Maşınına “satılır” elanı yazan cərimələnəcək?

12:30 13-05-2019 95

Şəxsi avtomobilinin üzərinə “satılır” elanı vuranların cərimələnəcəyi ilə bağlı 2 il öncə yayılmış məlumat yenidən gündəmə gəlib. Sosial şəbəkələrin avtomobil səhifələrində qeyd olunub ki, avtomobilinin üzərinə “satılır” elanı vuran sürücülər 2000 manata qədər cərimələnəcək.

Axar.az-ın məlumatına görə, mövzu ilə bağlı fikir bildirən hüquqşünas Ərşad Hüseynov bildirib ki, təxminən 2 il əvvəl yayılmış dezinformasiyanın son günlər təkrar yayılmasının heç bir əsası yoxdur.

Ə.Hüseynov bildirib ki, deyilənlər yanlış məlumatdır:

“Təkrar da olsa, nəzərə çatdırmaq istəyirəm ki, "Reklam haqqında" Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanun hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına şamil olunmur. Ona görə də öz avtomobilinə bu tip elan yazmaq bu Qanunla tənzimlənmir, bunun üçün icazə lazım deyil.

Jurnalist dostlardan isə xüsusilə xahiş edirəm ki, bu tipli məlumatı yayarkən məlumatın dəqiqliyinə diqqət etsinlər”.