Nazirlərin üçtərəfli görüşü başladı - Qəbələdə

15:23 12-06-2019 65

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstanın Müdafiə naziri cənab Levan İzoriya ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə qonaqları salamlayan Müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli, NATO-nun keçirdiyi proqramlar çərçivəsində və digər sahələrdə aparıldığını qeyd edib və bu əməkdaşlığın fəaliyyət sahələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

Azərbaycana növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirən Gürcüstanın müdafiə naziri bunun ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu deyib.

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda Azərbaycanın və Gürcüstanın müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb.

***

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Müdafiə naziri general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin gündən-günə inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Dövlətlərimiz arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu cür görüşlərin əməkdaşlığımızın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

Türkiyəli nazir də öz növbəsində Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin genişlənməsində bu cür görüşlərin vacibliyindən danışıb.

Görüşdə regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.

***

İyunun 12-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın Müdafiə naziri cənab Levan İzoriya arasında üçtərəfli formatda görüş başlayıb.

Görüşdən əvvəl Müdafiə nazirləri Qəbələ şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini, eləcə də Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək önlərinə gül dəstələri qoyub, xatirələrini hörmət və ehtiramla yad ediblər.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərinin müzakirəsi və üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulub.

***

İyunun 12-də Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın Müdafiə naziri cənab Levan İzoriya arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokal imzalanıb və kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib.