Biznesmen deputatlığa namizəd YAP-ın namizədinə qarşı...

15:58 13-01-2020 55

Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov növbədənkənar parlament seçkilərinə qatılıb. Editor.az xəbər verir ki, məşhur YAP funksioneri 16 saylı Yasamal II Seçki Dairəsindən seçki marafonuna qoşulub.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan və partiyada yüksək vəzifə tutan Ramin Əhmədovun namizədliyi partiya tərəfindən deyil, öz təşəbbüsü ilə irəli sürülüb.

Editor.az xatırladır ki, cəmi bir ay öncə Yeni Azərbaycan Partiyası tərəfindən Nizami rayon bələdiyyəsi üzvlüyünə Ramin Əhmədovun namizədliyi irəli sürülüb və o partiya siyahısı ilə bələdiyyə üzvü seçilib.

Hazırda isə onun deputatlığa namizəd olduğu 16 saylı Yasamal II Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyası Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərovun namizədliyini irəli sürüb.

Xatırladaq ki, YAP rəhbərliyi dəfələrlə üzvlərinə xəbərdarlıq edərək partiyanın siyahısından kənar namizədliklərini irəli sürməməyi tapşırıb. İndiyədək partiya siyahısından kənar namizədliklərini irəli sürən bir çox şəxslər YAP üzvlüyündən çıxarılıb.

Məlumatlı mənbənin iddiasına görə, Ramin Əhmədov seçki prosesinin sonuna qədər namizədliyini geri götürməzsə, onu da eyni tale gözləyir.

Qeyd edək ki, Ramin Əhmədovun adı indiyədək mətbuatda bir sıra qalmaqallı hadisələrdə hallanıb. Vaxtı ilə Reportyor.info saytı yazırdı ki, R.Əhmədov YAP Nizami rayon Təşkilatının sədr müavini kimi Nizami rayonunu şəxsi həyətyanı sahə kimi idarə edir. Saytın iddiasına görə, Qara Qarayev prospektini başdan-başa satan, səki, keçid, dayanacaq qoymayan bu şəxsin əlindən camaat dad eləyir: “R.Əhmədov Nizami rayonunda xeyli obyektlərin sahibidir”.

Onu da qeyd edək ki, bir müddət öncə AzFakt.com saytının yaydığı məlumatda isə bildirilirdi ki, Ramin Əhmədov eyni zamanda "ağ qara" üsulla nəşr edilən "Türk Dünyası Ağsaqqaları" qəzetinin baş redaktorudur. O, həmçinin Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini vəifəsini  tutur. Bundan başqa Ramin Əhmədovun paytaxtın Nizami rayonunda yüksək vəzifəli məmurlardan birinə məxsus olan restoran və mağazalar şəbəkəsinə administratorluq etdiyi bildirilir.

Məlumata görə Ramin Əhmədov həm də Nizami rayonunda torpaq sahələrinin və  rayonda inşa ediləcək yaşayış binalarının və obyektlərin tikintisinin sənədlərinin satışında rayon İcra Hakimiyyətinin başçısına qeyri rəsmi "dəstək verir". Bunların müqabilində isə Nizami rayon İcra Hakimiyyəti Ramin Əhmədovun rayonun "Qara Qarayev" və "Neftçilər" metrostansiyasınıın ətraflarında və eləcə də mərkəzi tərəflərdə olan parklarda özünə qeyri qanuni obyektlər tikməsinə "göz yumur".  

AzFakt.com-un yaydığı məlumata görə "Qara Qarayev" metrostansiyasının yanında olan "Üzüm Club & Karaoke" restoranından başlayaraq "Vasmoy" bazarınadək yolun sol hissəsində olan bütün obyektlərə Ramin Əhmədov nəzarət edir. Hər ay bu obyektlərdən 200 min manatadək vəsait toplanır. Bu vəsaitlərin cüzi bir hissəsi Respublika Ağsaqqallar Şurasına və "Türk Dünyası Ağsaqqaları" qəzetinə xərclənir. 
 
AzFakt.com-un yaydığı məlumata görə ölkədəki oliqarx məmurlardan birinə məxsus obyektlərə administratorluq edən Ramin Əhmədov obyektlərdən gələn külli miqdarda pullar hesabına bir zamanlar eyş-işrət içərisində yaşayıb. 250 min manatlıq "GallenVagen" avtomobili sürən R.Əhmədov son zamanlar cəmiyyət arasında ziyalı imicinin formalaşması istiqamətində müəyyən işlər gördüyü deyilir. 
 
P.S. Yazıdakı məlumatlar Editor.az, AzFakt.com və Reportyor.info saytlarından götürülüb. Məlumatlarla bağlı Ramin Əhmədovla əlaqə saxlamaq cəhdlərimiz mümkün olmadı. Qarşı tərəf kimi Ramin Əhmədovun da münasibətin ictimailəşdirməyə hazırıq.