Şuşaya yürüş başlayır - Millət vəkilindən reaksiya

13:43 16-05-2019 120

Sosial şəbəkədə Şuşaya yürüş məqsədiyə başladılan “Evə qayıdırıq!” adı kampaniyanı dəstəkləyirəm.

Bu sözləri Axar.az-a Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının “Evə qayıdırıq!” adlı kampaniyasına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, bu cür kampaniyalar Azərbaycan cəmiyyətində dinamizm yaradır:

“Cəmiyyətimizdə dinamizm yaradan təşəbbüsləri dəstəkləyirəm. Söhbət onun reallığından və ya hansısa bir nəticəyə varmasından getmir. Əsas məsələ Azərbaycan cəmiyyətinə müəyyən oyanış, dinamizm gətirməsi və ideyanın canlanmasındır. Cəmiyyətimizdə belə təşəbbüslərin olması yaxşı haldır və bütövlükdə bu problemi diqqət mərkəzində saxlayır. Buna görə də hər hansı narahatlıq keçirməyə dəyməz. Əgər insanlarımız bu prosesdə aktiv rol oynamaq üçün belə bir kampaniyaya qoşulurlarsa, ən azı fiziki cəhətdən özlərini hazır hesab edirlərsə, buna müsbət yanaşmaq lazımdır. Kampaniyanın hansı taktika ilə gerçəkləşdiriləcəyi və yaxud da təbliğat nöqteyi-nəzərdən hansı effekt verəcəyi sonranın işidir”.

Millət vəkili onu da bildirib ki, “Evə qayıdırıq!” kampaniyasının hüquqi tənzimləməyə ehtiyacı olmadığı üçün Milli Məclisdə müzakirə edilməsi mümkün deyil:

“Şuşaya səfər etmək vətəndaş təşəbbüsüdür və hüquqi tənzimləməyə gərək durmayan məsələdir. Ona görə də bunu vətəndaşların öz ixtiyarına buraxmaq lazımdır ki, sosial şəbəkənin verdiyi avantajlarla həll etsinlər. Biz də öz dəstəyimizi göstərəcəyik”.

Qeyd edək ki, bir neçə gün əvvəl Avropa Hərəkatının rəhbəri Ramin Hacılı Şuşaya yürüş məqsədiylə “Evə qayıdırıq!” adlı kampaniya başlayıb. Bu kampaniya sosial şəbəkə istifadəçiləri arasında müsbət qarşılanıb.