“İRAN OLMASA ERMƏNİSTAN ÇOXDAN DİZ ÇÖKMÜŞDÜ...” – “Savaş İranlıq deyil”

16:23 08-01-2020 130

Tarix elmləri doktoru, professor Xaləddin İbrahimli general Qasım Süleymaninin İraqda öldürülməsindən sonra bölgədə yaranmış vəziyyətlə bağlı “AzPolitika.info”-nun suallarını cavablandırıb.

Professor hadislərin bundan sonrakı inkişaf istiqamətləri, habelə İranın daxili situasiyasına, Güneydə milli hərakata, o cümlədən, Azərbaycana mümkün təsirləri barədə fikirlərini bölüşüb.

Müsahibəni təqdim edirik:

-- Xaləddin bəy, İraqdakı ABŞ səfirliyinə hücum oldu, cavab olaraq İranın məşhur generalı, SEPAH-ın xarici əməliyyatlarına rəhbərlik edən Qasım Süleymani qətlə yetirdi. İran və ABŞ arasında gərginlik niyə bu həddə çatdı? Proseslər indi hansı mərhələdədir?

- Qasım Süleymani İraq, Suriya, Yəmən, Fələstin və Livanda geniş fəaliyyət imkanlarına, terror siyahısında olan qruplarla, o cümlədən, PKK ilə əlaqələrə sahib idi. Şiəlik bayragı altında Orta Doğunun əksər bölgələrində müxtəlif səpkili silahlı hücumlar təşkil edir, fəaliyyətlər həyata keçirirdi. Bu əməllər bölgədə sülhyaratma imkanlarını məhdudlaşdırırdı. ABŞ onun rəhbərlik etdiyi qrupu terrorçu siyahısına daxil etmişdi.  Ona görə də belə bir addım atdı.

- İranın ABŞ-a cavab vermək imkanlarını necə dəyərləndirisiniz? Effektiv zərbələr endirməyə potensialı varmı?

- İraqla savaşda oldugu kimi, bu dəfə də Tehran rejimi azərbaycanlıların hissləri ilə oynayır, onları savaşa təhrik edir. Siz son iki min ildə savaş meydanında, İslam yolunda Səlahəddin Əyyubi və ya Sultan Alparslan kimi böyük qəhrəmanlıq göstərən və tarixə həkk olunan bir fars qəhrəmanını göstərə bilərsinizmi? Təbii ki, çox az adamın tanıdıgı bir-iki nümunə göstərə bilərlər. İranın ABŞ-la savaş ritorikası sadəcə donkixotluqdur. İran pərdə arxasında, su altında oynamağı sevir. Savaş İranlıq deyil. İraqla ugursuz savaş bunu göstərdi. Orada da yenə azərbaycanlıların sayəsində ciddi məglubiyyətlərdən qurtuldular.

İran olmasaydı Ermənistan çoxdan diz çökmüş, ag bayraq qaldırmışdı. Azərbaycan torpaqlarının uzun illərdir işğal altında qalmasında İranın payı çoxdur. Bu dövlət nə qədər zəif olsa, bizim ölkəyə faydası o qədər çox olar. Çünki açıqca və həyasızcasına Ermənistanı himayə edir. Bu gerçəkliyi Güneydə yaşayan hər bir soydaşımız yaxşı dəyərləndirməlidir. Tehran rejiminə heç bir dəstək verməməlidirlər. Bu yaxınlarda baş verən ümumi İran hərəkatında azərbaycanlılara nə divan tutdular, nə qədər gəncimizi edam etdilər. Bir rejimdən üz döndərmək üçün daha nələr olmalıdır?

- Rusiya və Türkiyənin hadisələrə reaksiyası və bundan sonra proseslərdə iştirak forması nədən ibarət ola bilər?

- Rusiya ABŞ-ın bölgədə gərginliyi dırmandıran bu addımından, İranla ABŞ arasında münasibətlərin daha da soyumasından məmnundur. Orta Doğuda əli-qolu daha da açılacaq, ABŞ-dan daha çox güzəştlər qoparmaq eşqinə düşəcək. İranla vəziyyət gərginləşəndə ABŞ Türkiyəyə yaxınlaşmalı olur. Bu da yaxşı haldır. Aralıq dənizində və Liviya ətrafında yaranan gərginliyi öz xeyrinə həll etmək üçün Türkiyənin imkan və fürsətləri artır. İtirən İrandır və hər gün Orta Doğuda təsiri zəifləyəcək. İraqın müstəqilliyi artacaq. Orta Doguda sülhün bərqərar olması üçün İraqın müstəqilliyinin artması əhəmiyyətlidir.

- Hadisələrin İranda daxili vəziyyətə, xüsusən, Güney Azərbaycandakı milli hərakata hansı təsirləri mümkündür?

- Güneyli qardaşlarımız bilməlidir ki, yol birdir - milli azadlıq! Müstəqil Azərbaycan dövlətinin yaradılması. Farsla bir arada müstəqil Azərbaycan yoxdur. Çoxlu "ideoloqlar", "dədə qorqudlar" var. "O yolnan da gedin, bu yolnan da gedin" deyib xalqın beynini qarışdırır, zehnini bulandırırlar. Heç kimə qulaq asmaq lazım deyil. Yol bir, hədəf birdir - tam müstəqillik! Bunun üçün beynəlxalq şəraiti oturub gözləməyə ehtiyac yoxdur. Millət öz gücünə arxalanmalı və azadlığını əldə etməlidir.  "İranın sahibi bizik" deyən türklərə də anlatmaq lazımdır ki, getsinlər Tehranda yaşamaqda davam etsinlər. Bu, beyni yuyulmuşlar İrana necə sahibdirlər ki, öz dillərində təhsil belə ala bilmirlər. Siz güneyli qardaşlarımızın nitqinə fikir verin, ədəbi dildə danışa bilmirlər, yazmaq oxumaq bir tərəfə qalsın.

- Azərbaycanda İranı dəstəkləyən xeyli sayda insan sosial şəbəklərdə aktiv təbliğat aparır, İranı müdafiə edirlər. Habelə, bir sıra din xadimləri də çəkinmədən Qasım Süleymaninin qətli ilə bağlı xütbələr oxuyur, açıq çağırışlar edirlər. Bu situasiyanın yaranması nəyin nəticəsidir və Azərbaycan hökuməti ona qarşı nə etməlidir?

- İran ə həm burda, həm Borçalıda mükəmməl bir şəbəkə yaradılıb - şiə ideyaları ilə silahlanan cahillər şəbəkəsi. İrandan həm maddi, həm mənəvi qidalanırlar. Aralarında tanınmış "ziyalılarımız" da var. Kafa qarışdırır, zehin bulandırırlar. Azərbaycan belə həssas məsələlərlə məşgul olmağa, önləyici tədbirlər görməyə hazır deyil. Ölkədə bu istiqamətdə beyin mərkəzləri yaradılmayıb. Ona görə Tehran boşluqdan məharətlə istifadə edir. Təəssüf ki, Türkiyə Cümhuriyyəti də fəaliyyətsizdir. Borçalıda məhz Türkiyənin yanlış siyasəti ucbatından İran aktif fəaliyyət göstərir və bu strateji bölgəni təhlükəli qüvvəyə təslim edir. Bu kiçik bölgə Ermənistan-Gürcüstan; Azərbaycan-Türkiyə; İran-Rusiya arasında körpü rolunu oynayan Qafqazın ən strateji bölgəsidir və qəribə də olsa hazırda orada ən ciddi təsir imkanlarına sahib olan dövlət kimi İran görünür. Belə vəziyyət isə ən çox Ermənistana sərf edir.

Elçin Rüstəmli