Zahid Orucun rəhbərlik etdiyi Mərkəz bu dövlət qurumlarının “təftiş”inə başladı - SİYAHI

12:52 11-07-2019 515

Deputat Zahid Orucunun rəhbəri olduğu Sosial Tədqiqatlar Mərkəzi dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinə dair jurnalistlərin və digər maraqlı tərəflərin fikirlərinin müxtəlif istiqamətlərdən öyrənilməsilə bağlı sorğu hazırlayıb.

Modern.az-ın məlumatına görə, 36 dövlət qurumu ilə bağlı anket sorğuda onların mətbuat xidmətlərinin fəaliyyətinə dair 12 sual ünvanlanıb.

Suallar “Hökumət qurumlarının mətbuat xidmətlərinin fəaliyyəti sizi nə dərəcədə qane edir?”, “Sizcə, hökumət qurumlarının saytlarında informasiya hansı tezliklə yenilənir?”, “Sizə lazım olan informasiyanı hansı qurumlardan nə dərəcədə rahatlıqla tapa bilirsiniz?”, “Hökümət qurumlarının mətbuat xidmətlərinə hansı tezliklə müraciət edirsiniz?”, “Əsasən, hansı hökumət qurumlarının mətbuat xidmətlərinin məlumatlarından istifadə edirsiniz?”, “Öz təcrübənizdən çıxış edərək, aşağıdakı meyarlar üzrə hökumət qurumlarının mətbuat xidmətlərini qiymətləndirin - ən operativ, ən çevik və informasiyanın şəffaflığına görə 3 ən şəffaf qurum”, ““Dövlət qurumu öz fəaliyyəti barədə vətəndaşların şikayət və təkliflərini sosial şəbəkələri izləyərək rahatlıqla öyrənə bilər”. Bu fikirlə nə dərəcədə razısınız?”, “Hökumət qurumlarının mətbuat xidmətlərinin sosial şəbəkələrdən istifadəsini aşağıdakı meyarlar üzrə qiymətləndirin”, “Sizcə, aşağıdakı hökumət qurumlarının mətbuat xidmətləri vətəndaşların informasiyaya dair sorğularına, müraciətlərinə və ya şikayətlərinə nə dərəcədə tezliklə reaksiya verir?”, “Sizcə, hansı qurumların mətbuat xidmətləri qurumun fəaliyyəti barədə ictimaiyyəti kifayət qədər məlumatlandıra bilmir?”, “Son 1 ildə cəhd etdiyiniz, ancaq mətbuat xidmətindən heç faydalana bilmədiyiniz qurumlar hansılardır?”dan ibarətdir.

Sorğuda iştirak zamanı məxfliyin qorunması üçün ad soyadın qeydi tələb olunmur.

Sorğu ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://docs.google.com/forms/d/1_1shQekJk818fe5s1oZ9Xj2U0gtiV0D4S7YlGlzs6Ok/viewform?ts=5d1f5467&edit_requested=true

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Fərmanı ilə yaradılıb.


Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.

Prezident İlham Əliyev 11 fevral 2019-cu il tarixində deputat Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.


Zahid Oruc 1972-ci ildə Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1989-194-cü cu illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb.

Ali təhsili başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda elmi işçi kimi çalışıb.
1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib.

1999-2000-ci illərdə “Ana Vətən” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

2001, 2005, 2010, 2015-ci illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III, IV və V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.