Bağlar təkcə ağaclardan asılmır

 

16:36 07-08-2019 35

Ürəklərdə də onun daimi yeri var

Ölkədə baş verən intihar halları son illərin az qala günlük statistikasına çevrilib. Bölgələrdə, istənilən rayon və kənd yerlərində insanlar canına qıymaqla, az, ya da çox yaşadığı dünya evinə vida edirlər. Onların intihar səbəbləri barədə yazmağın da mənası yoxdur daha. Çünki illərdir bu barədə yazsaq da, yazsalar da, fəqət yazılanlarla kimlərinsə bu yoldan əl çəkdiyinə şahid deyilik. Lakin müsbət nəticəni görənədək də, bu işi artıq mənasız sansaq da, yenə də yazacağıq, yazacaqlar - ta ki, özünəqəsd hallarına birdəfəlik son qoyulacaq.

İnsan öz iradəsi, istəyilə dünyaya gəlmədiyi kimi, öz qərarı ilə, özbaşına dünyanı tərk etməyin yasaq olduğunu anlayanacan deyəcəyik, danışacağıq, yazacağıq. Onlar bu addımı atırsa, biz də yerimizdə saymamalı, bir yerdə təpik döyməməliyik. Biz, yəni bütöv insan cəmiyyəti təklərə, təklənmiş, ailəsindən, çevrəsindən təcrid edilmişlərə əl uzatmağın, əl tutmağın, əldən tutmağın nə qədər asan olduğunu sübut edəcəyik. O zamana qədərsə, çalışmaq, çalışmaq, bəlalara qarşı çarpışmaq gərəkir.…

Özünəqəsd hallarının cavanlaşdığı, bu mənfur bəlanın qoca, gənc, uşaq yaşı bilmədən o yolu seçənləri çağırdığı son illərin intihar faktlarından bəllidir. Son günlərdə isə dalbadal baş verən intiharlar gənclərə seçim imkanının verilmədiyini ortaya qoyur. Ailələr minbir əziyyətlə boya-başa çatdırdığı övladlarını sanki öz əlləriylə intihara sürükləyirlər. Nə fərqi var ki, bunu dilləriylə demir, “Get özünü öldür” tələbi qoymurlar övladlar qarşısında. Oxumaq, sənət, peşə qazanmaq, özü istədiyi ailəni qurmaq arzularına çəkilən sədd deyilmi intihara açılan qapı?!

Ailələr üzərində iş aparılmalıdır daha. İnsanlar gənc yaşında özünəqəsd,intihar yolunu seçirsə, birbaşa valideynləri günahlandırmağın vaxtı çatıb bəlkə?! Çünki oxşar səbəblər və hadisələr baş verir son günlərdə. İntihar baş verir və ondan sonra qohum-əqrəbanın, bütün kənd-kəsəyin, qəsəbənin dilində qurbanın çox yaxşı, müsbət reputasiyalı bir gənc olduğu vurğulanır. Bunu deyən, vurğulayan sizlər, ağlayıb-sızlayan, vaysınan qohum-əqrəba, ailə üzvləri, yaxınlar, doğmalar, o gəncə lazım olanda, lazımi məqamda haralardaydınız? Axı belə hadisələr o qədər çoxalıb ki, hamı öz evində bu an, bu dəqiqə, hər gün, hər saat intihar adlı kabusun yeni qurban ovuna çıxdığının fərqində olmalıdır. O həyəcanı yaşamalıdır bütün ailə deyilən “kiçik dövlət”lər. Və intihar adlı kabusun hərəkətverici qüvvəsinin də özünün olduğunu unutmamalıdır!

Özünəqəsd halları, belə ağır vəziyyətlər o yolu seçən insanın beyninə xoş gün-saatdan, gözəl həyatdan dolayı gəlmir. Ətraf, ailə, mütləq kimsə belə hadisələrdə təkanverici olur. Son hadisələrdə də birbaşa bu səbəb-nəticə əlaqəsi müşahidə edildi. O zaman dönün özünüzə, ağlar gözünüzə, daha sonra boş qalan evinizə, övladınıza xoş-naxoş tale yaşadacaq kiminsə çırağının yanmadan sönməsinə, bütöv bir yurda baxın. Əlbəttə, kimsə özünə heç bir pisliyi, yaramazlığı arzulamaz. Lakin ən böyük pisliyi heç kimə deyil, birbaşa övlada etdiniz. Onu oxutmamaqla imtahana çəkməklə, seçdiyi kimləsə ailə qurmamaqla deyil, ona yad olmaqla, yanında olmamaqla, onu tanımamaqla, “bir gün belə bir addım atar” qorxusunu yaşamamaqla.…

Dostluq öncə evin içində başlayır, dostlar da orada yaşayır. Ailəsində dost axtarmayanların kənarda onu tapması və illərlə qoruması da mümkünsüzdür. Çünki qayğıkeşlik, anlamaq və bu kimi sözlərin əbədiyaşar qiymətindən güc alan insanlardır əbədi dost qazananlar. Heç övladınızın dostu olmağın, onunla qırılmaz, həmişəlik bağ yaradacağını düşündünüzmü?

Bağlar təkcə ağaclardan, onların ən möhkəm budağından asılmır, ürəklərdə də onun daimi yeri var. Yetər ki, qəlbində, ürəyində onu sənə ən əziz can parçan üçün saxlayasan. O bağdan yapışan övladın özünəqəsdə aparan yolda büdrəyəcəyi, dönüb mütləq səndən yapışacağı, çətin vəziyyətdə başqa yer, məkan axtarmayacağı şəksizdir.

…Kədər yaşlı gözlərinizi qapatmamaq üçün əlinizi xoş günlərdə sevincdən dolacaq gözünüzü silən əllərə uzadın.…

Nigar Vaqifqızı