“Saxta yollarla “Veteks” şirkətini tenderin qalibi edirlər” - ZƏRDABDAN ŞİKAYƏT

17:48 05-07-2019 370

“Dəfələrlə cənab prezidentimiz İlham Əliyevə, Birinci Vitse-prezident xanım Mehriban Əliyevaya və Prezident Administratsiyasının məsul şəxslərinə məktub və teleqramlarla müraciətlər etsəm də, müraciətlərim ünvanlarına çatdırılmır. Mənim istəyim həmin şəxslərin qəbuluna düşməkdir”.

Bunu “Hürriyyət” qəzetinin elektron ünvanına Zərdab rayonu, Çallı kəndi sakini Məmmədov Mehman Məhəmməd oğlu yazıb.

“Lütvəli Babayev və Zərdab şəhər icra nümayəndəsi Hafis Kərimov sahibkarlığa kölgə salaraq..”

M.Məmmədov qeyd edib ki, o, “Simvol-2012” MMC-nin direktorudur: “Cənab prezidentimizin sahibkarlığa önəm verdiyi bir vaxtda Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev və Zərdab şəhər icra nümayəndəsi Hafis Kərimov sahibkarlığa kölgə salaraq, saxta yollarla tenderlər keçirərək “Veteks” şirkətini tenderin qalibi edirlər. “Veteks” şirkətinin işçisi Vüqar adlı şəxsin gördüyü işlərin kağız üzərində adı var, amma görülən işlər yox dərəcəsindədir. Bütün bunlarla əlaqədar cənab Prezidentimizə müraciətlər etmişəm ki, 2017/18-ci illərdə Zərdab rayonunda görülən işlərin mənim iştirakımla yoxlanılması barədə komissiya ayrılsın”.

“Yoxlama komissiyasının ayrılması üçün cənab Prezidentdən kömək istəyirəm”

M. Məmmədov boğulan haqq səsinə səs verilməsini xahiş edir: “2017/18-ci illərdə Zərdab rayonuna ayrılan təmir və abadlıq pullarının hara və nəyə xərcləndiyinin araşdırılıb üzə çıxarılması üçün yoxlama komissiyasının ayrılması üçün cənab Prezidentdən kömək istəyirəm. Çünki Zərdab rayon rəhbərləri görülən işlər barədə Prezidentə və Prezident Administratsiyasının işçilərinə düzgün məlumat vermirlər”.