Rəbbin İsa (Ə) Möcüzəsi

19:15 15-01-2020 270

İsa (ə) kimdir? İnsan ya... 

(Əvvəli ötən sayımızda)

 2000 ildir ki, bilərəkdən və ya zənnə uymaqla İsa (ə)-ni ilahiləşdirənlərə hətta təhrifli İncil təbil vurub bəyan edir: "Ey İsrail ərləri! İsa, onun vasitəsilə Allahın aranızda yaratdığı möcüzələr, xarüqələr və əlamətlərlə sizə Allah tərəfindən təsdiq edilmiş bir adam idi" (bax. İncil, Həvarilərin işləri, II-22). Quran isə İncilin bu ayəsini "İsa ancaq peyğəmbərlik verdiyimiz bir bəndədir" (Zuxruf, 53) kəlamı ilə təsdiq edir. Bəli, o, adam, bəndə idi. Haşə, Allah oğlu yox!

Xristianlıq dövlət dini kimi IV əsrin əvvəlində Roma imperiyasında yaranıb. Onun dini rəmzi isə 381-ci ildə Konstantinopolda (indiki İstanbulda) II Ümumdünya Kilsə Məclisində təsdiq edilib. Həmin rəmzə görə, üç üqnum ata allah (dünyanın xaliqi), oğul allah (İsa Məsih) və müqəddəs ruh allahdan ibarətdir. Lakin ilkin xristianlıqdan bu günə qədər təvhid prinsipinə (monoteizmə) xələl gətirmədən "oğul allahın" - Məsihin (həz.İsanın) statusunun təyin edilməsi rəsmi xristian dairələri üçün həmişə problem yaradıb. Belə ki, "Allahın tək və şəriksiz, yeməyən, işməyən, görünməyən və ölməyən olmasını Məsihin yeyən, içən, görünən və ölməsinə rəğmən "allahlaşdırılmasını" necə əlaqələndirməli?", "üç üqnum"da "Məsihin yeri və fizioloji təbiəti, "Adəmin günahına görə Məsihin qurban verilməsi","Məsihin allah olmaqla yanaşı, onun aciz bir insan kimi edam edilməsi", "allah oğlu olan Məsihin iki təbiətə (Allah və insan), bir iradəyə malik olması" və c. və i. kimi primitiv, məntiq, elm və imandan uzaq, təvhidə zidd tezislər həmin problemlərdəndir. İlkin və orta əsr xristianlığında kilsə xadimlərinin cavab tapa bilmədikləri bu suallar az imiş kimi, rəsmi Vatikanın 1854-cü ildə Məryəm ananın "Məsih allahın anası olaraq ilahiləşdirilməsi", 1950-ci ildə isə "Məryəmin oğlu Məsih kimi göyə çəkilməsi" ehkamını rəsmən qəbul etməsi sözügedən problemləri daha da dərinləşdirib.

 Xristianlığı Məsih statusu parçaladı

 Tarix sübut edir ki, Məsih statusunun müzakirəsi həmişə xristian aləminin parçalanmasına səbəb olub. Belə ki, bu məsələnin Yunanıstanın Xolkidon şəhərində çağırılan Ümumdünya Kilsə Məclisində müzakirəsi (451-ci il) xristianlığı üç hissəyə parçaladı. 500 yepiskopun iştirak etdiyi həmin toplantıda çoxluq təşkil edən diofizitlər Məsihi həm Allah (haşə!), həm də insan kimi qəbul etdilər. Əslində çoxluğun bu qərarı yaradan Allahı bəndə səviyyəsinə endirmək, yaradılan bəndəni isə Allah səviyyəsinə qaldırmaq idi. Azlıqda qalan ikinci tərəfin rəhbəri Konstantinopol patriarxı Nestoriy idi. Onlara (nestorianlara) görə, Məsih insan kimi doğulub. Onun (Məsihin) allahlığı müqəddəs fəaliyyətilə bağlıdır və Məsih sonradan allah oğlu olub. 5-6 nəfərdən ibarət üçüncü tərəf isə monofizitlər idi. Onlar hesab edirdilər ki, Məsihin yalnız bir təbiəti (monofizit) - Allah təbiəti var və onun insan təbiəti Allah təbiyyətinin içindədir. Məclis azlıqda qalan hər iki qurumun əqidəsini küfr hesab edib, onları toplantıdan qovdu. Nestorianlar XIII əsrə kimi fəaliyyətdə olsalar da, bu gün onların fəaliyyəti İran, İraq və Suriyadakı kiçik qruplar istisna olmaqla, yox dərəcəsindədir. Monofizitlər isə dünyanın müxtəlif ölkələrində məskunlaşdılar. Xristianlığın monofizit məzhəbinə qulluq edən xalqlardan biri də, özləri kimi dini inancları da saxta olan ermənilərdir. Çoxluqda qalan məzhəb sonradan - 1054-cü ildə pravoslavlara (doğru yol) və katoliklərə (ümumdünya) ayrıldılar. Katoliklərə görə, "müqəddəs ruh" ata allahla bərabər oğul allahdan da zühr edə bilər. Pravoslavlar isə bu iddianı qəbul etmirlər. XVI əsrdə katolisizmdən protestantlıq (etiraz edənlər) məzhəbi yarandı. Protestantlar kilsənin insanlarla Allah arasında vasitəçi olması hüququnu rədd edirlər. Onlara görə, hər bir şəxs öz imanı vasitəsilə Allahla əlaqə qura və günahlarını yuya bilər. Protestantlar ikona və müqəddəslərə pərəstişi qəbul etmirlər. Beləliklə, müasir dövrdə xristianlığın beş əsas cərəyanı var: pravoslavlar, katoliklər, protestantlar, monofizitlər və nestorianlar. Mövcud olan çoxsaylı təriqətlər adıçıkilən məzhəblərdən törəniblər.

Bu gün bəşəriyyətə təqdim edilən ikinci elə bir kitab yoxdur ki, tərcümə və çap olunan nüsxələrin sayına görə Bibliya ilə müqayisə edilsin. 800 milyon nüsxə ilə düyanın 140-dan artıq ölkəsində 2009 dil və şivədə təbliğ olunan bu kitabların 70 faizi, Azərbaycan da daxil olmaqla, qeyri-xristian ölkələrində əsasən pulsuz-hədiyyə kimi yayılır (müqayisə üçün qeyd edək ki, hədiyyə məqsədilə çap olunan Quran isə çox vaxt pulla satılır). İsa(ə) təlimindən fərqli olan bu təbliğlərin nə qədər yanlış və bəzən də ziyanlı olduğunu XX əsrin alman teoloq və filosofu (qeyd edək ki, o, xristian idi) Klinqer V.M. belə ifadə edirdi: "Əgər Məsih indi Romaya gəlib öz təlimini o vaxtkı kimi ilahi kəlamla təbliğ edərsə, onu fikirləşmədən kafir kimi həbsxanaya göndərərlər".

Bu baxımdan, etiqad məsələlərində tərəddüd edən şəxs bilməlidir ki, o, təqdim və təbliğ edilən hər hansı dinin mahiyyəti, qayəsi və batinini dərk etdikdən sonra ruhunu oxşayan dini seçməlidir.

Kamil insanın məhz bundan sonra "dində məcburiyyət yoxdur" ilahi kəlamını iqrar etməyə mənəvi haqqı var.

 Həvarilərin aqibəti

 Təfsirlərə görə, "Quranın qəlbi" kimi qəbul edilən "Yasin" surəsinin 13-33 -cü ayələrində bilavasitə İsa(ə)-nin həvrilərinin bəzilərindən bəhs olunur. Allah və Onun möcuzəsi olan Məsihə iman uğrunda aparılan mübarizədə həvarilərin hamısı (bir nəfər istisna olmaqla) dözülməz mənəvi və fiziki əzablara məruz qalıb. Bunu onların sonrakı aqibəti də sübut edir. Belə ki, 12 həvaridən:

1) vida gecəsində  xoruz banına qədər həz. İsadan üç dəfə imtina edin Pyotr ləqəbli balıqçı Şimon-xristianlıq tarixində birinci papa. O, Məsihin təlimini Yəhudə, Antoxiya və Romada təbliğ edib. İncildəki 2 məktubun müəllifliyi ona şamil edilib. 64-cü ildə Romada başı aşağı, ayaqları yuxarıda çarmaxa çəkilib. Çarmıxa çəkilməzdən əvvəl ona təklif olunub ki, "Məsihin təlimindən imtina etsən, səni azad edərik". Fəqət o, bu təklifi rədd edib. İncilə görə, cənnətin açarları Pyotra veriləcək;

2) Andrey - Pyotrın qardaşı. O, Yunanıstan, Skif və Kiçik Asiyada Allah və İsa(ə)-nın kəlamlarını təbliğ edib. "X" formasında çarmıxa çəkilib;

3)Yaqub. O, Yahudə və Yeruselimdə fəaliyyət göstərib. 44-cü ildə İrod tərəfindən başı kəsilib;

4) Yəhya. O, Fələstin və Misirdə ilkin xristianlığı yayanlardan biri olub. İncildəki "Yəhya məktubu"nun müəllifi kimi qəbul edilib. 64-cü ildə Yeruselimdəki məbədin qülləsindən atılıb;

5) Yəhudə. O, İsa(ə)-nın təlimini Assuriya və İranda yayıb. İncildəki  "Yəhudə məktubu"nun müəllifi kimi qəbul edilib. İranda işgəncə ilə öldürülüb;

6) Vorfolomey-dərisi diri-diri soyulub (bu baxımdan İ.Nəsimi presedent deyil);

7) Matta. Vatikan onu "Mattaya görə İncil"in müəllifi hesab edir. O, xristianlığı Yəhudə və Afrikada təbliğ edib. Efiopiyada işgəncə ilə öldürülüb;

8) Şimon, çarmıxa çəkilib;

9) Yəhya. Kilsəyə görə, o, həm "Yəhyaya görə İncil"in, həm də "Vəhy" in müəllifidir. 95-ci ildə Aralıq dənizindəki adaya sürgün edilib. 80-85 yaşlarında orada tənha vəfat edib. Qəbiri mübahisəli olan həvaridir;

10) Filip. O, Aralıq dənizi ətrafında fəaliyyət göstərib və öz əcəli ilə vəfat edib;

11) Foma. O, missionerliyini Suriya, İran və Hindistinda aparıb. Kilsənin kanona (müqəddəs kitablar siyahısına) daxil etmədiyi İncilin müəllifidir. İbadət vaxtı oxla öldürülüb;

12) Yəhudə İskariot. O, həz. İsanı yəhudi kahinləri və Roma dövlət nümayəndələrinə satan həvaridir. Sonradan dəli olub özünü asıb.

Qeyd edək ki, İbrahim peyğəmbərin oğlu İshaq(ə)-dən olan nəvəsi həz. Yaqubun adlarından biri də İsrail olub. İsrail (ə)-nin 12 oğlundan törənənlərə İsrail oğulları deyilir. Həz. İsanın həvarilərinin sayının 12 olması da bununla əlaqəlidir. Yəni İsrail oğullarının 12 qolu olduğu üçün, Məsih də bir yəhudi kimi 12 həvarisini - şagirdini seçmişdi.

Postscriptum. Həz.İsanın kəlamlarından bir nümunə: "İki nəfər dua etmək üçün məbədə girdi: biri fərisey (Tövrata ciddi riayət edən adam - V.C.), digəri isə vergiyığan. Fərisey özündən razı vəziyyətdə belə dua edirdi: "Ya Allah! Mən başqaları kimi soyğunçu, haqsız, zinəkar və yaxud da bu vergiyığan kimi olmadığım üçün Sənə minnətdaram. Həftədə iki dəfə oruc tuturam, əldə etdiyim hər şeyin onda birini verirəm". Vergiyığan isə qapı ağzında durub, gözlərini göyə qaldırmağa belə cəsarət etmirdi; fəqət sinəsinə döyə-döyə deyirdi: "Ya Allah! Mən günahkara mərhəmət et!" Sizə deyirəm ki, fərisey yox, bu adam evinə saleh olaraq qayıtdı. Zira özünü yüksəldən hər kəs alçalacaq, fəqət özünü alçaldan yüksələcəkdir". (İncil, Luka XVIII: 10-14).

Həz.Məhəmmədə və bütün peyğəmbərlərə, o cümlədən həz. İsaya iman gətirən Azərbaycan şairi mərhum Şəhriyar bu həssas təvazö məqamı nə gözəl ifadə edib.

Hamı yatmış, bir mən oyaq, bir də İlahi,

Yox bir kimsə məndən aşaği, Ondan yuxari.

 Vaqif Cəliloğlu
Tex. elmləri üzrə
fəlsəfə doktoru