“”AZƏRİŞIQ” KASIB VƏTƏNDAŞLARI SOYUR…” - “200 manat real dəyəri olan işə görə 1873 manat tələb edirlər”

11:25 11-09-2019 115

Bir neçə Ucar sakini “Azərişıq” ASC-nin fəaliyyətindən narazıdır. “AzPolitika.info”ya müraciət edən Ucar rayonu Boyat və Qaracallı kənd sakinləri bildirirlər ki, sözügedən qurum onların evlərinə elektrik xətlərinin çəkilməsi üçün fantastik məbləğlər tələb edir.

Şikayətçilər iddia edirlər ki, “Azərişıq” ASC-nin yerli idarəsi elektrik xətlərinin çəkilməsi işlərinin dəyərini şişirdərək, real bazar qiymətlərindən 10 dəfələrlə artıq smeta qiymətləri çıxarır. Bu isə kasıb əhalinin onsuz da ağır olan durumunu bir qədər də çətinləşdirir və nəticə etibarilə həmin məbləği ödəmək iqtidarında olmayan ailələri qaranlıqda qoyur.

1Məsələn, Boyat kənd sakini Alqayıt Qəhrəmanov iddia edir ki, onun evinə elektrik çəkilməsi üçün reallıqda 150 manatlıq avadanlığa ehtiyac olduğu halda, “Azərişıq” bundan 10 dəfə artıq məbləğ tələb edir: “Mövcud elektirik xəttindən evimizə qədər olan məsafədə lazım olan elektrik dirəyi və elektrik kabelini almaq üçün “Azərişıq” ASC-nin tələb etdiyi pul 10 dəfə şişirdilib. Dəyəri 150 manat olan elektrik avadanlıqlarının dəyərini 10 dəfə şişirdərək, smeta sənədi tərtib edirlər. Bu minvalla “Azərişıq” kasıb vətəndaşları soyur. Nəticədə, azyaşlı uşaqlarımızla qaranlıqda yaşamağa məhkum olunmşuq…”

8

230 manatlıq işə 2800 manat…

3Həmin kəndin digər sakini Məhərrəmov Mehman Qurban oğlu da bildirir ki, “Azərişıq” ASC-nin “səyləri” nəticəsində iki azyaşlı uşağın böyüdüyü ailəsi qaranlıqda qalıb: “Ailəmlə, iki azyaşlı uşağımla yeni inşa etdiyim mənzildə qaranlıqda yaşamağa məhkumam. Həmin mənzili fəhləliklə 6 ilə inşa etmişəm. Bir qarnı ac, bir qarnı tox yaşayırıq. ”Azərişıq” ASC evimdən elektrik dirəyinə qədər məsafəni saxtakarlıqla 800 metr qeyd edərək, elektrik xəttinin çəkilməsi üçün məndən 2800 manat pul tələb edir. Hansı ki, özüm lazım olan avadanlıqlarının bazardakı qiymətini soruşdum – cəmi 230 manat pul tutdu. İmkan versinlər həmin elektrik avadanlıqlarını özüm bazar qiymətinə alıb verim onlara, zəhmət haqqlarını da verim ki, indiki dövrdə qaranlıqda yaşamayaq…”

Ucar rayonu Qaracallı kənd sakini Lətifov Nazir Lətif oğlu da yeni inşa etdirdiyi mənzilinə “Azərişıq” ASC-nin tələb etdiyi fantastik məbləğə görə köçə bilmədiyini yazır: “Buna görə himayəmdə olan 3 azyaşlı uşağın rahatlığı pozulub. Yeni mənzilimizə köçüb yaşaya bilməməyimizin səbəbi isə elektrik xəttinin çəkilməsi üçün bizdən maya dəyərindən 10 dəfə artıq pul tələb olunmasıdır. Bakıda bazarda araba sürüb topladığım qəpik-quruşla kasıb formada bir mənzil inşa etdirdim ki, atama məxsus 13 nəfərin yaşadığı darısqal evdən çıxıb həmin mənzilə köçüm. Ancaq evimə elektrik xəttinin çəkilməsi üçün məndən 1873 manat 43 qəpik pul tələb olundu. Mövcud elektrik xəttindən evimə qədər olan məsafə 130 metr təşkil edir ki, buna görə 2 elektrik dirəyi və 130 metr kabel lazım olacaq. Bunların isə bazar qiyməti ümumilikdə 150 manat təşkil edir. Texniki işləri görən ustaların zəhmət haqqını da 50 manat hesablasaq, cəmi 200 manat edir. Belə olan halda 130 metr məsafədən evimə elektrik xəttinin çəkilməsinə görə məndən 1873 manat 43 qəpik istənilməsi açıq-aşkar qanunsuzluqdur. “Azərişıq” ASC öz əməllərini sığortalamaq üçün bu sənədin ASAN tərəfindən tərtib edildiyini bildirir. Lakin həmin smetanı onlar özləri tərtib edərək, ASAN-a göndərirlər…”

Sonda şikayətçilər mətbuat vasitəsilə ölkə başçısına və Mehriban xanım Əliyevaya müraciət edərək, bu qanunsuzluğa son qoyulmasını və evlərinə normal, reallığa uyğun qiymətlə elektrik xəttinin çəkilməsinin təmin olunmasını xahiş edirlər.

“AzPolitika.info” sakinlərin ittihamları ilə bağlı “Azərişıq” ASC-nin də mövqeyini dərc etməyə hazırdır.

Tahir
AzPolitika.info

123467