Azərbaycanlı bəstəkarlar Nikolla qol-boyun oldu - Video

12:17 13-05-2019 126

Erməni Baş nazir Paşinyan Şuşada Yallı gedib. Üstəlik, bir az içib, beyni hallı gedib.

Tamam, musiqi, sənət bəşəridir, hamınındır: hamı bunu dinləyə, sevə, rəqs edə bilər. Amma məsələ ermənilərin mənimsəmə alışqanlığının artmasında və bizim bəzi musiqişünas alimlərin buna mat vəziyyətində baxmasındadır.

Ziyalılar özünü öldürür ki, nəinki Paşinyanın üstündə gəzdiyi o torpaq - Şuşa, hətta rəqs etdiyi o musiqi - Yallı da bizimdir. Yallının onlarla növü var, bu da onlardan biri.

Amma biz nəinki Şuşanın, heç Yallının belə bizim olduğunu sübut edə bilmirik. Niyə edə bilmirik? Çünki bunu sübut edəcək aidiyyəti qurumların əməkdaşları, müəllimləri yatıb. Bunları xalqın mədəni sərvəti, milli qüruru maraqlandırmır. Maaş almaq üçün oturublar orda, ayın sonunu gözləyirlər (oxu: Azərbaycan mədəniyyətinin, incəsənətinin sonunu gözləyirlər).

Belə müəllimləri olan xalqa düşmən lazım deyil ki!

Heçmi bunların içi sızlamır, heçmi narahat olmurlar?

Görünür, olmurlar. Qoyasan, ancaq toyda eşşək sudan gəlincəyə qədər içib Yallı getsinlər. İşləri-gücləri dərs proqramını tələbələrə əzbərlətdirib, maaş güdməkdir. Ziyalı təəssübkeşlikləri yoxdur. Paltaryuyan maşın kimi bir şeydirlər.

Məndən soruşsanız, deyərəm ki, belə müəllimlərin Paşinyanla qol-boyun olub Yallı gedən adamlardan heç bir fərqi yoxdur. Mən o müəllimlərimizi Paşinyanın Yallı dairəsinin içində, onunla qol-boyun gördüm.

Jurnalist olaraq zəng edirik Mədəniyyət və İncəsənət Universitetinə, bir nəfər bizə açıqlamır ki, bəs, qardaş, bu Yallı bizim yallılardan filan yallıdır! Heç birinin vaxtı yoxdur - guya. Əslində isə vaxtları var, sadəcə, savadsız, bilgisizdirlər, qanmaz, kütbeyindirlər.

Həyati əhəmiyyət daşıyan 15 saniyəlik musiqini dinləməyə vaxt ayırmayan, sahib çıxmayan ali məktəbin musiqi müəllimlərinin, bəstəkarların 20 faizlik torpağa sahib çıxmasını gözləmək absurddur. Bunlar yalnız öz qarınlarını güdürlər.

Elə bu savadsızların öz qarınlarını güddükləridir ki, əvvəlcə balaban, sonra dolma, sonra Üzeyir bəyin musiqisi, sonra Mirzeyi... daha sonra İrəvan, Ağrı, Gümrü, Zəngəzur, Meğri, Qafan, Dərələyəz, Göyçə, Amasya, Dağ Borçalı, daha sonra Dağlıq Qarabağ, Aran Qarabağa ermənilər sahib çıxdılar.

Hər şey Yallıdan, dolmadan başlayıb; hər şey Yallı, dolma ilə davam edir... Çünki torpaq savaşı ilk növbədə mədəniyyət, incəsənət, tarix və informasiya sahəsində gedir.

Ermənidən Şuşanı, Qarabağı, İrəvanı almaq üçün birinci Yallını geri almağı bacarmalısan.

Nə qədər ki belə bəstəkarlarlarımız var, nə qədər ki Avropanı ABŞ-ın paytaxtı sayan müğənnilərimiz var, elə Şuşada Paşinyan Yallı gedəcək.