Ərdoğan Tramp, Putin və Szinpinlə görüşür

11:17 07-06-2019 64

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı iyunun sonunda gərgin iş qrafiki gözləyir.

Xəbər verir ki, Ərdoğan ayın sonunda Yaponiyadakı G-20 zirvəsində iştirak edəcək, zirvədən sonra isə Çinə səfər edəcək.

Ərdoğan 28-29 iyunda Osaka şəhərində keçiriləcək G-20 zirvəsi çərçivəsində Rusiya və ABŞ Prezidentləri ilə görüşəcək.

Ərdoğan-Tramp görüşündə Rusiyadan alınacaq S-400 zenit raket kompleksləri, F-35 proqramı çərçivəsində baş verənlər və Suriyanın şimalında yaradılacaq təhlükəsizlik bölgəsi müzakirə olunacaq. Ekspertlər iki ölkənin S-400 məsələsində ortaq məxrəcə gəlməsi və Trampın Türkiyə səfərinin taleyinə aydınlıq gəlməsi üçün bu görüşün kritik əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Ərdoğanın G-20 zirvəsində daha bir vacib görüşü Rusiya lideri Vladimir Putinlə olacaq. Bu görüşdə Suriyada son yeniliklər və Əsəd rejiminin kəskin hücumlarına məruz qalan İdlib bölgəsi əsas müzakirə mövzusu olacaq.

Ərdoğan Yaponiyadakı G-20 zirvəsindən sonra 2 iyulda Çinə səfər edəcək. Ərdoğan Pekində Çin Prezidenti Si Szinpinlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirəcək.