Səfir FETÖ ilə bağlı şok detalları açıqladı

15:31 12-07-2019 27

Bu gün FETÖ terror təşkilatına dəstək verən ölkələr bilməlidirlər ki, gələcəkdə bu təşkilat həmin dövlətlər üçün də ciddi təhlükəyə çevriləcək. Fətullah Gülən və tərəfdarlarının yalnız bir fəaliyyət üsulu var. Onlar fəaliyyət göstərdikləri ölkələrdə əhatə dairələrini genişləndirərək həmin ölkələrin idarəetmə sisteminə müdaxilə edirlər. FETÖ-nü qoruyan ölkələr bu təhlükəni nəzərə almalıdırlar.

Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral Azərtac-a müsahibəsində deyib. Diplomat qeyd edib ki, Fətullahçı terror təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişi cəhdi törətməsindən üç il keçir. Ötən üç il ərzində FETÖ-nün dövlət çevrilişi cəhdləri ilə bağlı xeyli faktlar aşkarlandı, terror təşkilatının dövlətin hansı strateji nöqtələrində yer aldığı müəyyən olundu. FETÖ Türkiyədə hakimiyyəti ələ keçirmək üçün qırx il ərzində gizli fəaliyyətlə məşğul olub. Ancaq terrorçular qarşılarında heç vaxt duruş gətirə bilməyəcək qüvvə ilə - türk xalqı ilə qarşılaşdılar. Öz liderinin – Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra küçə və meydanlara axışan türk xalqı terror təşkilatının dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı və demokratiyaya sadiqliyini nümayiş etdirdi. Həmin gecə Türkiyə terrorla mübarizədə 251 şəhid verdi. 2016-cı il 15 iyul gecəsində türk xalqı növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu, Türkiyə və dünya tarixində mühüm yeri olan hadisədir.

FETÖ-nün öz niyyətini həyata keçirmək üçün xaricdən də dəstək aldığını vurğulayan səfir diqqətə çatdırıb ki, bu barədə faktlar məhkəmə proseslərində tam sübuta yetirilir: “Terror təşkilatının fəaliyyəti təkcə dövləti ələ keçirmək olmayıb. FETÖ xalqın dini etiqadından sui-istifadə edib, qırx il ərzində təhsil adı altında gənclərə təsir göstərərək özlərinə tərəfdar, mütəxəssis ordusu yetişdirib, onları yüksək vəzifələrə təyin etmək üçün müxtəlif üsullara əl atıb. Belə ki, imtahan suallarını oğurlayıb təşkilatın üzvlərinə verməklə onların müxtəlif dövlət qurumlarında, orduda və polis sistemində vəzifələrdə irəli çəkilmələrinə şərait yaradıblar.

Bununla yanaşı, terror təşkilatı ilə əlaqəsi olmayan şəxslərin tutduqları vəzifələrdən və ya imtahanlardan uzaqlaşdırılmalarına da nail olublar. Hazırlanan bu tərəfdarlar Türkiyədə hakimiyyəti ələ keçirmək əmrini icra etməyə başlayıblar. Bütün bu məsələlərlə bağlı hüquqi prosedur bu gün Türkiyədə davam edir, xeyli sayda terrorçu mühakimə edilərək layiqli cəzalarını alıb. Bununla da demək olar ki, terror təşkilatına sarsıdıcı zərbə vurulub.

Səfirin sözlərinə görə, Türkiyə FETÖ terror təşkilatı ilə mübarizəsini ölkədən xaricdə də aparır. Belə ki, Türkiyə dövləti əleyhinə təbliğat işinin aparılmasının qarşısını almaq üçün dövlətin müvafiq qurumları terror təşkilatının xaricdəki maliyyə hesablarının dondurulması üçün fəaliyyət göstərir. Bundan başqa, təşkilatın yeni kadrların hazırlanması üçün istifadə etdiyi məktəblərin bağlanması işi aparılır. Belə ki, bəzi ölkələrdə FETÖ-yə məxsus təhsil ocaqlarının bir hissəsinin fəaliyyəti dayandırılıb, digərləri isə Türkiyə Maarif Fondunun tərkibinə verilib. Bundan başqa, terror təşkilatına bağlı olan müəyyən şəxslər var ki, onlar iş adamı adı altında xarici ölkələrdə fəaliyyət göstərirlər. Türkiyə dövləti bu təşkilat üzvlərinin qurduğu dərnəklərin bağlanması üçün tədbirlər görür. FETÖ ilə mübarizədə Türkiyəyə ən böyük dəstəyin Azərbaycandan gəldiyini deyən E.Özoral bildirib ki, Azərbaycan FETÖ ilə mübarizədə digər ölkələrə nümunədir. Həmin gecə azərbaycanlı qardaşlarımız Bakıda Türkiyə səfirliyinin qarşısına gələrək bizə dəstəklərini ifadə etdilər. Bu dəstək bu gün də eyni qətiyyətlə davam etdirilir. Səfir bu dəstəyə görə dövləti adından Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Səfir müsahibəsində Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən də danışıb. O, qardaş ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirib ki, həyata keçirdiyimiz birgə layihələr dünyada böyük rezonans yaradır. Məsələn, ötən dövr ərzində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Keçən ilin iyununda Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılışı oldu. Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkəni deyil, eyni zamanda, Şanxay və Londonu birləşdirir. Çindən Avropanın istənilən ölkəsinə daşınan yük gəmi yolu ilə 70 gün ərzində gedib çatır. Ancaq bu dəmir yolu vasitəsilə proses 10-11 gün ərzində mümkün olacaq. Bununla yanaşı, bu dəmir yolu turizmin inkişafına da müsbət təsir edəcək. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması da həyata keçirilir. Ərkan Özoral əlavə edib ki, Türkiyə Azərbaycanın turizm sektorunun inkişaf etdirilməsi üçün göstərdiyi dəstəyi artırır. TİKA da daxil olmaqla Türkiyənin əksər müvafiq qurumları turizm sektoru üçün kadrların hazırlanmasına dəstək göstərdi. Bundan başqa, Türkiyə Azərbaycan turizminə investisiya qoyması üçün türk iş adamlarını bu sahəyə cəlb edir.

Səfir Azərbaycandakı multikulturalizm ənənələrindən də bəhs edib. O qeyd edib ki, bu günlərdə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpozium Azərbaycan dövlətinin tolerantlığa göstərdiyi diqqətin sübutudur. Diplomat əlavə edib ki, Azərbaycan fərqli dinlərin və millətlərin coğrafiyası olsa da, dünyaya sülh və sabitliyin qorunduğu bir məkan kimi nümunədir. Dünya dövlətləri bu təcrübədən istifadə etməlidir.