“HAKİMLƏR O QADININ TƏLƏBLƏRİNİ YERİNƏ YETİRİRLƏR” – Ali Məhkəmənin hakimlərindən Prezidentə sensasiyalı şikayət

13:46 08-07-2019 405

 “Niyə hakimlər Parisi ailəsindən və Vətənindən üstün tutan qadını müdafiə edirlər?”

“5 il ərzində artıq 13 qərar qəbul edib, ancaq uşaqların taleyi bugünə qədər həllini tapmayıb”

“Hakimlər uşaqlarına baxmaq istəməyən qadının istəyini yerinə yetirir, ancaq uşaqların mənafeyini və istəklərini  nəzərə almırlar”

Məlum olduğu kimi, Prezident İlham Əliyev bu il aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmanda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər.

Ancaq mətbuatda hər gün rast gəlinən şikayətlərdən, ölkə başçısına müraciətlərdən belə görünür ki, heç də bütün hakimlər dövlət başçısının fərmanında əksini tapan bu tövsiyələrə riayət etmirlər. Bəzən elə açıq formada ədalətsiz qərarlara imza atırlar ki, cəmiyyətdə məhkəmə sisteminə olan inamı sarsıdırlar… Buna görə də insanlar öz haqlarının müdafiəsi üçün ya birbaşa, ya da mətbuat vasitəsilə ölkə prezidentinə üz tutmalı olurlar.

“Azyaşlı övladlarımın hüquq və mənafeyləri məhkəmələr tərəfindən kobud şəkildə pozulur”

Копия 1aaBelələrindən biri də, Sabirabad şəhəri, Q.Namazəliyev küçəsi ev 10-da qeydiyyatda olan, hazırda Bakıda yaşayan Babayev Həbib Gülmirzə oğludur. O, Ali Məhkəmədə üzləşdiyi ədalətsizliklə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Bir nüsxəsi də “AzPolitika.info”ya göndərilən müraciətin surəti eyni zamanda I Vitse-Prezident Mehriban xanım Əliyevaya, Ədliyyə naziri və Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə, İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Elmira Süleymanovaya, Milli Məclisinin sədri Oqtay Əsədova, Ali Məhkəməsinin sədri Ramiz Rzayevə və Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə də göndərilib.

Şikayətçi Həbib Babayev müraciətində hakim Əhməd Nurməmmədovun sədrliyi ilə Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş qərarın qanunsuz və ədalətsiz olduğunu bildirir:

“Möhtərəm Cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, artıq 5 ildir ki, mən, Azərbaycan Vətəndaşı Həbib Gülmirzə oğlu Babayev, öz Vətənimdə məhkəmələrin ədalətli qərarlar çıxarılması naminə mübarizə aparıram. Mübarizənin səbəbləri mənim və eləcə də, azyaşlı övladlarımın hüquq və mənafeylərinin məhkəmələr tərəfindən kobud şəkildə pozulmasıdır”.

Sonra H.Babayev hakim Əhməd Nurməmmədovun sədrliyi ilə Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş qəbul olunmuş qərarın Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları Haqqında” Konvensiyasını, Azərbaycan Respublikasının Konstitusiyasını, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 81-ci və Azərbaycan Respublikası MPM-nin 234.2-ci maddəsinin tələblərini pozduğunu bildirir: “Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndər Heydər Əliyev cənabları tərəfindən qoyulmuşdur. Ulu öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minmişdir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı olanları da var. Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” qanun qəbul edilmişdir. Bu gün Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilərək onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilmişdir.
Lakin bütün bunlara baxmayaraq, görünür, Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədovun fikri yuxarıda qeyd edilənlərlə uyğun gəlmir…”

“Keçmiş həyat yoldaşım Parisdə yaşamağı ailəsindən və övladlarından daha üstün tutmuşdur”

Qeyd edək ki, Həbib Babayevin sözlərinə görə, məhkəmə predmeti olan mübahisəyə səbəb həyat yoldaşı Jalə Orucovanın (Babayeva) ailəsi ilə birlikdə Azərbaycanda yaşamağa razılaşmaması, Fransada yaşamaq istəyi olmuşdur: “Qadın hüquqları təşkilatları ilə əlaqə quraraq Fransadan xüsusi növ sığınacaq alan keçmiş həyat yoldaşım Jalə Orucova Parisdə yaşamağı ailəsindən və övladlarından daha üstün tutmuşdur”.

Həyat yoldaşının “Fransa məhəbbəti” Həbib Babayevlə Jalə Orucova arasında 5 İyul 2003-cü il tarixdə bağlanmış nigahın pozulmasına səbəb olub. Hansı ki, bu nigahdan onların iki övladı – 12.06.2004-cü il təvəllüdlü Babayeva Səbinə Həbib qızı və 12.05.2007-ci il təvəllüdlü Babayeva Sitarə Həbib qızı dünyaya gəlib.

1aa
Həbib Babayevin sözlərinə görə bütün cəhdlərinə baxmayaraq, Jalə Orucovanı Fransada yaşamaq arzusundan vaz keçirə bilməyib. Buna görə də o, 2014-cü ilin iyul ayında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Babayeva Jalə Məhərrəm qızına qarşı iddia qaldıraraq nigahın pozulması və birgə uşaqlarımızın özünün himayəsində qalmasını xahiş edir.
“Tələbimə baxan yerli instansiya məhkəməsi 2(008)-6624/2014 saylı 10 dekabr 2014-cü il tarixli qətnamə qəbul edərək, iddiamı təmin etdi. Tərəflər arasında 5 iyul 2003-cü il tarixində bağlanmış nigahın pozulması və birgə nigahdan doğulmuş uşaqların atası Babayev Həbib Gülmirzə oğlunun himayəsinə verilməsi qət etdi” –deyə H.Babayev müraciətində yazır.

“Onun niyyəti uşaqlarıı həm atasız, həm də anasız qoymaqdır!”

1APAncaq qətnamənin nigahın ləğv edilməsi hissəsi ilə razılaşan Jalə Orucova Bakı Apellyasiya Məhkəməsinə qismən apellyasiya şikayəti verir.
O, birinci instansiya Məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, nigahın pozulması hissəsini dəyişdirilmədən saxlanılması və uşaqların analarının himayəsinə verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.

H.Babayevin sözlərinə görə, keçmiş həyat yoldaşının belə bir iddia qaldırması uşaqlara olan istəyilə deyil, sadəcə öz aləmində onu “cəzalandırmaq” niyyətilə bağlı olub. Çünki Jalə Orucova özü Azərbaycanda yaşamır, atanın icazəsi olmadan isə uşaqları ölkədən çıxarmaq olmaz. Buna görə də, məhkəmədən uşaqların Jalə Orucovaya verilməsini tələb etmək, əslində onları həm atasız, həm də anasız qoymaqdır!

H.Babayev qeyd edir ki, Jalə Orucovanın övladlarına qarşı “məhəbbəti”-ni onların saxlanılması üçün hər hansı maddi xərc çəkmək istəməməsi göstərir. Onun sözlərinə görə, J.Orucova məhz qadın təşkilatları vasitəsilə Parisdə özünə yüksək əmək haqqı ilə iş də tapıb. Onun Fransada məhkəməyə təqdim etdiyi sənəddə göstərilir ki, o, 31 iyul 2014-cü il tarixdən Parisdə satıcı kimi işləyir və 2074 avro xalis gəlirə malikdir.

Bunu nəzərə alaraq H.Babayev uşaqların qanunla müəyyən olunan hüquqlarını müdafiə etmək naminə 13 Fevral 2015-ci il tarixdə uşaqların saxlanması üçün cavabdeh Jalə Orucovaya qarşı aliment iddiası qaldırıb. Ancaq işə baxılması gecikdirilir.

“Hakim Nurməmmədov uşaqlarına baxmaq istəməyən qadının istəyini yerinə yetirdi”

Yalnız 3 ildən sonra iddiaya baxan Sabunçu rayon Məhkəməsi 2(008)-13/2018 saylı 10.05.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Jalə Babayevadan 18.07.2014-cü il tarixdən hesablanmaqla, övladları yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 545 manat olmaqla cəmi 1090 manat aliment kəsir.
Məhkəmənin həmin qətnaməsindən narazı qalan J.Orucova (Babayeva) apellyasiya şikayəti verir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8071/2018 saylı mülki iş üzrə 31.07.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətini qismən təmin edərək, cavabdehdən hər ay hər uşağa 500 manat olmaqla cəmi 1000 manat aliment kəsilməsini qət edir.

dda5b3a23ded5a306c75ad1ed0a4f569Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Vüsalə Baxışovanın sədrliyi ilə çıxarılan məhkəmə qətnaməsində verilən qərar çox dəqiq şəkildə əsaslandırılaraq, göstərilir: “Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşaqların saxlanılması üçün bir valideyndən digərinin xeyrinə aliment tutulmasını müəyyən edənqətnamə yalnız uşaqlar xeyrinə aliment tutulmuş valideynin yanında saxlanıldığı dövr üçün qüvvədə olur. Məhkəmə qətnaməsi ilə uşaqlar həmin valideyndən alınaraq digət valideynə verildikdə alimentlə bağlı qətnamə qüvvəsini itirir”.

Ancaq uşaqlarının saxlanılması üçün heç bir öhdəlik götürmək istəməyən J.Orucova (Babayeva) Bakı Apellyasiya Məhkəməsinin 2 qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verir. Məhkəmədən xahiş edir ki, uşaqların hansı valideynin yanında qalması məsələsi üzrə yekun qərar olana qədər alimentlə bağlı iş dayandırılmalıdır…

“Axı bu cür insaniyyətdən kənar bir tələbi “ana” necə qoya bilər? Bəs bu “ana” düşünmürmü ki, azyaşlı uşaqlar hər gün ən azı 3 dəfə yemək yeyirlər, təhsil alırlar, pal-paltar geyinirlər, gəzməyə, istirahət etməyə gedirlər? Axı aliment uşağın saxlanması üçündür, bu məbləğ uşağa yönəldilir, ataya yox ! Bunları düşünməyən qadından ana olarmı?” – deyə H.Babayev sual edir.

Ancaq qəribə də olsa, hakim Əhməd Nurməmmədovun sədrlik etdiyi Ali Məhkəməsinin Mülki Kollegiyası da J.Orucovanın iddiasını təmin edib: “Çox təəssüf hissi ilə bildirirəm ki, Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edlmiş 2(102)-8300/2018 saylı 17 dekabr 2018-ci il tarixli qərarı ilə iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərildi. Qərarda açıq-aydın göstərilmişdir ki, “uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi yekunlaşmamış (qanuni qüvvəsini almamış) və valideynlərdən hansının aliment ödəməli olması həmin məsələnin həllindən birbaşa asılı olduğundan Apellyasiya məhkəməsinin gəldiyi qənaət əsaslı olmamışdır.”
Yəni, hakim Əhməd Nurməmmədov hansısa səbəbdən uşaqlarına baxmaq istəməyən qadının istəyini yerinə yetirdi. Bu zaman uşaqların mənafeyini belə nəzərə almadı.

“Məhkəmələr 5 il ərzində artıq 13 qərar qəbul edib, ancaq uşaqların taleyi bugünə qədər həllini tapmayıb”

ehmed-nurmemmedovH.Babayev bu qərarı ədalətsiz və qanusuz hesab edərək prezidentə müraciətində yazır: “ Axı hakim Əhməd Nurməmmədov çox gözəl bilir ki, uşaqların hansı valideynin yanında qalması məsələsi bugünə qədər (İyin 2019-cu il) həllini tapmamışdır. Artıq 5 ildir ki, uşaqların məsələsini məhkəmələr bir-birlərinin üstlərinə ataraq qəsdən elə edirlər ki, bitməsin, yekun qərar verilməsin.

Cavabdeh ilə mənim aramda olan nigah münasibətləri 10 dekabr 2014-cü ildə ləğv edilmiş, nigahın pozulması haqqında qətnamə qanuni qüvvəsini almış, lakin uşaqların taleyi bugünə qədər (İyil 2019-cu il) hələ də həllini tapmamışdır, məhkəmələr 5 il ərzində artıq 13 qərar qəbul etmişdir.

Məsələ üzrə 3 dəfə İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının müvafiq rəyləri verilmişdi. Qəyyumluq Komissiyaları hər 3 rəydə uşaqların ATANIN YANINDA QALMASINI MƏQSƏDƏUYĞUN HESAB ETMIŞ, azyaşlı övladlar 3 dəfə Məhkəmə qarşısında dindirilmış və öz sərbəst fikirlərini söyləyərək ATALARI İLƏ QALMAQ İSTƏDİKLƏRİNİ BİLDİRMİŞ, müvafiq psixoloq həkimlər və Sosial Reabilitasiya Mərkəzləri uşaqlar haqqında rəylər vermiş, lakin bu mülki məsələ bitmir ki bitmir…”

“Uşaqları hər dəfə məhkəməyə gətirmək onların psixologiyasına da mənfi təsir edir”

H.Babayev müraciətində bildirir ki, hakim Əhməd Nurməmmədovun bu ədalətsiz və qanunsuz qərarı 17 dekabr 2018-ci ildə qəbul edilib: “Mən o zaman aliment işinin sanki uşaq məsələsinə bağlı olması məsələsini çox da ciddi qəbul etmədim, çünki uşaq məsələsi də artıq Ali Məhkəmənin icraatında idi. Mən Ali Məhkəmədə uşaq məsələsinin ədalətli həll ediləcəyinə çox inanırdım. Düşünürdüm ki, Ali Məhkəmə hakimləri nəhayət, insafa gələrək işin qanuni qüvvə almasına mane olmayacaqlar və yekun qərarla azyaşlı övladlarımı mənə verəcəklər. Lakin bu belə olmadı!”

H.Babayev qeyd edir ki, Ali Məhkəmədə uşaq məsələsi ilə bağlı məhkəmə iclası 12 iyun 2019-cu il tarixində keçirilib: “Yenə də heç bir əsas olmadan, mülki-prosessual pozuntu qeyd edilməyən bir işdə Ali Məhkəmənin hakimi Sənan Hacıyev uşaqla bağlı işi yenə də Bakı Apellyasiya Məhkəməsinə yenidən baxılması üçün göndərməsi barədə qərar qəbul etmişdir...

Axı belə olduğu halda sual əmələ gəlir: demək uşaqların yaşayış yerinin müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi illərlə məhkəmələrdə sürünəcək və sözügedən azyaşlı uşaqlar aliment pulu almayacaq? Bəs onlar bu illər ərzində yaşamalı deyillər? Onlar bu müddətdə yeməli, içməli, təhsil, təlim-tərbiyə almalı deyillər? Görəsən Əhməd Nurməmmədov mənim övladlarımın bu suallarına necə cavab verə bilər? Axı bu qərarla Əhməd Nurməmmədov uşaqların Qanunla qorunan mənafelərinə zidd olan bir qərar vermişdir. Bəs Sənan Hacıyev? Görəsən o, mənim övladlarımın gözünə baxaraq “Mən ədalətli qərar vermişəm” sözünü deyə bilərmi?

3aa

H.Babayev müraciətində qeyd edir ki, Ali Məhkəmənin hakimlərinin bu cür ədalətsiz və müəyyən mənada sifarişli görünən bu qərarları nəticəsində o və uşaqları mənəvi sarsıntı və iztirablar keçirirlər: “Uşaqları hər dəfə məhkəməyə gətirmək, psixoloji mərkəzlərə aparmaq, qəyyumluq və himayəçilik orqanına aparmaq, orada xoşlamadıqları məsələlər barədə söhbətlər aparmaq onların psixologiyasına mənfi təsir edir. Bunlar hamısı Fransada öz kefində olan “ana” Jalə Orucovanın cəhdlərinin nəticəsidir. Ali Məhkəmə hakimləri də Jalə Orucovanın tələblərini, sifarişlərini yerinə yetirirlər. Niyə hakimlər Parisi ailəsindən və Vətənindən üstün tutan qadını müdafiə edirlər?

“Jalə Orucova hazırda Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib… Fransada necə həyat tərzi sürür tam məlum deyil”

polis_idaresi_201015Halbuki, əvvəla, cavabdeh öz doğma övladlarını ataraq Paris kimi tamamilə fərqli dəyərlərə, əxlaq kriteriyalarına malik bir şəhərdə tək başına həyat sürməyi seçib.

İkincisi, son 5 il ərzində Azərbaycana yalnız və yalnız məhkəmədən məhkəməyə gəlib gedir, qeydiyyatı Məştağa qəsəbəsi olsa da ilin 340 gününü Azərbaycandan kənarda keçirir.

Üçüncüsü, uşaqlar nə yeyir, nə içir düşünmür, ad günlərinə hədiyyə almaması bir yana, bu illər ərzində cəmi 1-2 dəfə zəng edib.

Dördüncüsü, artıq 5 ildir ki, bu “ana”, baxmayaraq ki, mən fevral 2015-ci ildən aliment iddiası qaldırmış və hazırda aliment ödənişləri haqqında qətnamə icraatdadır, övladlarımızın saxlanması üçün bir qəpik də olsun köməklik etməyib”.

H.Babayevin sözlərinə görə, aliment ödəməməyin “dərdindən” Jalə Orucova son ildir ki (24 İyin 2018-ci ildən) heç ümumiyyətlə Azərbaycana gəlməyib: “Ötən müddətdə alimentlə bağlı yaranmış borca görə hazırda Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. Belə halda hakim Sənan Hacıyevin hansı qanuna söykənərək, uşaqla bağlı işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməsi barədə qərar qəbul etməsi mənim üçün qaranlıqdır. Yəni, hakim uşaqları Azərbaycanda yaşamayan, axtarışda olan belə bir qadına vermək istəyir?

Ən azı ona görə ki, Jalə Orucova Fransada nə həyat tərzi sürür, əxlaqi və psixoloji durumu, onun harada və hansı hüquqi status altında yaşaması bizə bu günə qədər tam məlum deyil. Vaxtı ilə qaçqınlıq statusu işlətmiş və sonralar nə baş verdiyi bəlli deyil…”

“Hakimlər “Uşaq hüquqları haqqında” Konvensiyanın müddalarını da pozub”

H.Babayev qeyd edir ki, yalnız mənəvi baxımdan deyil, həm də hüquqi baxımdan da Ali Məhkəmdə hakimlərin bu işlə bağlı verdiyi qərarlar düzgün deyil: “Məlum olduğu kimi Konstitusiyanin tələbinə görə, Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikası 21 iyul 1992-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasını ratifikasiya etmiş, 1993-cü ildə “Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsinə və digər mötəbər beynəlxalq aktlara qoşulmuşdur.

Həmin BMT-nin “Uşaq Hüquqları Haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən “Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən”.

“Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən, “İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.”
Lakin, görünür, Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədovun fikri yuxarıda qeyd edilənlərlə uyğun gəlmir. Ya da Əhməd Nurməmmədov səhv olaraq elə bir qənaətə gəlmişdir ki, uşaqlar 5 il ərzində ac və susuz qala bilərlər!”

“Nurməmmədovun çıxardığı qərar həm Konstitusiya Məhkəməsinin, həm də Ali Məhkəmənin Plenumunun verdiyi qərarlara da ziddir”

H.Babayev müraciətində onu da vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir: “Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü (Nigah hüququ) və 60-cı (Hüqüq və azadlıqların məhkəmə təminatı) maddələrində qeyd olunur ki, nigah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir… Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

referendum_iclasKonstitusiya Məhkəməsi Plenumunun 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.
Lakin, görünür Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədovun fikri yuxarıda qeyd edilənlərlə də uyğun gəlmir”.

H.Babayev daha sonra hakim Əhməd Nurməmmədovun çıxardığı qərarın həm Konstitusiya Məhkəməsinin, həm də Ali Məhkəmənin Plenumunun verdiyi qərarlarla da ziddiyyət təşkil etdiyini vurğulayıb: “Konstitusiya Məhkəməsi Plenumunun 27.01.2015-ci il qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, “Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir”.

Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə, valideynlərdən aliment sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

plenum-18_01_2019_1Ali Məhkəmənin Plenumunun 28 mart 2016-ci il tarixli 8-2/2016 saylı “Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı”nda vurğulanmışdır ki, “Nigahın pozulması və aliment tələbinə dair işə baxılması ər-arvada barışıq üçün vaxt verilməsi ilə əlaqədar olaraq təxirə salındıqda məhkəmə cavabdehin uşağın saxlanmasında iştirak edib-etmədiyini aydınlaşdırmalı və əgər cavabdehin bu vəzifəni yerinə yetirmədiyini müəyyən edərsə Ailə Məcəlləsinin 101-ci maddəsinin tələbinə müvafiq olaraq mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək alimentin müvəqqəti tutulması barədə qərar da çıxara bilər. Bu qərar da dərhal icra edilir və şikayət verilməsi onun icrasını dayandırmır”. Göründüyü kimi, AR-nın Ali Məhkəməsi Plenumunun bu qərarı azyaşlı uşaqların mənafeyinə tam uyğundur.
Bəs görəsən Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədov həmin Plenumun iclasında harada idi? Nəyə görə mənim övladlarımın hüquqlarını tapdalayır?”

“Əhməd Nurməmmədov tərəfindən verilmiş qərar uşaqlarımın mənafelərinə zidd olduğundan etibarsiz hesab edilməlidir”

Копия (2) 1aaDaha sonra H.Babayev müraciətində bildirir: “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsi təmin edilməlidir.Konvensiya uşaq hüquqları ilə valideynlərin hüquqlarının toqquşacağı təqdirdə, azyaşlıların hüquqlarına üstünlük verilməsi ilə bağlı tələblər həm də aliment öhdəliyinin yerinə yetirilməsi üçün uşaqların müdafiəsinə yönəlib.
Eyni zamanda bildirirəm ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
Həmin Qanunun 5-ci maddəsinə əsasən, “Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.”

Lakin Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədov öz qərarında MPM-nin 254.1.4-cü maddəsinə əsaslanaraq hesab etmişdir ki, uşaqların hansı valideynin yanında qalması məsələsi həll edilməyənə qədər alimentlə bağlı mülki işə baxmaq mümkün olmadığından iş üzrə icraat dayandırılmalıdır…
Bu cür yanaşma mənim azyaşlı övladlarımın yuxarıda sadalanan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını, Azərbaycan Respublikasının Konstitusiyasını, “Uşaq hüquqları haqqında” Qanunun yuxarıda göstərilən maddələrinin kobud və bağışlanmaz şəkildə pozulmasıdır.
Axı burada zərbə azyaşlı uşaqlara vurulur!
Və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsində göstərildiyi kimi, “Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır”.
Ona görə də, ümumiyyətlə, Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov tərəfindən verilmiş bu qərar uşaqlarımın mənafelərinə zidd olduğundan ETİBARSIZ hesab edilməlidir”.

Son illər ölkənin ədliyyə sistemində aparılan məhkəmə-hüquq sistemində islahatlara, Avropa dövlətləri ilə aparılan müzakirələrə diqqəti çəkən H.Babayev bu istiqamətdə uşaq hüquqlarına diqqət yetirilməsinin vacib olduğunu vurğulayır:
“Bildiyiniz kimi, faktiki olaraq bütün Avropa dövlətlərində nigahın pozulması məsələlərində birmənalı olaraq “əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir”. Başqa sözlə, sadalanan BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası birmənalı tətbiq edilir, valideynlər ayrı-ayrı yaşayan gündən uşağı saxlayan valideynin xeyrinə digər valideyndən aliment tutulur. Fərq etməz ki, uşaqlarla bağlı məhkəmə prosesləri bitib yaxud hələ yox, uşağı saxlayan valideynə aliment verilməlidir. Əgər sonralar məhkəmə uşaqları digər valideynə verərsə, həmin gündən etibarən o biri valideyn aliment verməyə başlayır.
Bu cür yanaşmanı hörmətli Bakı Apellyasiya Məhkəməsinin hakimi xanım Vüsalə Baxışova öz 2(103)-80712018 saylı 31.07.2018-ci il tarixli qətnaməsində yazmışdır. O demişdir: “Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, uşaqların saxlanması üçün bir valideyndən digərinin xeyrinə aiment tutulmasını müəyyən edən qətnamə yalnız uşaqlar xeyrinə aliment tutulmuş valideynin yanında saxlandıqları dövr üçün qüvvədə olur. Məhkəmə qətnaməsi ilə uşaqlar həmin valideyndən alınaraq digər valideynə verildikdə alimentlə bağlı qətnamənin hüququ qüvvəsini itirir.”

Və bu fikir tamamı ilə doğru olub azyaşlı uşaqların qayğısına qalan bütün dövlətlərdə tətbiq edilir.

Lakin Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov öz qərarında MPM-nin 254.1.4-cü maddəsinə əsaslanaraq hesab etmişdir ki, uşaqlar 5 il ərzində yemək yeməsə, paltar geyməsə, məktəbə getməsə də olar. Yəqin buna görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi xanım Vüsalə Baxışovanın qərarını yenidən baxılması üçün geri qaytarıb…. Halbuki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan uşaqlar ata və anaları tərəfindən saxlanılmağa borcludur. Eyni zamanda nigahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər, atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Və MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra edilməlidir…”

H.Babayev müraciətində onu da qeyd edir ki, o övladlarımın hüquqlarının pozulması haqqında nəinki Azərbaycanda mübarizə aparıb, eyni zamanda bu haqda məlumatları onu Fransa Dövlətində təmsil edən Beynəlxalq Hüquq üzrə Elmlər Doktoru, BMT-nın “İnsan Hüquqları” komitəsinin üzvü, Avropa İnsan Hüquqları Məhkəməsinin vəkili William Woll cənablarına da göndərib. Vəkil William Woll beynəlxalq aləmdə yaxşı tanınsa da, H.Babayev məsələnin Azərbaycanda ədalətli həll olunacağına inamını itirməyib: “İnanıram ki, ölkə rəhbərliyinə müraciətimdən sonra, məsələ öz doğma Vətənimdə ədalətli və qanunauyğun həll olunacaq”.

“Hörmətli Prezident, işə qanunauyğun və ədalətli baxılmasının təmin edilməsi barədə tapşırıq verməyinizi Sizdən xahiş edirik”

H.Babayev müraciətinin sonunda ölkə Prezidentindən işin nəzarətə götürülməsini xahiş edir:
“Hörmətli Prezident, Sizdən xahiş edirəm ki, bütün halları və qanunun pozuntusunun dərəcəsini nəzərə alaraq Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədovu intizam məsuliyyətinə cəlb edilməklə töhmət verilməsi barədə müvafiq göstərişlər verəsiniz.
Bundan əlavə hakim Əhməd Nurməmmədovun sədrliyi ilə Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş 2(102)-8300/2018 saylı 17 dekabr 2018-ci il tarixli qərarı BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını, Azərbaycan Respublikasının Konstitusiyasını, “Uşaq hüquqları haqqında” Qanunun yuxarıda göstərilən maddələrinin kobud şəkildə pozulması qeyd edilərək etibarsiz hesab edilməsi barədə müvafiq göstərişlər verməyinizi Sizdən xahiş edirəm.
Hörmətli Prezident, eyni zamanda övladlarımla birlikdə Sizdən xahiş edirik ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi xanım Şeyda Məhərrəmovanın icraatında olan alimentlə bağlı mülki işə qanunauyğun və ədalətli baxılmasının təmin edilməsi barədə tapşırıq verəsiniz.”

Sonda H. Babayev bir daha Prezident İlham Əliyevin bu yaxınlarda söylədiyi fikirləri xatırladıb: “Məhkəmələrin qərarları ədalətli olmalıdır… Ədalət pozulduqda, əlbəttə ki, həm narazılıq yaranar, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər…”.

Müraciətdə qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

R. Əliyev
AzPolitika.info