntəqəsində çalışanların (rəisindən tutmuş adi işçisinədək) biznesləri təkcə, bu işlə yekunlaşmır. Məsələ odur ki, gömrükçülər Azərbaycana avtomobil ehtiyyat hissələri daşıyanların da əsas himayəçiləri hesab olunurlar. Belə ki, onlarla şəxs hər ay Gürcüstandan müxtəlif maşınların ehtiyat hissələrini Balakən gömrüyündən keçirirlər. Məlumatlara görə, Gürcüstandan elə da baha qiymətə alınmayan həmin ehtiyat hissələrinin bir qismi rəsmi gömrük sənədlərinə salınmır.

Daha doğrusu, onun kiçik bir hissəsi rəsmiləşdirilir və nəzərdə tutulmuş məbləğdə gömrük rüsumu alınır. Yerdə qalan hissənin (xüsusən böyük hissəsinin) isə sənədləşdirilməsi ya həyata keçirilmir, ya da başaq bir məhsulla “əvəz edilir” ki, bunun da müqabilində gömrük rüsumunun yarısı qədər “haqq” alınır.

Bəzi şəxslər bildirir ki, əvvəllər bu proses açıq şəkildə həyata keçirilirdi. Hazırda isə gömrükçüləri bir qədər sıxışdırdıqlarından açıq iş görməyə cəsarət etmirlər.

Hərçənd, Şimal-Qərb rayonlarımızda ehtiyat hissələri satılan dükanların sayı həddindən artıq çoxdur. Onların qiymətləri də Bakıdan xeyli fərqlənir, bunu adi alıcılar da təsdiq edirlər. Bu fərqliliyin səbəbi də yuxarıda sadaladığımız məsələ ilə bağlıdır. “Əl əli yuyar, əl də üzü”.

 

Mərdəkandakı saxlancın “sirri”

 

Bu araşdırmaların bir ucunun Mərdəkana qədər gəlib uzanması yəqin ki, oxucularda təəccüb yaradacaq. Düşünəcəklər ki, Mərdəkan harda, Balakən harda? Amma onların arasında çox qəribə bir bağlantı və maraq var. Bu marağı araşdırarkən məlum olur ki, təkcə, Balakən deyil, həmçinin bütün gömrük keçid məntəqələrimizlə Mərdəkandakı saxlanc arasında çox ciddi əlaqə var və bu əlaqə də böyük məbləğdə pullar deməkdir.

Bununla bağlı apardığımız çeşidli araşdırmalardan dolayı olduqca maraqlı nəticələr əldə etmişik. Onların bir qisminin dəqiqləşdirilməsinə ehtiyac olduğundan hələlik bu barədə geniş yazmırıq. Lakin yaxın günlərdə Dövlət Gömrük Komitəsinin Mərdəkanda yerləşən əsas anbarında nələr baş verdiyini oxucularımıza təqdim edəcəyik.

Və oxucularımız hali olacaq ki, Bakıda restoranlarda peyda olan və qiyməti münasib içkilərin mənbəyi haradır. Və ya küçədə satılan siqaretlərin necə gəlib piştaxta üstünə çıxması necə təşkil olunur. Qidadan tutmuş, məişət texnikasına, ayaqqabıdan başlamış tikinti materiallarına qədər hər şeyin alverini həyata keçirən gömrükçülər, heç də üzdə göründükləri kimi “məsum” deyillər.

 

P.S. Qarşı tərəfin məsələ ilə bağlı münasibətini dərc etməyə hazırıq.

 

P.P.S. Dünən əməkdaşımızla yol yoldaşı olan Astara sakini Balakən gömrüyündən keçərkən başına gələnləri qısa nəql edib. Doğrusu, onun dediklərindən sonra sərhəddə belə gömrükçülərin olmasından utanc duymadan keçmək olmur. Bu barədə növbəti yazımızda.  

Mənbə jamaz.info