Bakıda terakt olacağı iddiasında erməni izi - Açıqlama

14:34 13-05-2019 28

Azərbaycanın inkişafını, nüfuzunu gözü götürməyən ölkələr hər zaman ölkəmizə qarşı belə böhtan dolu bəyanatlar yayıblar.

Bu sözləri Axar.az-a Britaniya XİN-in Azərbaycanla bağlı yaydığı bəyanata münasibət bildirən millət vəkili Jalə Əliyeva deyib.

O bildirib ki, Azərbaycanı terror törədilən ölkə adlandırmaq üçün heç bir sübut yoxdur və bu, sadəcə, ölkəmizə atılan növbəti çirkin iftiradır:

“Azərbaycan hər zaman böyük tədbirlərin ərəfəsində olanda ölkəmizə qarşı ayrı-ayrı qüvvələr tərəfindən belə qarayaxma kampaniyaları təşkil edilib. Heç bir qüvvənin əlində tutarlı əsası olmadığı üçün bu kampaniyalar öz təsdiqini tapmayıb. Hər birimiz yaxşı bilirik ki, bu qarayaxmaların arxasında erməni lobbisinə rəhbərlik edən qüvvələr dayanıb. Lakin Böyük Britaniya kimi bir ölkənin rəsmi qurumunun belə bir əsassız bəyanat verməsi, hesab edirəm ki, çox böyük məsuliyyətsizlik və hüquq pozuntusudur. Belə bəyanatlar dövlətlərarası münasibətə xələl gətirə bilər. Azərbaycan XİN bununla bağlı öz münasibətini bildirib və ümid edirik ki, Böyük Britaniya bu bəyanatla bağlı yeni açıqlama verəcək”.

Qeyd edək ki, mayın 29-da Avropa Liqasının finalı Bakıda keçiriləcək. Böyük Britaniya XİN Azərbaycana Avropa Liqası finalını izləmək üçün gələn vətəndaşlarına xəbərdarlıq edərək, Bakıda terakt təhlükəsinin olmasını, cinayətkarlıqla mübarizənin səviyyəsinin çox aşağı olmasını və insanların soyğuna məruz qala biləcəyini iddia edib.