ABŞ Paşinyana "səssiz sanksiya" tətbiq edib

12:06 08-08-2019 295

Son aylar keçirilən sosioloji rəy sorğularında Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqinin aşağı düşməsi onu ciddi şəkildə narahat etməkdədir.

Bu sözləri  açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Paşinyanın Xankəndidə səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, verdiyi sözlərin heç birinə əməl etməyən Nikol 5 gün əvvəl verdiyi bəyanatda günahı keçmiş liderlərin yarıtmaz dövlət quruculuğu siyasətində görmüşdü:

"İlyarım hakimiyyətdə olan şəxsin Ermənistanın bataqlığın içində olmasını və siyasi sistemin hələ uzun müddət durğunluq içində qalacağını bildirməsinin iki səbəbi var. Birincisi, xalq Nikoldan indiki vəziyyətdə sosial-iqtisadi inkişaf gözləməsin. İkincisi, Qərb Nikola kömək etsin".

Politoloq Qərbin Paşinyanı dəstəkləməməsinin səbəbləri haqqında da danışıb:

"Hakimiyyətə gələnədək tamamilə Soros fondundan asılı olan Nikol kürsüdə oturandan sonra Rusiya faktorundan yaxa qurtara bilməyəcəyindən əmin olaraq Kreml ilə münasibətləri daha da gücləndirdi. Bunu görən Vaşinqton faktiki olaraq Nikola qarşı onun xəyanətinə görə "səssiz sanksiya" tətbiq edib. Bəli, bir çox ekspertlərin dediyi kimi, Moskva yox, Vaşinqton-İrəvan münasibətlərində kifayət qədər problem vardır".

Z.Məmmədov Rusiya ilə Ermənistanı geosiyasi maraqların bağladığını bildirib: "Moskvada dövlət institutları arasında Ermənistanla bağlı kifayət qədər və ciddi fikir ayrılıqları var. Bu fikir ayrılıqları 2013-cü ildən sonra formalaşmağa başlamışdır. Hələlik, Kreml ənənəvi Cənubi Qafqaz siyasətinə sadiqdir. Bunun da nəticəsi olaraq, Paşinyanlı Ermənistan Sərkisyan hakimiyyətindən daha çox Rusiyadan istədiyi dividentləri artıq əldə etməyə başlamışdır. Yəni, kənardan göründüyündən fərqli olaraq, Paşinyan və Moskva arasında müxtəlif mövzular ətrafında, ən əsası Qarabağ klanı ilə bağlı fikir ayrılığı olsa da, ümümi mövzular ətrafında tərəflər həmfikirdilər.

Baharda Qarabağ separatçılarının "seçkiləri"nə qədər isə həm Qarabağ klanı, həm də Paşinyan komandası Lavrov vasitəsi ilə öz adamlarının hakimiyyətə gəlməsi uğrunda savaşa başlayacaqlar. Ümumiyyətlə, müasir Rusiya geosiyasətində Lavrov faktorunu unutmaq və ikinci dərəcəli etmək böyük səhv olardı. Aprel hadisələrindən bu tərəfə Cənubi Qafqazın iki münaqişədə olan ölkəsi və Moskva arasındakı iqtisadi məsələləri çıxmaq şərti ilə digər mövzularda o, çox böyük nüfuza malikdir".