Mənzilbaşına...

18:52 13-01-2020 120

Ona hansı yolla çataq?

 Bütün məsələlərdə mədəniyyətə əməl etmək insana məxsus xüsusiyyət olmalıdır. Olmalıdır deyirik, çünki qeyd etdiyimizin çox zaman tam əksini görürük. Bütün məsələlərdə sözügedən məqama riayət etmədiyinin ən çox əziyyət çəkəni də elə insanın özüdür.

...Bu yaxınlarda mərkəzi küçələrin birində yolu keçən bir qadın diqqətimi cəlb etdi. Əlindən tutduğu azyaşlı ilə yolun piyada keçid zolağından keçhakeçdə o ana-balanı az qala maşın vurmuşdu. Deməli, hadisə belə oldu, avtomobillər svetoforda dayanıb və piyada da özü üçün nəzərdə tutulan zolağı keçməkdədir. Lakin maşınlardan biri qəfil sürətlə irəli, zolağın ortasına çatan piyadalara tərəf şütüdü. Qadın əlindəki çantanı yuxarı qaldırıb həyəcan və qorxudan qışqırmasaydı, bəlkə də maşın onları əzəcəkdi. Səkidə, dayanacaqda olan adamların hamısı piyada zolağının ortasında, yerindəcə quruyub-qalan qadınla azyaşlının böyründən şütüyüb keçən maşının arxasınca baxa-baxa qaldı. Sürücü isə heç nə olmamış kimi, maşınını sürüb getdi. Halbuki, svetoforun qırmızı işığı o sürücünün maşını qəfil sürməsindən bir müddət sonra söndü. Bir sözlə, yol hərəkəti qaydasını pozan məsuliyyətsiz sürücünün azğın hərəkətindən az qala iki nəfər həyatını itirəcəkdi...

Belə hadisələr hər gün baş verir və nəticə isə təəssüf ki, heç də müsbət olmur. Misal üçün, yenə də yolun piyada hissəsindən keçən bir tələbənin söylədiyinə görə, svetoforda dayanan avtobusun arxasından çıxan avtomobilin qəfil zərbəsindən uzun müddət müalicə almalı olub. Hansı ki, hadisə imtahan sessiyası ərəfəsində olub və tələbə də aldığı xəsarətdən imtahanları sonradan verib, özü də əlaçı ola-ola...

Bugünlərdə ictimai nəqliyyatda daha bir yol hərəkətinin kobud qayda pozuntusuyla rastlaşdım. Deməli, öz yoluyla gedən avtobusun gözlənilmədən qarşısına keçən avtomobilin sürücüsü pəncərədən nəsə qışqırmağa başladı. Sonra da bütün maşınlara təhlükəli vəziyyət yaradaraq, yolu çəpinə keçərək yan yola burulub getdi. Maraqlıdır ki, hadisə yolun neytral hissəsində dayanan yol-patrul xidməti maşınının yaxınlığında, polis əməkdaşının gözünün qarşısında baş verdi. Əslində, həmin vaxt patrul əməkdaşının nəzərlərinin maşınlarda, yoxsa telefonun ekranında olduğunu bilmək mümkün olmadı. Amma xidməti maşının yaxınlığından keçəndə, avtobusdakı sərnişinlər əlindəki telefona başı qarışan patrul əməkdaşına da qınaqla baxmağı unutmadı.

Doğrudur, yol-patrul xidmətinin işçisi sözügedən məsələni diqqətdə saxlamağı özünün birbaşa vəzifəsi olmadığını iddia edə bilər. Lakin, istənilən halda, məsələ yolda baş verən təhlükəli məqamlarla bağlıdırsa, ona bütün sürücülər, sərnişinlər və hər hansı vəzifə, paqon daşıyıcıları müdaxilə etməlidir. Söhbət insan faktorundan, onun təhlükəsizliyindən gedir axı.

...Təhlükəsizlik bütün sivil insanların arzusu və daim diqqətdə saxladığı əsas məsələdir. Ona da məsuliyyət hissi olmadan çatmaq mümkün deyil. İstədiyi kimi yaşamağı və insan hüquqlarından istifadə etməyi həyatının devizi hesab edənlərin fəqət ümumi şəkildə riayət etməli olduğu yeganə məsələ də məhz təhlükəsizliklə bağlı olmalıdır. Onu da təəssüf ki, hamı həyatının ümdə məsələsi və vəzifəsi hesab etmir. Halbuki, bu məsələ kimisi üçün vəzifə, məsuliyyət, kimisi üçün öhdəlik, kimisi üçün də şərəf hesab edilməlidir...

Bu mənada, yola çıxmaq o yolda baş verəcəkləri, ağlagəlməyənləri göz önünə almaq deməkdir. Özünə hörmət edən sürücü və ya sərnişinin, piyadanın hamısı da ümumi qayda-qanunlara əməl etsə, nə həlak olar, nə də yaralanar.

O qayda-qanunların sırasında yol mədəniyyəti adlı bir məqam da var. Ondan xəbəri olan sürücü də yolu heç vaxt svetoforun qırmızı işığında keçmir, piyada isə özünə aid zolağı, yerüstü və yeraltı keçidi qoyub maşın yoluna çıxmır.

Sözsüz ki, qeyd edilənlər yol mədəniyyətini özünün ümdə vəzifəsi hesab edib yola çıxanlara aid deyil. Onların daxili mədəniyyəti onsuz da imkan vermir başqasının ömür yolunu kəssin...

...Hər il köhnə təqvimin müvafiq hesabatları, statistikası bəyan edilir. Bu mənada, keçən il də yol-nəqliyyat hadisələrindən zərərçəkmişlərdən, xəsarət alanlardan, həyatını itirənlərdən yan keçmədi. Yeni ildən az sonra da belə ağır xəbərlərin oxucusuna, dinləyicisinə, tamaşaçısına çevrildik. Məsuliyyətsizlər bizlərə yenə də təəssüf etməkdən başqa bir hiss buraxmadı...

Deyilənə görə, keçən ilin on bir ayı ərzində tək paytaxt ərazisində 488 yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 167 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb. Piyadaların vurulmasıyla 294 yol qəzası olub ki, nəticədə 107 nəfər həyatını itirib, 187 nəfər isə xəsarət alıb...

Bu, kifayət qədər ciddi rəqəmdir, çünki həmin rəqəmin arxasından təkcə o qəzalarda zərər çəkənlərin deyil, onlara aid olan neçə-neçə ailənin, doğmanın, əziz insanların məyus siması boylanır... Dediyimiz kimi, insanlarda axır ki, yol mədəniyyəti formalaşmalıdır. Onsuz sürücülü-piyadalı, kiminsə mənzilbaşına sağ-salamat çatacağı yola çıxmazdan əvvəl sual altındadır. Yolu mənzilbaşınacan edin, xanımlar-cənablar, onu son mənzilə çatdırmayın, vaxtsız-vədəsiz...

 Nigar Vaqifqızı