“Silk Way Holding”ə qarşı prosesdə qərar elan olunub – “Bu ədalətsiz qərardan Prezidentə şikayət edəcəyik…”

14:57 07-08-2019 24

Avqustun 6-da Bakı Apellyasiya Məhkəməsində “Məhəmmədəli” firmasının 2 saylı İnzibati-İqtisad Məhkəməsinin qərarından verdiyi şikayət üzrə növbəti proses keçirildi. Şikayətə səbəb 2 saylı İnzibati-İqtisad Məhkəməsinin “Məhəmmədəli” firmasının “Silk Way Holding” MMC-yə qarşı qaldırdığı zərərin ödənilməsi üzrə iddianı təmin etməkdən imtina etməsi idi.

Qeyd edək ki, “Məhəmmədəli” firması ilə “Silk Way Holding” MMC arasında yaşananan mübahisənin səbəbi haqda “AzPolitika.info”da geniş yazı dərc olunduğundan və aşağıda qısaca məlumat veriləcəyindən təkrarlamaq istəmirik.

Bakı Apellyasiya Məhkəməsindəki proses isə hakim Valeh Ağayevin sədrliyi ilə keçirilirdi. Prosesdə iddiaçı tərəfdən “Məhəmmədəli” firmasının direktoru Ağamalı Baxşəliyev, onun həyat yoldaşı Zəminə Baxşəliyeva və firmanın işçiləri iştirak edirdilər.

“Silk Way Holding” MMC tərəfdən isə şirkətin hüquqşünası və nümayəndəsi prosesə qatılmışdı.

Proses açıq elan edildikdən sonra hakim bildirdi ki, ötən prosesdə “Silk Way Holding” MMC-nin nümayəndələri avadanlıqların Rusiya istehsalı olduğunu, “Məhəmmədəli” firması isə Avstriyadan aldığını bildirmişdi. Firma bunu təsdiq etmək üçün Avstriya şirkətinə sorğu verməyi tələb etmişdi. Hakim tərəflərdən bununla bağlı fikirlərini soruşdu.

aeroport

İddianı müdafiə edən Zəminə Baxşəliyeva bildirdi ki, artıq belə bir sorğuya ehtiyac yoxdur.“Mən özüm ötən həftələr ərzində səfirlik vasitəsilə avadanlıqları Avstriyadan aldığımızı təsdiqləyən məktubu əldə etmişəm”. Z. Baxşəliyava məktubu təqdim etdikdən sonra hakim çıxış üçün sözü ona verdi.

O, bildirdi ki, həyat yoldaşının yaratdığı firma 1999-cu ildə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (“AZAL” QSC) ilə bağladığı müqavilə əsasında Heydər Əliyev Beynəlxaq Aeroportunda əşyaların üzlənməsi, bükülməsi xidməti üzrə fəaliyyət göstərməyə başlayıb. Sonra bu xidmət “Silk Way Holding” MMC-yə verildiyindən, 2008-ci ildə onunla müqavilə bağlayıb. Ancaq 2009-cu ildə heç bir səbəb göstərmədən onları gecə ilə aeroportdan çıxmağa məcbur ediblər.

Zəminə Baxşəliyevanın sözlərinə görə, bu zaman heç bir Akt tərtib edilməyib. Onların xaricdən baha qiymətə alıb gətirdikləri avadanlıqlar məhv edilib: “Bununla bağlı əvvəllər “Silk Way Holding”ə dəfələrlə müraciət etsək də, deyirdilər ki, bu iş bizlik deyil. İndi isə gəlib burda oturublar. Cavab versinlər görək, mənim avadanlıqlarımı niyə bu günə qoyublar (fotoları göstərir-müəl.). Bu qədər allahsızlıq olmaz. Mən 2 saylı İnzibati-İqtisad Məhkəməsinin qərarının ləğv olunmasını, firmamıza, ailəmizə vurulan zərərin ödənilməsini tələb edirəm”.

“Silk Way Holding” MMC-nin nümayəndəsi isə bildirdi ki, “Məhəmmədəli” firması ilə bağlanmış müqaviləyə qanuna uyğun olaraq xitam verilmişdir: “Digər tərəfdən qanunvericiliyə görə əmlakla bağl iddianın qaldırılma müddəti 6 ildir. Bu vaxt isə keçib”.

MMC-nin nümayəndəsi həmçinin firma tərəfindən avadanlıqların sayı ilə bağlı düzgün məlumat verilmədiyini, bu işin heç bir perspektivi olmadığını bildikləri halda məhkəmələrdə onların vaxtlarını aldıqlarını bildirdi. Z. Baxşəliyevanın MMC-nin nümayəndəsinə verdiyi suallara isə o, həmin dövrdə “Silk Way Holding”də işləmədiyi üçün cavab verə bilməyəcəyini dedi.

Bundan sonra müşavirəyə getdiklərini elan edən hakim qayıtdıqdan sonra 2 saylı İnzibati-İqtisad Məhkəməsinin qərarını qüvvədə saxladığını elan etdi.

Qərarı ədalətsiz hesab edən Z.Baxşəliyeva hüqüqlarının müdafiəsi üçün ölkə rəhbərliyinə müraciət edəcəklərini bildirdi.

Rasim
AzPolitika.info