İCRA BAŞÇILARI İLƏ BAĞLI QAPALI SORĞU – Rusiya nümunəsi Azərbaycanda da tətbiq olunarsa…

13:48 16-05-2019 26

Bu ilin aprelində Rusiya prezidenti Vladimir Putin regionlarda icra hakimiyyəti strukturları rəhbərlərinin fəaliyyətinin qiymətləndirilməsi metodları ilə bağlı fərman imzalayıb. Həmin fərmana görə yerlərdə rəhbərlərin iş keyfiyyəti 15 kriteriya üzrə qiymətləndiriləcək. Bunların arasında əhalinin icra hakimiyyəti başçılarına etimad səviyyəsi, eləcə də həmin regionlardakı sosial-iqtisadi vəziyyət əsas yeri tutur.

Maraqlıdır ki, icra hakimiyyəti rəhbərlərinin fəaliyyətinin effektivlik səviyyəsi əhali arasında keçirilən qapalı, yəni bir növ gizli sorğuların nəticələri əsasında müəyyənləşdiriləcək.

Kremlə yaxın mənbələr artıq regionlarda keçirilən ilk qapalı sorğuların nəticələrini mətbuata sızdırıblar. RBC xəbər verir ki, sorğuların nəticələri əhalinin regionlarda icra strukturları başçılarına – qubernatorlar və respublika rəhbərlərinə münasibətini müəyyən etməyə imkan yaradır və kifayət qədər obyektiv təsir bağışlayır. Həmin nəticələr əsasında reytinq və anti-reytinq cədvəlini təqdim edən mətbu orqan xəbər verir ki, məhz bu nəticələr Kremlin region rəhbərlərinə gələcək münasibətini müəyyən edəcək.

Nəticələr göstərir ki, yerlərdə əhalinin ən çox rəğbətini və etimadını qazananlar Tula qubernatoru Aleksey Dyumin, Çeçenistan başçısı Ramzan Kadırov və Kurqan vilayətinə rəhbərlik edən Vadim Şumkovdur. İlk onluğa həmçinin Xabarovsk və Kursk vilayətlərinin qubernatorları, eləcə də Moskva meri Yuri Sobyanin daxildir.

yevk

Anti-reytinq cədvəlinə isə İnquşetiya rəhbəri Yunusbek Yevkurov başçılıq edir.Sözsüz ki, əhalinin ona olan mənfi münasibətinin əsas səbəbi Çeçenistanla İnquşetiya arasında yaranan ərazi mübahisəsi və Yevkurovun Kadırova güzəştə getməsidir. Xatırladaq ki, bu məsələ ilə bağlı bir müddət əvvəl İnquşetiya payrtaxtında çoxsaylı kütləvi aksiyalar da keçirilib.

Əhalinin etimad göstərmədiyi icra strukturları başçılarına həmçinin Kalmıkiyaya rəhbərlik edən Aleksey Orlov, eləcə də Sevastopol, Arxanqelsk, Komi Respublikası, Çelyabinsk vilayəti və digər regionların rəhbərləri də aiddir.

Rusiya mətbuatı ekspertlərin rəylərinə yer verərək, bu və ya digər region rəhbərinin hansı səbəblərdən yüksək, yaxud aşağı reytinqə malik olduqlarını araşdırır və qapalı sorğunun nəticələrinin obyektiv reallığa söykəndiyi qənaətinə gəlir. Məlum olur ki, əhalinin qubernatorlara münasibəti onların şəxsi keyfiyyətlərindən tutmuş, yerlərdə səhiyyə, təhsil, sosial-iqtisadi durum, biznes mühiti, kriminal və sair kimi məsələlərdən asılıdır.

Ekspertlər qeyd edirlər ki, bu qapalı sorğuların nəticələri yerlərdəki icra strukturları rəhbərlərinin gələcək taleyini həll edən əsas ölçü vahidinə çevriləcək. Hesab olunur ki, uğursuz nəticələr verən qubernatorları onların Moskvadaklı havadarları belə xilas edə bilməyəcəklər.

Əlbəttə ki, Rusiya idarəetmənin effektivliyi baxımından heç də dünyanın qibtə ediləsi ölkələri siyahısına daxil deyil. Ancaq hər halda, obyektivlik sonadək qorunarsa, icra strukturlarının effektivliyini müəyyən edən qapalı sorğu üsulu kifayət qədər cəlbedici görünür.

musavire

Bəs, görəsən Azərbaycanda da oxşar prosedur qəbul edilərsə, hansı nəticələrlə qarşılaşa bilərik? Təəssüf ki, əksər regionlarda əhalinin icra strukturlarına, başçılara münasibəti həddən artıq mənfidir. Və yaxın tarix göstərir ki, yerlərdə əhalinin narazılığının bəzən pik həddə çatmasının, hətta qarşıdurma yaranmasının əsas səbəblərindən biri icra başçılarının şəxsi keyfiyyətləri, yersiz açıqlamaları və davranışları, ən əsası isə korrupsiyaya qurşanmalarıdır. Bunu son olaraq Gəncədə, daha əvvəl isə digər rayonlarda baş verən hadisələr də təsdiqləmiş oldu. Məhz həmin rəhbərlərin bəzən bütün əndazələri aşan davranışları sonradan ölkədə sabitliyə, hətta onun müstəqilliyinə qəsd edən qüvvələrin əlində alətə çevrilərək, hakimiyyətə qarşı istifadə olunub.

Təəssüf ki, hələ də Azərbaycanda 15 ildən artıqdır icra başçısı postunda oturanlar, danışığını, sözünü bilməyənlər və bəzən elə bu səbəbdən mətbuatdan qaçanlar var. Həmçinin, acı reallığa əsaslanıb demək olar ki, rəhbərlik etdiyi rayonda qohum-əqrəbasının adına rəsmiləşdirdiyi mülkləri, obyektləri, biznesi olmayan icra başçısı tapmaq elə də asan iş deyil. Təbii ki, bütün bunlardan həmin rayonlarda yaşayan yerli əhali də xəbərdardır və bu durumdan heç də məmnun deyil.

Ancaq bununla yanaşı, hamını eyni sıraya düzmək də doğru olmazdı. İcra başçılarının arasında işinin öhdəsindən pis-yaxşı gələ bilənlər, əhali üçün əlçatan olanlar, nəfsinə qismən də olsa qalib gələnlər də olmamış deyil. Bu baxımdan Rusiyada artıq tətbiq olunmağa başlayan qapalı sorğu metodunun Azərbaycanda da tətbiqi və bunun nəticələrinin ictimaiyyətin müzakirəsinə çıxarılması kifayət qədər ciddi effekt verə, yerlərdə icra başçılarının məsuliyyətini artıra bilərdi. Bu, həmçinin “axsayan” və potensial təhlükə mənbəyinə çevrilən başçıların vaxtında vəzifədən kənarlaşdırılmasına şərait yaradardı.

Təbii ki, Rusiyada olduğu kimi, Azərbaycanda da yerlərdəki başçıların bir çoxunun mərkəzi hakimiyyət strukturlarında havadarları, himayədarları var. Ancaq son zamanlar ortaya qoyulan və doğrudan da əhalinin sosial-iqtisadi problemlərinin həllinə yönələn siyasi iradə, xətt davamlı olarsa, özbaşınalıq edən, korrupsiyanı adi gündəlik normaya çevirən heç bir icra başçısı cəzasız qalmaz…

Vaqif NƏSİBOV
AzPolitika.info