Paşinyan odla su arasında

15:43 07-08-2019 375

"Miatsum" şüarı sülh danışıqlarına son qoydu

Son zamanlar Ermənistan hökumətinin, xüsusilə də onun rəhbəri - baş nazir Nikol Paşinyanın davranışları Azərbaycan cəmiyyətində kəskin qıcıqlara səbəb olur. Hətta, ölkəmizdə bu addımları bir qədər bədiləşdirənlər belə fikir formalaşdırırlıar ki, ermənilər bizə meydan oxuyur, yanıq verir, biz isə susuruq. Bəli, bu doğrudan da belə görünür, çünki baş nazir Paşinyan Şuşanın işğalı günü gəlib orada "Yallı" gedir, avqustun 5-də isə işğal altında olan ərazilərimizdə bərpa edilən asma körpünü qədim Azərbaycan rəqs havası olan "Köçəri" sədaları altında rəqs edərək keçir. Sonra isə Xankəndidə keçirdiyi kütləvi mitinqdə 30 ildən bəri unudulan "miatsum" (birləşmək) ideyasını yenidən gündəmə gətirib. Belə ki, baş nazir mitinqdə söylədiyi alovlu nitqində bildirib: "Artsax (yəni Qarabağ) Ermənistanındır". Baş nazirin bu ifadəsinin ardınca isə kütlə "miatsum" şüarını uzun-uzadı təkrarlayıb. Əslində isə bu şüarın gündəmə gətrilməsi, Azərbaycanla Ermənistan arasındakı danışıqlara son qoyulması deməkdir. Paşinyanın indiyə qədərki sələflərinin hamısı "miatsum" ideyasından ilan ulduzdan qorxan kimi qorxub. Çünki bütün dünyada varlığını de-yure təsdiq etməyə çalışan  separatçılar yalnız müstəqillik ideyasından yapışaraq nicat tapacağına ümid edir.

Digər tərəflən, Paşinyan "miatsum" ideyasını ortaya atmaqla həm də özü-özünü təkzib edir. Belə ki, buna qədər Paşinyan münaqişənin nizamlanması istiqamətindəki bütün görüşlərdə "Dağlıq Qarabağ Respublikasının» müstəqil münaqişə tərəfi kimi tanınmasında israr edirdi, bu gün isə o "dqr"-in Ermənistanın tərkib hissəsi olduğunu bəyan edir. Bütün bu ölçüsüz görünən addımlar hardan qaynaqlanır, baş naziri belə kəskin döngələrə soxan nədir?

Əvvəl onu qeyd edək ki, Nikol Paşinyan hakimiyyətə Qərbin və ABŞ-ın dəstəyi və xalq hərəkatının etiraz dalğası üzərində gəlib. Xarici qüvvələrin dəstəyini xüsusi vurğulamaq lazımdır ki, Rusiyanın tam nüfuz dairəsinə daxil olan, ərazisində rusların geniş kantingentli hərbi bazası yerləşən bir ölkədə Moskvanın istəmədiyi şəxsin hakimiyyətə gəlməsi başqa cür mümkün deyildi. Burada görünəni odur ki, Paşinyanın hakimiyyətə gəlməsi beynəlxalq güclərin razlaşması nəticəsində baş verib. Hakimiyyətinin ilk 7-8 ayı ərzində Paşinyana elə gəldi ki, ölkəni demokratik prinsiplər əsasında idarə etmək mümkündür və Dağlıq Qarabağ problemini də elə bu prinsiplər çərçivəsində həll edib Ermənistan iqtisadiyyatını çiçəklənmə dönəminə çıxarmaq olar. Əslində, digər daxili və xarici təsirləri nəzərə almasaq, bu düşüncə normal təfəkürün nəticəsi olardı. Lakin Paşinyanın demokratiyaya əsaslanan daxili və xarici siyasi platforması onun nə dolarının (Qərb və Amerika), nə də mehriban düşməni olan Rusiyanın xoşuna gəlmədi.

Bununla yanaşı, Paşinyanın demokratik platformasında Dağlıq Qarabağ problemini danışıqlar yolu ilə kompromislər əsasında həll edilməsi variantı da yəqin ki, yer alıb. Amma müasir erməni cəmiyyətində Rusiyanın "ayı xidməti" sayəsində təbligat vasitəsi ilə elə mühit yaradılıb ki, əhali arasında Azərbaycana nifrət pik həddədir. Bu səbəbdən də cəmiyyətdə Azərbaycanla  normal danışıqlar aparan, Dağlıq Qarabağ probleminin həllində kompromislər barədə düşünən şəxs ölkə prezidenti olaraq duruş gətirə bilməz. Erməni cəmiyyətində azərbaycanlılara və türklərə qarşı nifrət aşlayan ciddi təbliğat bu gün də eyni güclə davam edir. Bu nifrət artıq o həddədir ki, ona qarşı çıxmağa heç bir erməni siyasətçisi cəsarət edə bilmir - bu nifrətə qarşı çıxan dərhal "vətən xaini" damğası ilə sıradan çıxarılır. Ermənilərin Azərbaycana qarşı nifrət kampaniyasının başında isə rəsmi Moskva dayanır. Hətta, bu gün erməni televizyalarında bu nifrəti dərinləşdirmək üçün nümayiş etdirilən video-çarxları da, Rusiya tərəfindən reklam kimi ən baha qiymətə maliyyələşdirir. Maliyyə sıxıntısı çəkən erməni televizyaları Rusiyadan belə reklam çarxları almaq üçün dəridən-qabıqdan çıxırlar. Lakin bu təbliğatın sonda nə ilə nəticələnəcəyi barədə heç kim düşünmür. Bəlkə də düşünür, amma nifrət edən kəsim o qədər çox və güclüdür ki, heç kim ona qarşı çıxmaq fikrinə düşmür.

Belə bir şəraitdə Paşinyan Qarabağ klanı ilə üz-üzə dayanıb. İqtidara ciddi müxalif mövqe sərgiləyən Qarabağ klanına qarşı Paşinyan elə bu klanın öz kartını ələ keçirməklə mübarizə aparmaq istəyir. Paşinyan artıq özünün demokratik platformasını bir kənara ataraq, sübut etməyə çatışır ki, mən Qarabağı sizdən daha çox sevirəm və onu Ermənistana birləşdirmək fikrindəyəm. Əlbəttə, bu taktikanın başlıca hədəfi Paşinyanın tərəfdarı olan Samvel Babayanı hakimiyyətə gətirməklə "dqr"-ı Qarabağ klanının əlindən almaqdır.

Beləcə, bu tarixi dönəmdən çıxan nəticə ondan ibarətdir ki, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, problemin sülh yolu ilə həlli mümkün deyil. Paşinyan dönəmindən çıxan dərslər də bunu bir daha təsdiqləyir. 

Akif Nəsirli