“Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas
təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib

18:19 17-05-2019 105

Tarixi 200 il bundan əvvələ təsadüf edən, XIX əsrin axırlarından başlayaraq bir çox Avropa ölkələrində tətbiq olunan Publik hüquqi şəxs mexanizmi bir neçə ildir ki, Azərbaycan idarəçilik sistemində də tətbiq olunmağa başlayıb. Sözügedən mexanizmlə bağlı qanun qüvvəyə mindikdən sonra, Dövlət İmtahan Mərkəzi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Müəllif Hüquqları Agentliyi, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi", "Dənizkənarı Bulvar İdarəsi", Bakı Nəqliyyat Agentliyi, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tərcümə Mərkəzi, Dövlət Feldyeger Xidməti, "ABAD", Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi, "Patent və Əmtəə Nişanları Mərkəzi , Dövlət Reklam Agentliyi, təhsil ocaqlarından Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti ilə Azərbaycan Dövlət İqtisad Universiteti və bir sıra dövlət qurumları bu statusa keçib. Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanunda qeyd olunur ki, “publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır”. Artıq hər kəsə məlumdur ki, publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Publik hüquqi şəxslərin özləri tərəfindən isə nizamnamədə nəzərdə tutulmuş qaydada publik hüquqi şəxslərin yaradılması mümkündür. Publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər isə Mülki Məcəllə ilə tənzimlənir. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş qaydada təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.

 Orta ixtisas təhsili müəssisələri də publik hüquqi şəxslərə çevrilir

 “Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib. Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Həmçinin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Təhsil eksperti Kamran Əsədov bu barədə “Paralel” qəzetinə (www.paralel.az) danışdı:

“Bilirsiz ki, artıq 2016-cı ildən etibarən bəzi dövlət büdcəsindən maliyyələşən müəssisələrin publik hüquqi şəxsə çevrilməsi başlayıb. İlk növbədə qeyd edim ki, publik hüquqi şəxsin mövcud olması zəruri idi . Dövlət hüquqi şəxs olmadan davamlı ola bilməz, lakin dövlət sıradan bir şirkət, dərnək ya da ictimai birlik deyildir. Dövlətin məqsədi pul qazanmaq deyildir, onun kompleks hədəfləri və resursları var, zor tətbiq etmə səlahiyyətinə sahibdir. Bu səbəblə o xüsusi (sivil) hüquqa tabe yox, publik hüquqa tabe bir hüquqi şəxsdir. Digər tərəfdən dövlət aparatı daxilində əsas hakimiyyət qollarından biri olan icra hakimiyyəti qolunda da iyerarxiya münasibəti var, yəni tabeçilik, bu da dövlət aparatının ilişmədən və problemsiz işləməsinə yönəlir. Lakin bəzi hallarda elə bir icra strukturu yaradılmalı olur ki, bunlar mərkəzi icra hakimiyyətinin ierarxiyasına daxil olmamalıdır, texniki, siyasi və hüquqi səbəblərə görə. Başqa sözlə, Prezident (Nazirliyə) tabe olmamalıdır. Siyasi yanaşmaya keçsək, Mərkəzi Seçki Komissiyası müstəqil olmalıdır, bu səbəblə o MÜSTƏQİL publik hüquq şəxs sayılmalıdır. Halbuki sayılmır. Başqa bir misal bələdiyyədir. Bələdiyyə şirkət deyil, QHT deyildir, onun məqsədi pul qazanmaq deyil, o, bir publik hüquq şəxsidir. Başqa bir misal MTRŞ, o da müstəqil olmalıdır, publik hüquqi şəxs olmalıdır. Mərkəzi Bank da bu sıradadır. Publik hüquqi şəxsin həqiqi müstəqilliyini təmin etmək üçün, fərmanla deyil,  ayrıca qanunla qurulmalıdır. Fərmanı hər an dəyişib həmin orqanın statusuna və müstəqil-liyinə son qoymaq mümkündür. Yəni fərmanla qurulan publik hüquq şəxsinin müstəqilliyi həqiqi ola bilməz. Burda maliyyələşmə təkcə valideynlərin ödəniş etməsi kimi nəzərdə tutulmur. Bilirsiz ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə dövlət pulsuz təhsil verməyi öz üzərinə götürüb. Burda tamam başqa formada maliyyələşmədən söhbət gedir. Yəni hər bir məktəb xidmət göstərməlidir. Bu gün təkcə Bakı şəhəri üzrə 700- dən çox hazırlıq kursu, tədris mərkəzi və sayı heç də 10 mindən az olmayan bu və ya digər fəaliyyət və fənlərdən repititor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyirlər, həm də, gəlir əldə edirlər. Bilirsiz, hər bir təhsil müəssisəsində yaradılmış şəraitə görə böyük məbləğdə gəlir əldə etmək imkanı var. Əlbəttə ki, qanuni əsaslarla. Daha indi bir çox məktəb direktoru qeyri-qanuni yolla məktəbliləri dərsdən buraxmaq, onlara yüksək qiymət yazmaq yolu ilə yox. Təhsil müəssisəsinin binası və infrastrukturunu dərsdən sonra geniş şəkildə istifadə etmək olar. Belə ki, təhsil müəssisəsində rəqs dərsləri, şahmat dərsləri keçirmək olar, eyni zamanda ixtisaslı kadrlar öz sahələri üzrə məhsul istehsal edə bilərlər. Bununla yanaşı rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlir əldə edə bilər. Eyni zamanda, məktəb qrant layihələri, tender və müsabiqələrdə iştirak etməklə öz gəlirini artırmaq imkanlarına malikdir. 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb. Orta ixtisas və peşə məktəbin rəhbərliyi öz kontingentindən istifadə etməklə məktəbdə treninqlər, təlimlər keçirə bilər ki, bundan da böyük həcmdə vəsaitin əldə edilməsi müm-kündür. Valideynlər könüllü olaraq ödəniş edə bilərlər. Amma birbaşa orta ixtisas təhsili müəssisələrinin, peşə məktəblərin pullu olması mümkün deyil”.

Şahnaz Salehqızı