Nazirin dünən imzaladığı əmrdə xüsusi nüans – İlk dəfə

14:02 13-06-2019 30

Sabah keçiriləcək “Son zəng”lə bağlı imzalanmış əmrdə tədbirin saat neçədə keçirilməsi haqda heç bir məlumat qeyd ediləməyib. Bu, texniki səhv ola bilər.

Bu sözləri təhsil eksperti Elşən Qafarov “Son zəng” günü ilə bağlı imzalanan əmrin mətnindən danışarkən deyib.

E.Qafarov bildirib ki, “Son zəng” tədbirinin başlama saatı barədə məlumat verilməlidir:

“Əmrdə “Son zəng” tədbirinin saat neçədə başlayıb, neçə saat davam etməsi ilə bağlı məlumat qeyd edilməyib. Bundan əvvəlki əmrlərdə qeyd edilirdi ki, tədbir saat 10-da başlayıb bir saat davam edəcək və sair. Bu, məktəblərdə təhlükəsizliyi qoruyacaq polis əməkdaşları üçün də vacib olan məsələdir”.

Təhsil eksperti vurğulayıb ki, ola bilər, nazirlik daxili təminatla bütün ümumtəhsil məktəblərinə tədbirin hansı saatda keçirilməsi ilə bağlı məlumat göndərib.

Təhsil Nazirliyindən məsələ ilə bağlı  bildirilib ki, “Son zəng” tədbirinin vaxtını məktəblər öz proqramına əsasən müəyyən edəcək:

“Tədbirlərin keçirilməsi ilə bağlı konkret saat müəyyənləşdirilməyib. Hər məktəb özü daxili proqramına əsasən tədbirin saatını müəyyən edəcək. Tədbirlər səhər saatlarında hər məktəbin özünün müəyyən etdiyi vaxtda keçriləcək”.

Xatırladaq ki, iyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq.

Təhsil naziri Ceyhun Bayramovun bununla bağlı imzaladığı əmrdə ölkənin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə olunub.