“Azərbaycan və İran arasında qeyri-rəsmi razılaşma var...” - “Süleymani Azərbaycana dost baxışları olan hissənin oyunçusu deyildi...”

16:22 13-01-2020 100

Tofiq Zülfüqarov: “Onlar Azərbaycana islam inqilabı ideyalarını ixrac etmirlər, biz isə orada yaşayan azərbaycanlıların məsələsini İranın daxili işi kimi qəbul edirik”

İran və onun ətrafında baş verənlər dünya gündəmini zəbt edən əsas mövzu olaraq qalmaqdadır. 

“AzPolitika.İnfo” Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla Yaxın Şərqdə baş verən hadisələr, İran-ABŞ qarşıdurması və digər mövzularda söhbətləşib. Paralel.az müsahibəni təqdim edir:

Sabiq nazirlə müsahibəni təqdim edirik:

- Tofiq bəy, Yaxın Şərq regionu yenidən alova bürünüb. Suriyadan sonra İraq ərazisində də ABŞ və İran üz-üzə gəlib. Hazırda gərginliyin qismən azalması müşahidə olunsa da, bunun nə qədər uzun çəkəcəyi bilinmir. Siz, Azərbaycana yaxın olan bu regionda baş verən prosesləri necə qiymətləndirirsiniz?

- İranla bağlı hadisələr əslində Yaxın Şərqdə indiyə qədər baş verən proseslərin məntiqi davamıdır. Enerji daşıyıcıları artıq geopolitik hadisəyə çevrilib və onun haqqında hər kəs danışır. Enerji daşıyıcılarının Avropaya çıxarılması mühüm məsələdir. Onun ixracını kim həyata keçirəcəksə, o da qazanacaq. İran-ABŞ qarşıdurmasına gəldikdə, qeyd edim ki, Yaxın Şərqdə prosesləri hərəkətə gətirən qüvvələr əslində regiondan kənarda olan qüvvələrdir. Belə iddialar var ki, Qərb Yaxın Şərqin yenidən formalaşdırılması prosesini aparır. Eyni zamanda deyə bilərik ki, yeni proseslərdə sünni-şiə qarşıdurmasından açıq istifadə edirlər. Suriyada və Yəməndə baş verənlər bunu açıq şəkildə göstərir. Hazırda islam liderliyinə can atan şiə ölkəsi olaraq, İrandır. Həmçinin, sünnilərin liderliyinə iddialı, ümumiyyətlə orada liderlik uğrunda mübarizə aparan Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri də var. Bu qarşıdurmalar kənar qüvvələr tərəfindən təhrik olunur və baş verir. İraqdakı indiki durum da bununla bağlıdır. Hesab edirəm ki, gələcəkdə fövqəldövlətlər çalışacaqlar ki, birbaşa ABŞ-İran qarşıdurması deyil, körfəzdəki ərəb ölkələri ilə İran arasında toqquşmalar baş versin. Başqa sözlə, “parçala və hökm sür” ssenarisi. Hiss edilir ki, belə ssenari daha sərfəli olacaq.

İndiki halda biz görürük ki, ABŞ-ın bu qarşıdurmada birbaşa iştirak niyyəti yoxdur və İran da buna razıdır. Çünki Tehran anlayır ki, birbaşa ABŞ-la hərbi cəhətdən qarşı-qarşıya gəlmək və ya rəqabət aparmaq olmaz. Bu, realist yanaşmadır. Hər bir dövlət siyasətini quranda çalışır ki, öz ölkəsi üçün itkilər olmasın, inkişaf baş versin. Bu da məntiqli nəticədir və İran-ABŞ qarşıdurmasında son olaraq bu məntiq üstünlük təşkil etdi. Yəni böyük itkilər olmadı. Biz isə düşünməliyik ki, belə hadisələr zamanı emosional rəylərdən uzaq olmaq lazımdır. Həmçinin, Türkiyənin regionda böyük rol oynaması geopolitik və coğrafi bir amildir. Türkiyənin rolu artıb. Təbii haldır ki, Türkiyə böyük potensialı olan Liviyaya maraq göstərir. Eləcədə Aralıq dənizi sularında təbii qaz ehtiyatları axtarışı davam edir və bunun Avropaya ixracı həyata keçirilə bilər. Yəni baş verənlərin ciddi şəkildə enerji daşıyıcıları ilə bağlı olduğunu görməmək mümkün deyil. Hesab edirəm ki, Türkiyənin vacibliyi və rolunun artması bir reallıqdır.

Sözsüz ki, bu məsələdə Azərbaycan da vacib faktorlardan biridir. Bu baxımdan Türkiyənin beynəlxalq siyasətdə çəkisinin artması bizim üçün müsbət hadisə sayılmalıdır. Xüsusilə də Rusiyanı götürsək, onun bəyanatları vacibdir. Rusiya qəbul edir ki, Rusiya-Türkiyə əməkdaşlığı regionda olan ölkələr üçün nümunədir. Əgər biz Qarabağ probleminə diqqət etsək, əvvəl səslənirdi ki, Ermənistan Rusiyanın forpostudur və s. İndi isə Rusiya rəhbərliyi tərəfindən daha real və ciddi bəyanatlar səsləndirilir. Bunu pozitiv hadisə saymaq olar.

- Azərbaycanda sosial şəbəkələrdə general Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra bir qrup insanın fəallaşması, generalı qəhrəmana çevirmək cəhdi kimi hallar müşahidə edildi. Siz bu durumu necə dəyərləndirərdiniz?

- Əslində, hadisələrə bir mütəxəssis baxışı, bir də populist baxış var. Bu, bir növ klassik və pop musiqisi kimi şeydir. Hər birinin öz həvəskarı var. Mən də bu məsələyə fikrimi bildirmək istərdim. 

Birincisi, yaxşı və ya pis olmasından asılı olmayaraq, general Süleymani öz dövlətinə xidmət edib. Mən isə Azərbaycan vətəndaşıyam və onun fəaliyyətinin mənimlə yaxın-uzaq əlaqəsi yoxdur.

İkincisi, İran rəhbərliyində olan insanların Azərbaycana qarşı müxtəlif baxışları - dost olan və dost olmayan baxışları mövcuddur. General Süleymani, təəssüflər olsun ki, Azərbaycana dost baxışları olan hissənin oyunçusu deyildi. Bunun bir çox sübutları var.

Üçüncüsü, general Süleymani öz ölkəsinin maraqları naminə real məqsədlərə xidmət edib. Yuxarıda sünni-şiə rəqabəti haqda fikirlərimi dedim. Zamanında İŞİD müharibə aparanda heç İsrail tərəfə güllə atmırdı, amma deyilirdi ki, düşmən İsraildir. Odur ki, biz emosional və populist baxışlardan uzaq olmalıyıq. Anlamalıyıq ki, real siyasət fərqlidir. Kim dini siyasi məqsədlər üçün istifadə edirsə, hesab edirəm ki, bunun özü dinə ən böyük xəyanətdir. Bu, mənim şəxsi fikrimdir.

Başqa bir elementi də qeyd edim ki, general Süleymani İrana qarşı sanksiyalar tətbiq edildikdən sonra sanksiyalardan kənar neftin Çinə satılmasının təşkilatçısı və icraçılarından biri idi. Həddindən artıq böyük miqdarda maliyyə vəsaitləri ilə məşğul olurdu. Təbii ki, bu fəaliyyət çətinliklərlə üzləşən İran iqtisadiyyatına çox böyük köməklik idi. Sonra belə məlumatlar ortaya çıxdı ki, istefaya gedən İraqın baş naziri Çinlə 600 milyard dollarlıq neftin satılması haqda saziş imzalayıb və ya imzalamağa hazırdır. Guya bu neft sazişinin hazırlanmasında Süleymani də iştirak edib. Bu, birbaşa ABŞ-ın maraqlarına toxunurdu. ABŞ Çinlə iqtisadi rəqabətdədir, böyük ticarət müharibəsi aparır. Görünür ki, Süleymani hansısa qırmızı xətləri keçib və ABŞ da onu aradan götürmək qərarını verib. Çünki buna qədər generalın Suriya və İraqda fəaliyyəti ABŞ-la ziddiyyət təşkil etmirdi.

Bir daha qeyd edirəm ki, Süleymani öz dövləti üçün yaxşı və ya pis fəaliyyət göstərib, amma mənim üçün şəhid saydığım şəxslər torpaqlarımız uğrunda həlak olan insanlarımızdır. Qeyd etdiyiniz kampaniyaya gəldikdə isə gəlin açıq danışaq: Bu, kənardan olan təsirlərin, fəaliyyətin nəticəsidir.

- Nə mənada?

- Yəni adamlar hansısa mərhələdə bu və ya digər şəkildə təbliğat aparıblar. Azərbaycan vətəndaşının mövqeyini mən yuxarıda izah etdim. Bizə məlumdur ki, islam inqilabının əsas elementlərindən biri öz ideyalarının ixrac edilməsidir. İraqda, Suriyada general Süleymani kimi şəxslərin məqsədlərindən biri də ondan ibarət olub ki, islam inqilabının ideyalarını təbliğ və tətbiq etsin. Mən istisna etmirəm ki, İran rəhbərliyində hansısa ünsürlər bu halı Azərbaycana qarşı da tətbiq etmək istəyiblər. Siz dediyiniz mənzərə də bunu göstərir. Ancaq mən buna ciddi əhəmiyyət verməzdim. Biz bilirik ki, sosial şəbəkələrdə trollar vasitəsilə bu məsələlər qabardıla bilər. Zənn etmirəm ki, bu tip insanların sayı çoxdur. Bizdə müxtəlif siyasi partiyalar da “trol fabrikləri” saxlayır və bunu öz maraqlarına uyğun şəkildə istifadə edirlər...

Ancaq bir maraqlı məqamı da deyim. Müstəqillik qazandıqdan, daha doğrusu Heydər Əliyev hakimiyyətə gəldiyi vaxtdan Azərbaycan və İran arasında qeyri-rəsmi razılaşma var. Onlar İran olaraq Azərbaycan ərazisinə islam inqilabının dəyər və ideyalarını ixrac etmirlər, biz isə orada yaşayan azərbaycanlıların məsələsini İranın daxili işi kimi qəbul edirik. Bu, qeyri-rəsmi razılaşma idi. Hesab edirəm ki, indiki halda hər iki ölkəyə bu razılaşmanı davam etdirmək daha sərfəlidir.

Hamı başa düşür ki, Qərb və İran qarşıdurmasında tərəflər Azərbaycanı öz tərəfinə çəkmək, ondan öz xeyirinə istifadə etmək istəyirlər. Amma bizim müdrik siyasət nəticəsində buna heç vaxt imkan verilməyib və hesab edirəm ki, bu, doğru siyasətdir. Dediyim qeyri-rəsmi razılaşma davam etsə, bu, həm Azərbaycan, həm də İran xalqının xeyrinə olar. Sözsüz ki, radikal ünsürlər orada da, burada da buna əməl etmirlər. Amma hesab edirəm ki, real siyasətçilər bu razılaşmaya uyğun hərəkətlər edə bilər. Heydər Əliyev zamanında belə siyasət aparılırdı. Ara-sıra bunu pozanlar da olurdu. Məsələn, İran tərəfdə Süleymani kimi şəxslər. Onun bir zaman səsləndirdiyi müəyyən bəyanatlar yəqin ki, yadınızdadır. Amma Azərbaycan-İran münasibətlərinin inkişafına gətirən əsas xətt yuxarıda dediklərimdir.