Sahil Babayevin əlillik və sosial
yardım təyinetmə “metodları”

19:27 07-06-2019 585

Nazir sələfi Səlim Müslümovun ölüsünə rəhmət oxutdurur

 

Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri postuna təyin edilməsi məqamında əhalinin əksər hissəsi sükuta dalmışdı. Bu sükutun iki mənası var idi; - cavan, eherjili olduğuna görə, gənc kadr kimi, xalqın sosial müdafiəyə ehtiyacı olan kəsiminin vəziyyətini yaxşılaşdıra biləcək kadr; ya da, görəsən, bu kimin dövlətə sırıdığı ərköyündür, xalqın başında dəlləklik etməyə gəlməyib ki?!.. Yəni, iman bir yerə, güman isə min yerə getdi, fikirlər toqquşdu ...

Güman öz yerində, amma hər kəs ölkə Prezidentinin kadr siyasətinə yaxşı bələd olduğuna görə, xalq bu təyinatı da yaxşı variant, çıxış yolu kimi qəbul etdi. Öncə nazir tərəfindən başlanılan islahatlar əhali tərəfindən müsbət qarşılandı. Lakin bir qədər keçəndən sonra nazirliyin peşəkar, savadlı, işbilən kadrlarının vəzifədən uzaqlaşdırılıb, onların yerinə savadsız, işdən xəbərsiz kadrların nazirliyə işə cəlb edilməsini görəndən sonra, millət Sahil Babayevin “hansı yuvanın quşu olduğunu” duydu və peşmançılıq keçirməyə başladı. Yəni nazirə qarşı xalq inamsızlığının bünövrəsi kadr islahatları aparmağa başlayanda qoyuldu və bunun ardınca kütləvi narazılıq ölkəni duman kimi bürüdü ...

Ölkəni bürüyən xalq narazılığının dumanı getdikcə qatılaşmağa başladı. Bu hadisə o vaxt baş verdi ki, Sahil Babayev heç bir əsas olmadan xeyli vətəndaşa təyin olunmuş əlillik dərəcələrini ləğv etdi. Xeyli günahsız insan əlil kimi dövlət himayəsindən məhrum oldu. Bir neçə min insanın işinə “saxta” damğası vurub, kənara atdılar və heç kim, yəni saxta iş görənlərin heç biri cəzalandırılmadı. Onlardan külli miqdarda hesab alındı, mənimsənildi, əziyyət çəkib, xərc – borc edib, əlillik hüququ almaq istəyənlərin həm pulu batdı, həm də adı cinayətkar elan olundu, lakin yenə də bu cinayət qanun və hüquqdan kənarda qaldı. Hər şey Sahil Babayevin ixtiyarına buraxıldı. O da bildiyi kimi, ataların dediyinə uyğun olaraq, “babam mənə kor deyib, əlinə keçəni vur deyib” metodunu işə salıb, qısa müddətdə çirkin niyyətlərini həyata keçirdi. Beləliklə, insanların haqqı pozuldu və onların dövlətə bəslədiyi inama daha bir ciddi zərbə vuruldu ...

Sahil Babayev yuxarıda qeyd etdiyim mənfi proseslərlə bərabər, eyni zamanda, təyin olunmuş əlilliyin, bəzi istisnaları nəzərə almasaq, nazirlik tərəfindən qeydə alınmasını faktiki olaraq dayandırdı və bu yolla xeyli vətəndaşın konstitusiya hüququnu kobud formada pozdu. Əgər 2018 – ci ilin statistik rəqəmlərinə diqqət yetirsəniz, o zaman Sahil Babayevin ölkəmizin əlil olan, lakin qeydiyyata alınmayan minlərlə vətəndaşına qarşı nə qədər böyük qanunsuzluq və ədalətsizlik etdiyini müşahidə edəcəksiniz. Nazir bu hadisələrin fonunda ölkədə yüksələn xalq etirazlarının məşəlini söndürmək üçün yanlış olaraq, insanların heç bir əsas olmadan, nazirlikdə qeydə alınmayan əlillik sənədlərinə “əlavə müalicə olunmalıdır” saxta rəyi yazdırıb işlərin kütləvi şəkildə geri qaytarılmasına haqq qazandırmağa cəhd etdi. Heç bir dövlət məmuru nazirin xalqa qarşı törətdiyi kütləvi cinayətə bərabər ədalətsizliyə adekvat reaksiya vermədi. Çünki nazir Sahil Babayev nazir postuna təyin olunduğu gündən guya ölkə rəhbərliyinə yaxın olduğu barədə elə bir “dezinformasiya” yaydı ki, bundan sonra heç kim onun bəd əməllərinin üstünə getməyə cəsarət etmədi. Lakin hər kəs yaxşı bilir ki, ölkə Prezidenti və onun ailə üzvləri xalqa qarşı mənfi hallara yol verən dostuna, əzizinə belə, güzəştə getmir və getməyəcək də ...

Əlimizdə olan daha bir fakt Sahil Babayevin xalqa və dövlətə qarşı törətdiyi saxtakarlığı ortaya qoyur. Adının çəkilməsini istəməyən nazirlik əməkdaşının verdiyi məlumata görə, əlillik və sosial yardımın müəyyən olunması üçün nazirlikdə iki sistem yaradılıb. Bu sistemlərdən biri, yəni nazirin yaxın ətrafı, məmurlar üçün yaradılıb ki, buradan vurulan sənədlərin hər biri təsdiq olunur və hər hansı saxta rəy yazılıb geri qaytarılmır. Bax bu, dövlətə, xalqa və ölkə Prezidentinə nazir Sahil Babayev tərəfindən olunan ən böyük xəyanətdir! Əgər son bir ildə əlillik və sosial yardımlar təyin olunmuş şəxslərin tərkibi araşdırılarsa, onlar sorğu – suala tutularsa, bu faktın doğruluğuna heç bir şübhə olmaz!..

Yəqin Sahil Babayevin məşğulluqla bağlı həyata keçirdiyi proseslərin ölkədə hansı xoşagəlməz səs – küyə səbəb olduğunu kimsə eşitməmiş deyil. Xəstə və yararsız davar və mal-qaranın baha qiymətə kütləvi olaraq xalqa sırınmasının səsi o qədər geniş yayıldı ki, hətta dünya informasiya kanallarından belə, eşidildi və ölkəmiz dünya ictimaiyyəti qarşısında böyük bir ləkə qazandı. Təəssüf ki, bu cür eybəcər, mənfi proseslərin ƏƏSM Nazirliyində baş verməsinə baxmayaraq, nazir Sahil Babayevə «gözün üstündə qaşın var», deyən tapılmadı və bu boyda cinayət hüquqi qiymətini almadı. Nazirlikdə baş verən belə pis halların vaxtında qarşısının alınmaması dövlətimizin imici ücün yaxşı heç nə vəd etmir, əksinə...

Hazırda Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunda yoxlama aparır. Bizə çatan məlumata görə, on günlük yoxlama nəticəsində on milyonlarla pulun mənimsənilməsi müəyyən olunub və artıq bu mənimsəmə faktı cəmiyyətdə böyük əks – səda doğurub. Yəqin ki, Hesablama Palatası da Sahil Babayevin özünü cəmiyyətə “Prezident ailəsinin yaxın adamı” kimi təqdim etməsinin təsirindən çəkinməyəcək və nəhayət, nazirin bir illik fəaliyyətinə layiq olduğu qiymətin verilməsi üçün aşkar olunmuş külli miqdarda dövlət vəsaitini mənimsəmə faktını cənab Prezidentə təqdim edəcək!..

 

Tahir Abbaslı