Piyadanı öldürüb, hadisə yerindən qaçan sürücü tutuldu

12:32 13-05-2019 23

Etibarnaməsiz idarə etdiyi avtomobillə qəza törədərək piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluqdan Axar.az-a verilən məlumata görə, mayın 12-də paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində 1986-cı il təvəllüdlü Əliyev Ruslan Sirac oğlunun etibarnaməsiz idarə etdiyi “Lifan” markalı, 99 HJ 019 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyadanı vurub.

Piyada 1965-ci il təvəllüdlü Əhmədov Nazim Xanlar oğlu hadisə zamanı dünyasını dəyişib, sürücü isə avtomobili orada buraxaraq hadisə yerindən qaçıb.

Fakta əsasən Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla hadisənin Ruslan Əliyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində R.Əliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.