Normal insan kimi yaşamaq hər kəsin haqqıdır

19:23 08-01-2020 105

Deməli, 2020-ci ili görmək, yaşamaq taleyimizə yazılıb. Hətta bu ilin rəngi də məlumdur.

Yarandığı gündən ta bu günümüzədək, dünyanı qırmızı «qana boyamaq» uğrunda çalışan ABŞ-ın «Pantone» tədqiqat institutu 2000-ci ildən başlayaraq, hər ilin rəngini seçir. Bu ilin də rəngini seçdi - ölümsüz və sakit çalar, alatoran səma haqqında düşüncələr vəd edən, “canlı mərcan” rəngidir ilimizin rəngi.

Bu günkü yazımın mövzusu nə rənglərdən bəhs etməkdir, nə də onların bizə bəxş edəcəyi fantastikadan.

Hər şəxsin, hətta hər canlının öz vətəni var. Bu vətənin övladları öz vətənində azad da ola bilər, əsir də. Yer üzündəki bütün insanlar yeganə arzu ilə yaşayır - azad yaşamaq. İnsan eqosunun ən bariz ifadəsi olan "azadlıq" onun instiktiv fəaliyyətidir. Qul olmaq onu fərd olaraq sıxar, bu hiss zamanla böyüyüb toplumun ən böyük faciəsinə çevrilər.

Hər kəs, hər bir toplum azadlıq istəyir. Çünki tarix boyu axıdılan qanların məqsədi də bu olub - azadlıq eşqi!

Azərbaycan xalqı da öz vətənində azad yaşamaq üçün tarix boyu, zaman-zaman belə sınaqlardan keçib. Xalqımızın ən son mübarizəsi sovet rejiminin amansız əsarətindən xilası üçün olub. 1990-cı ildə əldə etdiyi azadlığın ən böyük mükafatı bolşevik işğalından əvvəl qurduğu, (1918-20-ci illərdə) Azərbaycan Xalq Cümhuriyyətini yenidən bərpa edib. Beləliklə, 18 oktyabr 1991-ci ildə ölkənin Müstəqillik Aktı qəbul olunub.

1991-1993-cü illərdə ölkəmiz üçün çətin sınaqlar ölkə ərazisinin 20 faizinin erməni işğalına məruz qalması, ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizə, dövlətimizin parçalanma təhlükəsi Heydər Əliyevin hakimiyyətə gəlməsilə nəticələndi. Qısa müddətdə Heydər Əliyev tərəfindən dövlətin bütün strukturları bərpa olundu və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi- referendumu ilə Müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Beş bölmədən, on iki fəsildən və yüz əlli səkkiz maddədən ibarət olan bu Konstitusiyada vətəndaş hüquqları ilə bağlı ən incə detallara belə, diqqət yetirilib, Azərbaycan vətəndaşlarının bütün hüquq və azadlıqları Ana Yasada tam əks olunub.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan əsas prinsiplərdən biri də “ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək”dir. Dövlətin öz vətəndaşının qayğısına qalmasından yaxşı dünyada nə ola bilər - əgər Konstitusiyamızda sözü gədən prinsiplərə tam əməl olunarsa, bu, çox gözəldir. Amma gəlin görək, Konstitusiyamızın əhatə etdiyi gözəl prinsiplərə əməl olunurmu?

Bu suala bəri başdan cavab verək ki, xeyr, əməl olunmur!

Hər kəs yaxşı bilir ki, dövlətin gücü, qüdrəti, vətəndaşların rifahı, dövlətin təhsilin, elmin inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərməsi nəticəsində təmin olunur. Əgər ölkədə təhsilin və elmin inkişafına hər il dövlət büdcəsindən ayrılan pul vəsaitinin miqdarı son dərəcə azdırsa, biz vətəndaşların rifahının yüksək təminatından danışa bilmərik. Hazırda Azərbaycan aliminin qazancı aylıq orta hesabla, 500-600 manat təşkil edirsə, müəllimə 300-500 manat əmək haqqı verilirsə, minimal təqaüd 200 manatdırsa, biz hansı layiqli həyat səviyyəsindən söz aça bilərik?

Ziyalısının maddi sıxıntılar içində sosial həyatını sürdüyü cəmiyyətdə hansı yüksək elmi inkişaf ola bilər?

Tələbələrin qarşısına nimdaş geyimdə gələn, aldığı maaşı ondan öncəki ayda etdiyi borcunu ödədikdən sonra, yerdə qalan pulu bir ay ərzində hara xərcləyəcəyi haqda baş sındıran müəllim şagirdlərin yüksək təhsil alması üçün normal çalışa bilərmi?

Kirayə pulunu vaxtında ödəyə bilməyən, tez-tez mənzil dəyişməyə məcbur qalan vətəndaş ciddi əmək sərf etmək üçün təminatsız, narahat yaşayışla vətən, dövlət üçün necə həvəs göstərə bilər?

Məktəb ləvazımatı, geyim ilə təmin etməyə gücü çatmayan xeyli sayda valideynin övladını məktəbə göndərə bilməməsi acı reallıqdır. Nəticədə təhsildən kənarda qalan, normal təhsil almayan gənclər mənfi ünsürlərin təsirinə məruz qalır, xurafat uçurumuna düşür, narkomaniya, oğurluq və cəmiyyətdə mövcud olan arzuolunmaz digər mənfi proseslərə qoşulur.

Yada salaq ki, Azərbaycan Respublikasının  Konstitusiyasında əks olunan əsas prinsiplərdən biri də “Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək”dir.

Ayda bir dəfə belə, kinoya, teatra getməyən, normal istirahət etməyə imkanı olmayan ziyalı biletinin qiyməti sadə vətəndaşın maaşından bir neçə dəfə yüksək olan teatrlara necə getsin? Bərabərhüquqlu, demokratik dəyərlər üzərində qurulmuş dövlətin əsas meyarı sayılan prinsip belə olmur!

Baxın, vətəndaş olaraq, oxuduqca şərəf duyduğum, lakin çox çətinliklə yaşadığıma görə, utanc hissi keçirdiyim bu cür kəskin ziddiyyətlərin Konstitusiyada əksini tapan müddəaların gerçəyə çevrilməsini istəyirəm!

Susub, saatlarla gözümü bir nöqtəyə zilləyib, həyatın pessimist notlarına yüklənmək istəmirəm!

Yeraltı və yerüstü sərvətlərilə zəngin olan Azərbaycan vətəndaşı kimi, müstəqil vətəndə Konstitusiyada milyonlarla vətəndaşa vəd edilən sosial-siyasi hüquqlardan istifadə etmək istəyirəm!

Yəni azad, müstəqil dövlətin vətəndaşı olaraq, xoşbəxt yaşamaq haqqımı istəyirəm! Çünki adını tarixə şərəflə yazmış xalqın nümayəndəsi kimi, Azərbaycan dövlətinin azad vətəndaşı kimi, firavan yaşamaq hər birimizin haqqıdır, yalnız vəzifəli və imkanlı adamların yox!

 Şahnaz Salehqızı