Azərbaycanlı müğənnilərin pullu kişiləri...

11:11 10-06-2019 32

Çox şükür ki, şoumuz da var, biznesimiz də. Şounu süni yaratsaq da, biznesi xalqımız yaradır. Sonra da deyirik, filan müğənni filan qiymətə toya gedir. Bu müğənniyə pulu verən bizik. Əgər verməsək, biznessiz qalmış olacaq. Deməli, quru şou yaratmağa həvəsi qalmayacaq və avtomatik olaraq “zövq soyqırımından” özümüzü qorumuş olacağıq. Bunların işi oxumaq olsa da, başları oxumaqdan başqa hər şeydən çıxır. Məncə, Dövlət Statistika Komitəsi və Vergilər Nazirliyi bəzi qadın müğənnilərə xüsusi qəbul günləri ayıraraq, pullu kişilərin aylıq reytinq cədvəlini hər ay tələb etməlidir.

Elə müğənnilər var ki, öz pullu kişilərini xalqa “ər” obrazında göstərmək istəyirlər, əsl tərəfi isə “qızıl yumurtlayan toyuq” obrazıdır. Əmin olun ki, xalqın sizin mal-mülkünüzdə gözü yoxdur. Qısa zaman ərzində ictimai nəqliyyatdan “Gelandevagen”ə, kirayə evdən dəbli villalara doğru getdiyiniz yolu açıqlasanız, cəmiyyətin tənqidi əvəzinə, bəlkə də alqışına tuş gələrsiniz.

Hərdən bəzilərinizi xarici şou-biznesin qapılarında boynubükük görəndə ürəyim ağrıyır. Axı niyə özünüzü dəvətsiz qonaq kimi hər vasitə ilə o qapıdan içəri salmağa çalışırsınız?! Vallah, girmək istədiyiniz o evin ağası da var, nökəri də. Sizə bəlkə də “get” demirlər, lakin ev yiyəsinin üz ifadəsi və hərəkətləri hər şeyi deyir. Məsələn, müğənni verilişə dəvət alıb, Bakıdan İstanbula qədər yol gedir. Nəticədə isə verilişin son on dəqiqəsində adi bir təqdimat ilə efirdə görünür. Sizcə, bu qədər yolu belə duruma düşmək üçün qət etməyə dəyərmi?!

Hələ cavan ikən ara müğənnisi olub, yaşlandıqdan sonra bəzi telekanallar tərəfindən “canlı korifey” səviyyəsində tutulan müğənnilərə nə deyək?! Nə etmək olar ki, Rəşid Behbudov, Müslüm Maqomayev kimi nəhənglər aramızda deyillər. Bu ona əsas vermir ki, siz meydanı boş görüb, özünüzü cavan nəslə “sənətkar” kimi təqdim edəsiniz. Özünüzə doğru ad seçmisiniz “sənətçi”. Sizin sənətkar olmağınız çətin məsələdir, hətta mümkünsüzdür. Bu gedişlə vaxt gələcək indi “bayağıdır” dediyimiz müğənnilər çevrilib “korifey” olacaq.

Sözüm gənc dinləyici auditoriyasınadır: Siz gələcək “korifeylərin” gənclik dövründə yaşamaq kimi şansa sahibsiniz. İçimdən bir hiss “Allah kəssin belə şərəfə nail olmağı” deyir. Amma bu da gəlib keçər. Tarixdə əsl sənət qalacaq. Ümid edirəm ki, sizdən sonra gələn müğənni ordusu bu boşluğu dolduracaq. Biz isə indiki “sənətkar”ların sənətini kar kimi izləməyə davam edək.