“ÖLKƏ SİLKƏNƏCƏK, CİDDİ PROSESLƏR BAŞ VERƏCƏK…” – Hikmət Hacızadə

11:26 06-09-2019 45

“Rusiyanın sonluğunu çox acı görürəm. Narazıları susdurmaq üçün çox böyük, qanlı addımlar atmaq lazım olacaq”

Sentyabrın 8-də Rusiyada bələdiyyə və regional seçkilər keçiriləcək. Əsas diqqətlər Moskva Dumasına keçiriləcək seçkilərə yönəlib ki, bu seçkilərdə sistemdən kənar müxalifət kənarda qalıb. Bu da aylardır ciddi etirazlara səbəb olub. Şimal qonşumuzu etiraz dalğaları bürüyüb.

Artıq etiraz aksiyalarında saxlanılanlardan müxtəlif illər üzrə cəza alanlar da var. Bu da Rusiyada yeni siyasi məhbusların meydana çıxdığını göstərir. Ekspertlər bu faktordan Qərb dairələrinin istifadə edib Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyini ehtimal edirlər. Sentyabrın 8-dən sonra da şimal qonşumuzda narazılıqların səngiməyəcəyi qeyd olunur. Bunun da Rusiyada ciddi fəsadlar yaradacağı bildirilir.

Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə musavat.com-a açıqlamasında Kremlin sonunu acınacaqlı gördüyünü vurğulayıb: “Bu, Rusiya dövlətçiliyinin demokratiya yolunda növbəti uğursuzluğudur. Get-gedə Rusiya birpartiyalı sistemə çevriləcək. Bu sistem də ölkəni idarə edə bilməyəcək və sonda böhranlar, süqut baş verəcək. Rusiyanın sonluğunu çox acı görürəm. Bu ölkənin sovet dövrünə qayıtdığını demək olar. Moskva Dumasına seçkilərə müxalifəti buraxmadılar. Hamısını çölə atdılar. Hər bir ölkədə paytaxt əsasdır. Bunun üçün də Putin iqtidarı Moskva ilə bağlı belə qanunsuzluqlara əl atdı. Rusiya demokratiyası növbəti uğursuzluğunu yaşadı. Buna çox təəssüflənirəm. Bilmək lazımdır ki, Moskva unikal şəhərdir. 140-150 milyonluq Rusiyanın harasında ağıllı adamlar varsa, gəlib Moskvaya tökülüşürlər. Ora Rusiyanın beyni, ürəyidir. Əgər orada demokratiya uduzdusa, bu o deməkdir ki, başqa yerlərdə, regionlarda da demokratiya uduzdu. Çox pis oldu”.

Hikmət Hacızadə ile ilgili görsel sonucu

Sabiq səfir Rusiyadakı etiraz aksiyalarına da toxundu: “Rusiyada əvvəllər də siyasi məhbuslar var idi. Sadəcə, indi onların miqdarı çoxalır. Xüsusilə son aylardakı aksiyalar məhbusların sayını artırdı. Dünyada Rusiyanın imici onsuz da bərbaddır. Bu ölkəyə qarşı sanksiyalar tətbiq olunub, onun aqressiv xarici siyasətinə görə. Bu siyasət davam etdikcə, sanksiyalar daha da artacaq. Rusiya get-gedə təcrid olunacaq. Bu isə hökumətin süqutu ilə nəticələnəcək. İndiki bu dövlət birpartiyalı sistemlə idarə oluna bilməz. Vəziyyət belədir. XIX-XX əsrlərdə bu, mümkün ola bilirdi. Amma indi mümkünsüzə çevrilib.Rusiyanın, əfsus ki, sonunu süqut gözləyir. Siyasi məhbuslarla bağlı şimal qonşumuza qarşı yeni sanksiyalar tətbiq olunacaq. Siyasi  məhbuslar köhnə sanksiyalara da bəraət qazandıracaq. Əvvəllər sanksiyalar olanda müxtəlif fikirlər formalaşırdı ki, bu sanksiyalar düzdür ya yox, yaxud tətbiq edilsin, ya yox. Amma indi deyəcəklər ki, baxın, sanksiyalar düzgün imiş. Bunun üçün də sanksiyaların getdikcə genişlənəcəyini düşünmək olar”.

Politoloq narazılıqların seçkilərdən sonra da davam edəcəyini düşünür: “Proseslər bitən deyil. Orada çox inadkar bir kəsim yaranıb. Onlar radikallaşacaqlar. Onları susdurmaq üçün çox böyük, qanlı addımlar atmaq lazım olacaq. İnterneti bağlamaq, tərpənən adamların hamısını içəri salmaq, təşkilatları bağlamaq kimi üsullardan istifadə edilə bilər. Bu da rus iqtidarı üçün çox böyük bir biabırçılıq olacaq. Bu və ya digər formada yeni etirazlar gözlənilir. Orada qəhrəman adamlar var. Onlar danışacaqlar”.

H.Hacızadə Putinin iqtidardan devrilməsinin, hələ ki, mümkünsüz olduğunu söylədi:“Rusiyadakı narazı kütlənin Putin hakimiyyətini yıxmaq gücü yoxdur. Amma hökumət də narazı kütləni susdurmaq iqtidarında deyil. İkitirəlik bir sözlə yaranıb. Nə onlar bunu, nə də bunlar onları yıxa bilir. Rusiyada inqilabın baş verib-verməyəcəyini, hələ ki, heç kəs proqnozlaşdıra bilməyib. Mən də bunu deməkdə çətinlik çəkirəm. Amma ölkə silkələnəcək. Çox ciddi proseslər baş verəcək. İnqilabın olması üçün həm xalqın etirazı olmalıdır, həm də elita parçalanmalıdır. İndiki halda rus elitasının parçalanmasını görmürəm. Ola bilər ki, nə vaxtsa bu, baş tutsun. O zaman ciddi dəyişiklər ehtimalı çoxalacaq”.