HƏBSDƏ OLAN AXH ÜZVLƏRİ BARƏDƏ SON XƏBƏRLƏR

14:28 12-06-2019 24

Xəbər verildiyi kimi, mayın ortalarından etibarən Azərbaycan Xalq Hərəkatının üzvləri bir-birinin ardınca aidiyyəti orqanlara çağırılıb dindirilir. Bu proses əvvəlki kimi olmasa da, hələ də davam edir. AXH üzvlərindən inzibati cəzalar alanlar da var.

Hərəkatın dönəm sədri, Gələcək Azərbaycan Partiyasının rəhbəri Ağasif Şakiroğlu son durumu “Yeni Müsavat”a şərh etdi: “AXH İdarə Heyətinin həbsdə olan üzvlərindən İlyas Abdullayev 5 iyun tarixində azad edildi. Məlum oldu ki, İlyas bəy 15 gün azadlıqdan məhrum edilərək Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində saxlanılıb. Hazırda İdarə Heyətinin üzvlərindən Yavər Milayılov, Məclis üzvlərindən isə Ramiz Səlimov həbsdədir. Yavər Mikayılov Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində saxlanılır. Ramiz Səlimovu Müvəqqəti Saxlama Məntəqəsinə aparıblar.

Yavər Mikayılovun həbs müddəti 20 iyun, Ramiz Səlimovun həbs müddəti isə 3 iyulda tamam olacaq. Buna paralel olaraq AXH Ali Məclisinin üzvləri olan Rəşad Ələkbərov və Mirqulam Əliyev barəsində ölkə üzrə axtarış haqqında məhkəmə qərarının verildiyi gələn informasiyalar sırasındadır. Onların mənzillərində ötən ay axtarış aparılıb. Eyni zamanda iyunun 10-da AXH fəalı Elməddin Bağırlı Binəqədi polisinə dəvət edilərək 4-5 saat saxlanılıb. Hərəkatla bağlı sorğu-sual edildikdən sonra sərbəst buraxılıb. Düşünürəm ki, bu cür yollarla hakimiyyət AXH tərəfdarlarını qorxutmaq istəyir. Amma istəyinə çatmağa nail olmayıb. Təkcə iyunun 10-da keçirilən AXH İdarə Heyətinin toplantısında hərəkata üzvlüklə bağlı müraciət etmiş yeni 23 nəfəri sıralarımıza qəbul etdik. İctimai diqqət və dəstəyi görürük”.

“Yeni Müsavat”